Kiriyenkonun Azərbaycan əməliyyatı küçəyə çıxdı – Moskva səfirliyimizin qapısında odla oynayır
Rusiya səmasından Yekaterinburqa, Solovyovun efirindən diplomatik obyektimizə uzanan təhlükəli xətt təsadüf deyil
Hamısını Kreml edir! Rusiya normallaşa bilmir. Nə daxildə, nə qonşularla, nə də dünya ilə normal münasibət qurmaları alınmır.
Moskvada Azərbaycanın diplomatik nümayəndəliyinə məxsus qonaq evinin qarşısında baş verən son təxribat Rusiya–Azərbaycan münasibətlərində yaranmış gərginliyin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir. Artıq söhbət yalnız televiziya studiyalarında səsləndirilən təhqirlərdən, Z-blogerlərin hədələrindən, Azərbaycana qarşı yazılan sifarişli məqalələrdən getmir. Həftələrdir Rusiya informasiya məkanında qızışdırılan anti-Azərbaycan kampaniyası avqustun 27-də Moskva küçələrinə çıxarıldı.
Naməlum şəxslər – sonradan onların Limonov Partiyası ilə əlaqəli nasional-bolşeviklər olduğu bildirildi – qonaq evinin qarşısında “Əlinizi Rusiya vətəndaşlarından çəkin!”, “Rus qanı sizin əlinizdədir!”, “DTX işgəncə verir, Əliyev himayə edir!” məzmunlu plakatlar yerləşdiriblər.
Məkan təsadüfi deyil. Zaman təsadüfi deyil. Şüarlar da təsadüfi deyil.
Bu aksiya Rusiya televiziyalarında, radio və internet kanallarında son həftələr ərzində Azərbaycan əleyhinə səsləndirilən ittihamların küçə dilinə çevrilmiş formasıdır. Əvvəl televiziya studiyasında Azərbaycanı hədələdilər, sonra Bakıya desant çıxarmaqdan danışdılar, Azərbaycan rəhbərliyinin fiziki məhvini müzakirə etdilər, indi isə diplomatik obyektimizin qapısına gəlib çıxdılar.
Mən bir qəzetçi və siyasətlə maraqlanan vətəndaş olaraq əminəm: bu informasiya kampaniyasının da arxasında Sergey Kiriyenko dayanır! Kremlin daxili siyasət üzrə əsas kuratoru, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, ölkənin sabiq baş naziri olan o məşhur provokator.
Mən bu dəfə də baş verənlərin bir neçə küçə marjinalının özbaşına təşkil etdiyi təsadüfi aksiya olduğuna inanmıram.
Çünki Rusiyanın necə idarə edildiyini bilirəm. Moskvada hakimiyyətin xoşuna gəlməyən beş nəfər bir plakatla küçəyə çıxsa, həmin plakat açılmamış polis orada olur. Müharibə əleyhinə təkadamlıq piketlər bir neçə dəqiqə ərzində dağıdılır. Kremlə qarşı yazılmış bir cümləyə görə insanlar saxlanılır, dindirilir, həbsə göndərilir. Belə bir ölkədə radikal qrupun xarici dövlətin diplomatik obyektinin qarşısına gəlib rahat şəkildə aksiya keçirməsi və anti-Azərbaycan şüarları nümayiş etdirməsi “hakimiyyətin xəbəri olmayıb” izahına sığmır.
İki variant var: ya Rusiya hakimiyyəti öz paytaxtında vəziyyətə nəzarət edə bilmir, ya da baş verənlərə bilərəkdən şərait yaradır.
Hər iki variant Moskva üçün biabırçıdır. İkinci variant isə daha təhlükəlidir.
Sergey Kiriyenko uzun illərdir Rusiyanın daxili siyasi sistemini, ictimai təşkilatları, seçki mexanizmlərini, dövlətin ideoloji layihələrini və informasiya siyasətini idarə edən əsas fiqurlardan biridir. Kremlin “ictimai təşəbbüs”, “müstəqil ekspert”, “vətənpərvər fəal” adı altında dövriyyəyə buraxdığı qrupların hansı şəraitdə hərəkət etdiyini də yaxşı bilirik. Lazım gələndə həmin adamlar dövlət televiziyalarına çıxarılır, lazım gələndə Telegram kanallarına göndərilir, lazım gələndə isə küçəyə buraxılır.
Rəsmi şəxs deməyə çətinlik çəkdiyi sözü “müstəqil ekspert” deyir. Dövlətin açıq şəkildə edə bilmədiyi təxribatı “ictimai fəallar” həyata keçirir. Sabah qalmaqal böyüyəndə isə Kreml rahatlıqla deyə bilir: “Bunlar dövlətin mövqeyini ifadə etmirlər”.
Kiriyenko sisteminin əsas xüsusiyyəti də budur.
Bundan əvvəl Azərbaycana qarşı təhqiramiz və təhdid dolu çıxışlar Semyon Uralovun “Çistota ponimaniya” proqramında səsləndirilmişdi. Uralov iddia etmişdi ki, guya 1991-ci ildən əvvəl SSRİ ərazisində doğulan hər bir insan Rusiyanın yurisdiksiyasına daxildir. Hətta açıq şəkildə belə bir məntiq irəli sürülmüşdü: “Sən Azərbaycan prezidentisən? Xeyr, sən SSRİ vətəndaşısan. Rusiya SSRİ-nin hüquqi varisidir və səni öz qanunları ilə mühakimə edə bilər”.
Bu, sadəcə hüquqi savadsızlıq deyil. Bu, Rusiyanın keçmiş sovet respublikalarının müstəqilliyini daxilən qəbul etmədiyini göstərən imperial düşüncənin açıq etirafıdır. Tərbiyəsizlik və həyasızlıqdır.
Rusiya SSRİ-nin bəzi beynəlxalq müqavilələr, maliyyə öhdəlikləri və BMT Təhlükəsizlik Şurasındakı yer üzrə hüquqi varisi ola bilər. Lakin bu varislik Moskvaya müstəqil Azərbaycan dövlətinin vətəndaşlarını, məmurlarını və prezidentini mühakimə etmək səlahiyyəti vermir.
Varislik hüququ dağılmış imperiyanın sərhədlərini və vətəndaşlarını geri qaytarmır.
Həmin proqramın digər iştirakçısı Aleksey Çadayev isə daha uzağa gedərək Xəzər donanmasının gücləndirilməsindən, Dağıstanın cənub sərhədlərində hərbi qüvvələrin hərəkətə gətirilməsindən və Bakıya desant əməliyyatının planlaşdırılmasından danışıb. Bu adam sıradan internet şərhçisi deyil. Rusiya dövlət strukturlarında çalışmış, Prezident Administrasiyası və “Vahid Rusiya” ilə əlaqələri olmuş, daha sonra Rusiya ordusu üçün döyüş dronları hazırlayan mərkəzə rəhbərlik etmiş şəxsdir.
Belə bir adamın Bakıya desant çıxarmaqdan danışması “şəxsi fikir” sayıla bilməz.
Bu, müstəqil dövlətə qarşı hərbi müdaxilə çağırışıdır.
Azərbaycan Baş Prokurorluğunun Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində cinayət işi açması, onların beynəlxalq axtarışa verilməsi tamamilə qanuni və əsaslandırılmış addımdır. Azərbaycan həmin şəxsləri tənqidi fikirlərinə görə deyil, terrora, zorakılığa, konstitusiya quruluşunun dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırdıqlarına görə təqib edir.
Rusiya isə burada da ikili standart tətbiq edir.
Moskvaya qarşı ən adi tənqid “ekstremizm” adlandırılır, Azərbaycana qarşı desant və fiziki məhvetmə çağırışı isə “jurnalist mövqeyi” kimi təqdim edilir. Rusiya XİN bir tərəfdən həmin şəxslərin fikirlərinin dövlət mövqeyi olmadığını bildirir, digər tərəfdən onları qoruyacağını bəyan edir və Azərbaycan mediasını “dost olmayan narrativlərdə” ittiham edir.
Terror çağırışı ilə həmin çağırışa verilən cavabı eyni tərəziyə qoymaq mümkün deyil.
Vladimir Solovyovun isteriyası da eyni mərkəzdən yayılan xəttin davamıdır. Solovyov efirdə soruşur ki, Azərbaycan niyə özünü belə inamlı aparır, niyə Rusiya vətəndaşlarını axtarışa verir, niyə Azərbaycan xarici işlər naziri Ukraynaya səfər edir? Daha sonra özü cavab verir: guya Azərbaycan Rusiyanın müharibədə məğlub olacağına inanır.
Solovyov və onun kimilərinin başa düşmək istəmədiyi sadə həqiqət budur: Azərbaycanın özünü inamlı aparması Rusiyanın məğlubiyyətinə ümid etməsindən deyil, Azərbaycanın artıq öz gücünə inanmasından qaynaqlanır.
Azərbaycanın xarici işlər naziri hansı ölkəyə səfər etmək üçün Moskvadan icazə almalıdır? Ukrayna ilə diplomatik münasibət qurmaq nə vaxtdan Rusiyaya qarşı cinayət sayılır? Azərbaycan öz dövlət quruluşuna və rəhbərliyinə qarşı terror çağırışı edən şəxsləri hansı səbəbdən cəzasız buraxmalıdır?
Bu sualların cavabı yoxdur. Yalnız imperiya refleksi var.
Rusiya qonşularını müstəqil tərəfdaş kimi deyil, mərkəzdən idarə edilməli keçmiş əyalətlər kimi görməkdə davam edir. Moskvanı qəzəbləndirən də Azərbaycanın Rusiyaya düşmən olması deyil. Moskvanı qəzəbləndirən Azərbaycanın artıq heç kimdən icazə almamasıdır.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ən azı 96 Rusiya xəbər portalı, Telegram və YouTube kanalının milyonlarla auditoriyaya Azərbaycanı “dost olmayan dövlət” kimi təqdim edən tezislər yaydığını bildirib. Bu rəqəm özü kampaniyanın miqyasını göstərir. Bir-birindən xəbərsiz 96 media resursunun eyni vaxtda eyni sözlərdən, eyni ittihamlardan və eyni düşmən obrazından istifadə etməsi mümkün deyil.
Bu, təsadüf deyil. Bu, texnologiyadır.
Mən hesab edirəm ki, həmin texnologiyanın siyasi koordinatoru Sergey Kiriyenkodur. Təbii ki, buna da prezident Putin icazə verir. Azərbaycana qarşı əvvəlcə media fonu yaradılır, sonra təhdid səsləndirilir, daha sonra “ictimai narazılıq” görüntüsü hazırlanır və proses küçəyə çıxarılır. Moskvadakı son aksiya da bu zəncirin növbəti halqasıdır.
Azərbaycan XİN baş verənləri haqlı olaraq qətiyyətlə pisləyib. Rusiya tərəfdən hadisəyə hüquqi qiymət verilməsi, hərtərəfli araşdırma aparılması, təxribatçıların müəyyənləşdirilməsi və belə halların təkrarlanmaması üçün tədbirlər görülməsi tələb olunub.
Bakı eyni zamanda Moskvaya 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini xatırladıb. Həmin Konvensiyaya görə, qəbul edən dövlət diplomatik nümayəndəliyin binalarını basqından, zərərdən, asayişin pozulmasından və nümayəndəliyin ləyaqətinin alçaldılmasından qorumağa borcludur.
Bu, xahiş deyil. Rusiyanın beynəlxalq öhdəliyidir.
Rusiya səfirliyi və onun əməkdaşları Bakıda qorunursa, Azərbaycanın səfirliyi, qonaq evi və diplomatları da Moskvada eyni səviyyədə qorunmalıdır. Beynəlxalq hüquq qarşılıqlıdır. Moskvanın özünə tələb etdiyi təhlükəsizliyi başqasına verməmək hüququ yoxdur.
Üstəlik, bu, ilk təhlükəsizlik problemi deyil.
Azərbaycan səmasında yox, məhz Rusiyanın hava məkanında AZAL təyyarəsi vuruldu. Yekaterinburqda azərbaycanlılar amansız zorakılığa məruz qaldılar, insanlar həyatlarını itirdilər. Rusiyanın müxtəlif şəhərlərində etnik mənsubiyyətə əsaslanan basqılar həyata keçirildi. İndi isə paytaxt Moskvada Azərbaycan diplomatik obyektinin qarşısında təxribat təşkil olunur.
Belə çıxır ki, Rusiyanın nə səması təhlükəsizdir, nə torpağı, nə paytaxtı, nə də diplomatik obyektlərə münasibəti beynəlxalq normalara uyğundur.
Rusiya başqa ölkələrə təhlükəsizlik dərsi keçir, amma öz səmasında sərnişin təyyarəsini qoruya bilmir. Başqa dövlətlərdən vətəndaşlarının hüquqlarına hörmət tələb edir, amma öz ərazisində azərbaycanlıların hüquqlarının tapdanmasına göz yumur. Diplomatik toxunulmazlıqdan danışır, amma Moskvanın mərkəzində xarici dövlətin diplomatik obyektinə qarşı təxribatın qarşısını almır.
Bütün bunlar Rusiyanın daxilindəki ağır vəziyyət fonunda baş verir.
Ukrayna müharibəsi artıq beşinci təqvim ilinə daxil olub. Müharibənin insan, iqtisadi və psixoloji yükü artır. Rusiyada yeni səfərbərliyin mümkünlüyü barədə məlumatlar yayılır. Qərb mənbələri ölkənin müxtəlif bölgələrində səfərbərlik hazırlıqlarının yoxlanıldığını yazırlar. Qərarın verilib-verilmədiyi məlum deyil, lakin qorxu artıq cəmiyyətə yayılıb.
Rusiya vətəndaşlarının Gürcüstan banklarına köçürdüyü rubl vəsaitlərinin həcmi artır. “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində hərəkət intensivləşir. Ermənistan mümkün səfərbərlikdən qaçacaq Rusiya vətəndaşlarını qəbul etməyə hazır olduğunu bildirir. İnsanlar internetdə ölkədən çıxış yolları axtarırlar.
Ruslar müharibədən yorulublar. Müharibə artıq ucqar bölgələrin kasıb ailələrinin deyil, Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərin də qapısını döyməyə başlayır.
Belə bir vaxtda Kremlin köhnə üsulu işə düşür: daxildə narazılıq artırsa, xaricdə yeni düşmən yarat.
Bir gün Ukrayna, bir gün Qərb, bir gün Moldova, bir gün Ermənistan, indi də Azərbaycan.
Lakin Azərbaycan Rusiya cəmiyyətinin daxili problemlərini örtmək üçün istifadə ediləcək dövlət deyil. Azərbaycanı hədələməklə Rusiyadakı səfərbərlik qorxusu yox olmayacaq. Solovyovun qışqırması iqtisadi problemləri həll etməyəcək. Kiriyenkonun media əməliyyatları müharibənin qiymətini aşağı salmayacaq.
Azərbaycan Rusiya ilə normal, qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərdə maraqlıdır. Bakı münasibətləri dağıtmaq istəmir. Amma həmin münasibətlərdən imperiya əlavəsinin çıxarılmasını tələb edir.
Əməkdaşlıq olar, tabelik olmaz.
Tərəfdaşlıq olar, diktə olmaz.
Qonşuluq olar, təhdid olmaz.
Moskva bunu nə qədər tez qəbul etsə, həm Rusiya, həm də region üçün bir o qədər yaxşı olar. Əks halda, Azərbaycana qarşı hər yeni informasiya hücumu, hər yeni təxribat və hər yeni təhdid Bakını Rusiyadan bir qədər də uzaqlaşdıracaq.
Azərbaycanı zorla öz orbitində saxlamaq istəyənlər sonda həmin orbiti tamamilə itirəcəklər.
Dövlət öz paytaxtında diplomatik nümayəndəliyi qoruya bilmirsə, zəifdir. Qoruya bildiyi halda qorumursa, məsuldur.
Moskva indi bu iki ağır cavabdan birini seçməlidir.
ŞƏRHLƏRŞƏRH YAZ