İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı politoloq Paşinyanın planını açıqladı

Rusiyalı politoloq, Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Semenovski Ermənistan hakimiyyətinin xarici siyasət kursunu sərt şəkildə tənqid edərək, Nikol Paşinyan hökumətinin münasibətləri şaxələndirmək deyil, ölkəni Rusiyadan Qərbə doğru istiqamətləndirmək siyasəti apardığını iddia edib.

Musavat.com bildirir ki, Semenovski bu barədə erməni mediasına açıqlama verib.

Semenovskinin fikrincə, Ermənistanda seçkilərdən və hökumətin formalaşdırılmasından sonra İrəvan Rusiya ilə ikitərəfli münasibətlərdə əvvəlki xəttini davam etdirəcək.

“Ermənistan diversifikasiya deyil, əsaslı şəkildə yenidən istiqamətlənmə kursunu davam etdirəcək. Məqsəd Avropa İttifaqına və onunla əlaqəli strukturlara daxil olmaqdır”, – rusiyalı ekspert iddia edib.

O, Paşinyanı “siyasətlə deyil, siyasi oyunbazlıqla məşğul olmaqda” ittiham edib və Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərini buna nümunə göstərib.

Semenovski Ermənistan daxilində müxalifətə qarşı həyata keçirilən hüquqi tədbirləri də “siyasi təmizləmə” adlandırıb. O, Robert Köçəryan, Samvel Karapetyan, Qagik Tsarukyan və Serj Sarqsyan ətrafında gedən prosesləri, eləcə də Ermənistan Apostol Kilsəsi ilə hakimiyyət arasındakı qarşıdurmanı eyni siyasi xəttin tərkib hissəsi kimi təqdim edib.

Ekspertin iddiasına görə, Paşinyanın məqsədi müxalif siyasi meydanı mümkün qədər zəiflətmək və hakimiyyətinə qarşı müqaviməti aradan qaldırmaqdır.

Rusiyalı politoloq Ermənistanın Aİ-yə üzvlük perspektivinə də skeptik yanaşıb. Onun sözlərinə görə, Paşinyan üzvlük ərizəsinin nə vaxt təqdim ediləcəyini və prosesin konkret parametrlərini açıqlamayıb. Semenovski hesab edir ki, Ermənistan hakimiyyəti Aİ-yə üzvlüklə bağlı mümkün referendumu maksimum dərəcədə gecikdirməyə çalışacaq.

Lakin ekspert daha sonra Aİ-yə inteqrasiyanı Rusiya ilə viza rejiminin tətbiqi, aviareyslərin və siyasi-iqtisadi əlaqələrin dayandırılması, hətta LGBT siyasəti və Yaxın Şərq və Şimali Afrikadan miqrasiya kimi məsələlərlə əlaqələndirərək olduqca sərt ritorikaya keçib.

Semenovski sonda Ermənistan hakimiyyətini “iki stulda oturmağa” çalışmaqda ittiham edib.

“Bir tərəfdən Avrasiya İqtisadi İttifaqında qalmağa, digər tərəfdən Avropa İttifaqı ilə oynamağa çalışır. Amma təbii ki, ora qapı bağlıdır və Ermənistan qəbul növbəsində sonunculardan biri olacaq”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR