Onlayn ictimai-siyasi qəzet
Bir neçə il əvvəl Almaniyaya köçmüş keçmiş ANS-in aparıcısı, tanınmış jurnalist Tünzalə Rafiqqızı Musavat.com-a müsahibə verib, başına gələnlərdən danışıb.
Müsahibəni təqdim edirik.
– ANS bağlanandan sonra getdiniz. Yazırdılar ki, Almaniyadan siyasi sığınacaq istəmisiniz...
– Xeyr, bu, doğru deyil. Mən Almaniyaya siyasi sığınacaq almaq üçün getməmişəm. Qızım Zəhranın uşaqlıqdan böyrək problemi var idi. Azərbaycanda ona böyrək köçürülməsi əməliyyatı təklif olundu, amma nəticə ilə bağlı zəmanət vermədilər. Mən də Düsseldorf Universitet Klinikasına müraciət etdim. Onlar mənə bildirdilər ki, yeni texnologiyaları var və bəzi hallarda əməliyyatsız da problemi aradan qaldırmaq mümkündür. Mən Almaniyaya məhz buna görə getdim. Heç vaxt siyasi sığınacaq almaq niyyətim olmayıb. Düzdür, o dövrdə mənə qarşı müəyyən təzyiqlər var idi. İş üçün müraciət etdiyim yerlərdə məni qəbul etmirdilər. Açıq şəkildə deyirdilər ki, sizə hörmətimiz var, amma yuxarıdan göstərişlər var, ona görə sizi işə götürə bilmirik. Həmin dövrdə Əli Həsənovun sözü qılınc kəsirdi və ondan çəkinirdilər. Amma sonradan vəziyyət dəyişdi. Ramiz Mehdiyev və Əli Həsənovun təsiri zəifləyəndən sonra illər əvvəl yazdığım materiallar yenidən gündəmə gəldi. Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı yazan ilk jurnalistlərdən biri mən olmuşam. Elmlər Akademiyasında baş verənlər haqqında yazanda bir çoxları hələ parta arxasında otururdu. Sadəcə, o vaxt mənim arxamda duran olmadı. Mənə dəstək verən ANS idi, o da bağlandı. Ondan sonra isə heç kim mənə sahib çıxmadı. Həmin dövrdə çox çətinliklərim var idi, bunu açıq deyirəm.

– Bildiyim qədərilə, iki diplomunuz var, BDU-da jurnalistika təhsili, maliyyə sahəsində də təhsiliniz var. Almaniyada bu diplomlardan nə dərəcədə yararlana bildiniz?
– Əvvəla onu deyim ki, Avropada hər şey güllük-gülüstanlıq deyil. Ona görə də bura gələndə bütün bu çətinliklərdən keçdim. Bir dəfə demişdim ki, insanlar bura gəlirlər, amma dözə bilməyib geri qayıdırlar. Mən onları çox yaxşı başa düşürəm.
– Bəziləri deyir ki, mülklərini, qızılını satıb Almaniyaya gəliblər, sığınacaq istəyiblər. Amma sonradan dözməyib geri qayıdıblar. Səbəb nədir?
– Çünki həqiqətən də çətindir. Mənim vəziyyətim bir az fərqli idi. Almaniya hökuməti jurnalist fəaliyyətimi araşdırdı. Həqiqətən jurnalist olduğumu, bəzi adamlar kimi bir gündə qəzet və vəsiqə düzəldib gəlmədiyimi gördülər. Ona görə burada qalmağım çətin olmadı. Amma inteqrasiya məsələsi... Bəlkə də burada ən çətin inteqrasiya edən adamlardan biri mən olmuşam. Çünki almanca bilmirdim. İngiliscəm var idi, farsca bilirdim, rusca bilirdim, hətta universitetdə ərəb dili də oxumuşdum. Amma bunların heç biri Almaniyada işimə yaramadı. Almanca bilmirsənsə, burada sıfırın altındasan. Artıq 8 ildir buradayam. 8 gün deyil, 8 il. Alman dilini öyrənənə qədər, buranın qanunlarına, sisteminə inteqrasiya olunana qədər o qədər çətin dövrlər keçirdim ki... Həm psixoloji, həm də insan münasibətləri baxımından. Qarşına çıxan insanlar sənə dost kimi görünürlər, sonra baxırsan ki, qoynunda ilan bəsləyirsən. Hər cür insanla rastlaşdım burada. Amma mübarizəmi apardım. Düzdür, diplomlarım burada tanınır. Amma jurnalist kimi işləmək üçün almancanı almandan da yaxşı bilməlisən. Ona görə diplomlarımın burada faydasını görə bilmədim. Bir məsələni də deyim. Deyirlər ki, burada ayrıseçkilik yoxdur. Tam əksinə. Ayrıseçkilik var. Burada yaşayan həkimlər, mütəxəssislər, müxtəlif peşə sahibləri hansı çətinliklərdən keçirlər, bunu yaşamayan bilməz.
- Bəs Almaniyada yaşamaq, həyata tutunmaq üçün hansı işləri gördünüz?
– Hər şeydən keçdim. Süpürgəçi işlədim, ev təmizlədim, evlərdə ayaqyolunu belə təmizləyirdim. Heç birindən də utanmıram. Çünki namussuzluq etmədən gördüyüm hər iş mənim üçün halal idi. Önəmli olan övladımın ac qalmaması idi. Önəmli olan ayaqda dura bilmək idi. Mənim burada dayım yox idi, əmim yox idi, arxamda duran heç kim yox idi. Tək idim. Övladımı böyütməli idim. Ona görə də utanmadım. Süpürgəçilik də elədim, qab da yudum, yemək də bişirdim. Elə olub ki, səhər gedib ev təmizləmişəm, axşam isə kostyumumu geyinib, makiyajımı edib tədbirə qatılmışam. Kənardan baxanlar inanmazdı. Elə bilirdilər ki, bu qadın bir stəkan belə qaldıra bilməz. Amma bilmirdilər ki, mən həmin gün neçə ev təmizləyib gəlmişəm... Amma sonra gördüm ki, belə davam edə bilmərəm. Mənim bir peşəm olmalıdır. Hazırda burada tibbi ayaq baxımı sahəsində çalışıram. Almaniyada bunun ayrıca peşə kimi statusu var. Bakı Dövlət Universitetində oxuyanda bizə müəyyən tibbi hazırlıq dərsləri də keçirdilər. Sonra həmin istiqamət üzrə təhsil alıb burada tibbi ayaq baxımı ilə məşğul olmağa başladım. Eyni zamanda illərdir məşhur astroloqları izləyirdim. İngiltərədə, Almaniyada, Türkiyədə fəaliyyət göstərən tanınmış astroloqların kitablarını alıb oxuyurdum, dərslərini izləyirdim. Yəni bu sahəyə marağım var idi. Sonra qərara gəldim ki, bu işi daha ciddi öyrənim. Astroloji akademiyaya müraciət etdim və qəbul olundum. Sıfırdan başladım. Astronomiyadan, mifologiyadan və digər əsas mövzulardan keçdik. Addım-addım irəlilədim və indi artıq ixtisaslaşma səviyyəsinə çatmışam. 5 il oxudum, bakalavr səviyyəsini bitirdim. Hazırda ixtisaslaşma mərhələsindəyəm. Yəni magistr səviyyəsində öyrənirəm.

– Türk aparıcıların verilişlərində də tez-tez görürük sizi, astroloji məsləhətlər alırlar...
– Bəli. Televiziyadan mənə təklif etdilər ki, ayda bir-iki dəfə proqramlara qatıla bilərəm. Mən də qəbul etdim. Türkiyədə də, Avropada da bir çox tanınmış astroloqlar televiziya proqramlarında iştirak edir. Hazırda müxtəlif televiziya layihələrinə qatılıram, onlayn məsləhətlər də verirəm, "Instagram" üzərindən çıxışlarım olur, "Zoom" konfranslarına, seminarlara və müxtəlif tədbirlərə qoşuluram. Yəni bu fəaliyyətlə də məşğulam.
- Azərbaycanda da astroloqlar var, proqnozlar verilir. Çoxunun dediyi düz çıxmır. Sizcə, astroloji proqnozlar nə dərəcədə doğrudur?
– Çünki Azərbaycanda astroloq yoxdur. Əgər yaxşı astroloq baxırsa, mən deyərdim ki, 99 faiz doğrudur. Bir faizi ona görə saxlayıram ki, ən yaxşı cərrah belə əməliyyata 100 faiz zəmanət vermir. Amma yaxşı astroloq həqiqətən astrologiyanı bilirsə, nəticələr çox yüksək dəqiqliklə çıxır. Azərbaycanda isə astrologiyanın tam mənası ilə olduğunu düşünmürəm. Azərbaycanda astrologiyaya daha çox fal kimi baxırlar. Halbuki astrologiya fal deyil. Astrologiya çox ağır elmlərin birləşməsindən yaranan bir sahədir. Bunun içində astronomiya, riyaziyyat, fizika, kimya, biologiya, ədəbiyyat, xüsusilə də mifologiyanı bilməlisən. Düşünmürəm ki, bu gün Azərbaycanda bütün bu sahələri dərindən bilib peşəkar astroloji analiz verən adam olsun. Əlbəttə, insanların fərqli qabiliyyətləri ola bilər. Elələri var ki, öncədən hiss edir, yuxularında görür, güclü intuisiyaya sahibdir. Mən bunları inkar etmirəm. Amma bunlar astroloq olmaq demək deyil. Astroloq olmaq üçün doğum xəritəsini bilməlisən, hesablamaları bacarmalısan, planetlərin hərəkətini izləməlisən, saniyəsinə qədər hesab aparmalısan. Əgər bunları bilirsənsə, doğru nəticəyə gələ bilərsən. Yaxşı astroloq keçmişi də, bu günü də, gələcəklə bağlı tendensiyaları da görə bilir. Doğum xəritəsi hər insana məxsusdur. Hətta eyni anda doğulan uşaqların belə xəritələri tam eyni olmur. Necə ki, barmaq izi fərqlidir, doğum xəritələri də fərqlidir. Əvvəllər bütün hesablamalar əl ilə aparılırdı. İndi isə xüsusi proqramlar var. Biz həmin proqramlarla işləyirik. Amma proqramdan istifadə etmək üçün də ciddi hazırlıq lazımdır. Akademiyada bununla bağlı ayrıca dərslər keçmişik.
– Astroloji baxımdan nələri proqnozlaşdırırsınız?
– Bir insanın doğum xəritəsində onun xarakterindən tutmuş peşəsinə, münasibətlərinə, maliyyə vəziyyətinə qədər çox fərqli mövzular görünə bilir. Hansı sahədə daha uğurlu olacağı, hansı istiqamətdə inkişaf edə biləcəyi barədə müəyyən nəticələr çıxarmaq mümkündür. İyunun 9-da iki uğurlu planet birləşəcək. Ayın 7-dən təsirləri başlayacaq, 12-dək davam edəcək. İnsanların həyatında gözəl şeylər olacaq. Pul qazanacaqlar, müqavilələr imzalaya bilərlər, evliliklərini bu vaxta sala bilərlər.
İran-ABŞ savaşının bitdiyini deyirlər, xeyr. Mən belə görmürəm. Önümüzdəki ilin may ayına qədər bu müharibə davam edəcək. İyul ayından müharibə daha da qızışacaq.
İyunun 15-də Trampın doğum xəritəsində Günəş üzərində müəyyən təsirlər görünür. Yeni məsələlər ortaya çıxacaq. Epşteyn dosyesi ilə bağlı daha biabırçı olaylar üzə çıxacaq.
Avqustun 12-də Günəş tutulması gözlənilir.
İyul ayından başlayaraq Yunanıstanla Türkiyə arasında adalar problemi ortaya çıxacaq. Ən ağır dövrlər sentyabr, oktyabr və noyabr aylarında olacaq. Putin-Ukrayna məsələləri böyüyəcək.
Hörmüz məsələsində İran qazanacaq. Önümüzdəki aydan etibarən Çin də gəmilərini ora yığacaq.
– Bəs Ermənistanda seçkilər necə bitə bilər?
– Düzünü desəm, Ermənistanın xəritəsinə baxmamışam. Ermənistanın və Paşinyanın xəritəsini ayrıca açıb baxaram, sonra deyərəm.
Afaq Mirayiq,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ