İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşqabad türk birliyinə və Orta dəhlizə qarşı?

Türkmənistan strateji məsələlərdə nə “hə”, nə “yox” deyir; neytrallıq siyasəti bu ölkəni strateji layihələrdən uzaq salır

Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın 5-6 iyun tarixlərində Aşqabada səfəri çərçivəsində prezident Serdar Berdiməhəmmədovla əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat, logistika və enerji marşrutlarının şaxələndirilməsi ilə bağlı danışıqlar aparılıb. Yılmaz birbaşa Türkmənistan qazının Türkiyəyə və oradan da Avropa və qlobal bazarlara tədarükündən bəhs edib.

2025-ci ildən bəri Türkmənistan qazı svop sazişi vasitəsilə İran vasitəsilə Türkiyəyə tədarük olunur. Həcmlər hələ də azdır, lakin fakt özü əhəmiyyətlidir. İndi Ankara bu məntiqi genişləndirməyə və Türkmənistan resurslarını Azərbaycan və Türkiyə vasitəsilə daha böyük bir marşruta inteqrasiya etməyə çalışır.

“Nerzavisimaya qazeta” yazır ki, Aşqabad Türkmənistan qazının Transxəzər Boru Kəməri ilə ixracına isti baxmır. “Türkmənistanın hər iki lideri - Prezident Serdar Berdımuhammedov və atası, Türkmənistanın milli lideri Qurbanqulu Berdımuhammedov - Qazaxıstanın Türküstanında keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısına gəlmədilər. Türkmənistan TDT-də müşahidəçi statusuna malikdir ki, bəzi təşəbbüs və qərarlardan yayınmağa imkan verir.

İşlər o yerə çatıb ki, Türkmənistan Bakıda keçirilən Enerji Həftəsinə aşağı səviyyəli nümayəndə heyəti göndərib. Baxmayaraq ki, neft-qaz sektorundakı aparıcı investorlar və operatorlar tədbirlərdə və bu tədbirin kənarlarında iştirak ediblər.

Ekspertin qeyd etdiyi kimi, problem ondadır ki, Türkmənistan hakimiyyəti son zamanlar bu mövzu ilə bağlı bütün əsaslı müzakirələrə və danışıqlara laqeyd yanaşır.

Aşqabadın bu siyasəti nəyə hesablanıb?

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Yeni Müsavat”da Türkmənistanın tam olaraq, belə mövqedə olmadığını söylədi: “Türkmənistanın son diplomatik gedişləri və Türk Dövlətləri Təşkilatı sammitindəki iştirak səviyyəsi ilk baxışda Aşqabadın Türk birliyinə və ya Orta dəhlizə qarşı çıxması kimi görünə bilər. Lakin regionun geosiyasi reallıqlarını və Türkmənistanın 1995-ci ildən bəri yürütdüyü "Daimi Neytrallıq" statusunu nəzərə alsaq, bu addımların arxasında “əleyhinə olmaq” yox, daha çox ehtiyatlı balans və risklərin sığortalanması taktikası dayanır. Məlumdur ki, Türkmənistan xarici siyasətində hər hansı bir bloka və ya kəskin geosiyasi təşəbbüsə tam inteqrasiya olunmaqdan qaçır.

Digər tərəfdən, Rusiya Transxəzər layihəsini Xəzərin ekologiyası bəhanəsi ilə illərdir əngəlləyir, çünki Türkmənistan qazının Avropaya çıxması Moskvanın rəqabət gücünü zəiflədir. Çin isə hazırda Türkmənistan qazının ən böyük alıcısıdır. Aşqabad TDT-yə tam üzv olmaqla və ya Transxəzər kəmərinə dərhal “hə” deməklə Moskva və Pekini qıcıqlandırmaq, beləliklə də mövcud sabitliyini riskə atmaq istəmir. Həmçinin sirr deyil ki, Transxəzər Boru Kəməri nəhəng investisiya tələb edən bir layihədir. Aşqabadın mövqeyi belədir: “Biz qazı öz sərhədimizdə satmağa hazırıq, kəməri isə alıcı və ya tranzit ölkələr tiksin”. Bakıdakı Enerji Həftəsinə aşağı səviyyəli nümayəndə heyətinin göndərilməsi də bir növ bu mövzuda Qərbin və tərəfdaşların konkret maliyyə öhdəlikləri götürməməsinə qarşı bir nümayişkaranə soyuqluq ola bilər və Aşqabad yalnız vədlərə görə Rusiya ilə mövcud münasibətləri gərginləşdirmək istəmir".

Deputat dedi ki, Türkmənistanın TDT sammitlərinə liderlər səviyyəsində qatılmamasına gəlincə, bu, təşkilata qarşı olmaqdan ziyadə, qərarlarda “məcburi öhdəlik” götürməmək istəyidir: “Müşahidəçi statusu Aşqabada imkan verir ki, iqtisadi-mədəni əməkdaşlıqdan maksimum yararlansın, lakin siyasi və hərbi çalarları olan bəyanatlara imza atmayaraq öz neytrallığını qoruyub saxlasın. Lakin onu da unutmamalıyıq ki, Türk dünyasına münasibətdə neytrallığın uzunmüddətli hədəfdə Aşqabad üçün zərəri faydasından çoxdur. Yəni Aşqabad Orta dəhlizə və ya Türk birliyinə qarşı deyil, amma eyni zamanda Türkmənistan rəhbərliyinin "yavaş tələs" strategiyasını seçməsi özünü Türk dünyasının perspektiv inkişaf strategiyasından kənar qalmasına, hətta suverenliyinin mümkün təhdidlə üzləşməsinə apara bilər. Cövdət Yılmazın səfəri də göstərir ki, Ankara hələ ki bu həssaslığı anlamağa və Türkmənistanı tam sıxışdırmadan, svop kimi daha yumşaq formatlarla layihələrə cəlb etməyə üstünlük verməyə çalışır".

Rəşad Bayramov: “İranın cavabsızlığı müdafiə arqumentinin olmaması anlamına  gəlir” Pravda.az

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, Aşqabadın son dövrlərdə nümayiş etdirdiyi davranışlar daha çox  ənənəvi xarici siyasət kursu və iqtisadi maraqları ilə bağlıdır: “Türkmənistan müstəqillik əldə etdikdən sonra özünün neytrallıq konsepsiyasını xarici siyasətinin əsas sütununa çevirib. Bu yanaşma ölkənin regional və beynəlxalq inteqrasiya layihələrində məhdud iştirakını şərtləndirir.  Digər tərəfdən, Transxəzər məsələsi Türkmənistan üçün təkcə iqtisadi deyil, həm də geosiyasi risklər daşıyır. Layihənin reallaşması Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxışını təmin edə bilər. Bu, həm Ankara, həm Bakı, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Lakin Aşqabad uzun illər ərzində qaz ixracında əsasən Çindən asılı model formalaşdırıb. Hazırda Türkmənistan qazının böyük hissəsi Çin bazarına yönəlir və Pekin ölkənin enerji sektorunda ən böyük tərəfdaşlardan biridir. Belə şəraitdə alternativ marşrutların sürətlə inkişaf etdirilməsi Çinlə mövcud enerji balansına təsir göstərə bilər. Bundan əlavə, Rusiya amili də nəzərdən qaçırılmamalıdır. Moskva ənənəvi olaraq Xəzər hövzəsində enerji marşrutlarının formalaşmasında mühüm rol oynamağa çalışır və Avropaya alternativ qaz tədarükü layihələrinə həmişə ehtiyatla yanaşıb. Türkmənistan rəhbərliyi isə regional güclər arasında balans siyasətini qorumağa üstünlük verir. Məhz buna görə Aşqabadın kəskin geosiyasi seçimlərdən yayınmağa çalışdığı müşahidə olunur.

Bu kimi səbəblərdən Aşqabadın hazırkı siyasətini TDT və ya Orta dəhlizə qarşı çıxış kimi qiymətləndirmək, zənnimcə, düzgün olmazdı. Bu daha çox Türkmənistan rəhbərliyinin strateji ehtiyatlılıq nümayiş etdirməsi, mövcud enerji tərəfdaşları ilə münasibətləri riskə atmamaq və neytral statusunu qorumaq istəyi ilə bağlıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR