Onlayn ictimai-siyasi qəzet
Kambocanın Baş naziri Hun Manet deyib ki, dekabrın 27-də Kamboca və Tailandın Baş Sərhəd Komitəsinin xüsusi iclasında əldə olunmuş atəşkəs razılaşması Kambocanın kapitulyasiyası və ya özünümüdafiə hüququndan imtina etməsi demək deyil.
Onun sözlərinə görə, qarşılıqlı atəşkəslə razılaşmaq qərarı "Kambocanın sülh naminə təslim olması və ya ərazi bütövlüyünü qurban verməyə hazır olması, həm də ölkənin "özünümüdafiə hüququndan məhrum olması və ya ondan imtina etməsi" demək deyil.
"Əksinə, bu qərar onu göstərir ki, dövlət təzyiqlərə və ya çətinliklərə baxmayaraq, sülh yolu tutmaq qərarına gəlib, xalqının həyatını və rifahını ən yüksək və ən mühüm prioritet kimi qarşıya qoyub. Kamboca sülhə və inkişafa yüksək əhəmiyyət verir, həm regionda, həm də dünyanın bütün ölkələri ilə dinc yaşamaq məqsədi ilə beynəlxalq hüquqa, müqavilələrə, konvensiyalara və Pnompenin qəbul etdiyi razılaşmalara, xüsusən də BMT nizamnaməsinə və ASEAN nizamnaməsinə əsaslanan regional və qlobal nizamın qorunmasını daim dəstəkləyir"-baş nazir bildirib.
Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, bu gərginliyin kökləri keçmişə dayanır: “Tailand və Kamboca daha əvvəl 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölkə sərhədində atəşkəs rejiminin bərpasına dair birgə sənəd imzalayıblar. Tərəflər arasında gərginlik yeni yaranmayıb. Münaqişənin kökləri 1907-ci ilə, Fransa tərəfindən çəkilmiş sərhəd xəritəsinə dayanır. Həmin vaxt Kamboca Fransa müstəmləkəsi idi və sərhədin təbii suayırıcı xətlə müəyyən olunması razılaşdırılmışdı. Lakin Tailand sonradan bu xəritənin legitimliyini qəbul etmədi və 817 kilometrlik sərhədin bir neçə hissəsində mübahisəli ərazilər formalaşdı.
1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Preah Vihear məbədinin Kambocaya məxsus olduğunu təsdiqlədi. Lakin bu qərar məbədin ətrafındakı torpaqların statusunu aydınlaşdırmırdı. 2008-ci ildə Kamboca məbədi UNESCO-nun Dünya İrsi Siyahısına salmağa çalışdıqda gərginlik yenidən alovlandı. Həmin dövrdən bəri tərəflər arasında dəfələrlə toqquşmalar baş verib.
2013-cü ildə BƏM qərarını genişləndirərək məbədin ətrafındakı torpaqların da Kambocaya aid olduğunu bildirdi və Tailanddan əsgərlərini oradan çıxarmağı tələb etdi. Buna baxmayaraq, sərhədin bu hissəsində qarşılıqlı etimadsızlıq davam edir.
2024-cü ilin sonunda və 2025-ci ilin əvvəllərində baş verən bəzi hadisələr vəziyyəti daha da gərginləşdirdi. Kambocalıların Tay ərazisində yerləşən Ta Moan Thom məbədində himn oxuması və Tailand hökumətinin Kamboca ilə birlikdə dəniz enerji ehtiyatlarının işlənməsi planı daxildə millətçi dairələrin narazılığına səbəb oldu.
Gərginliyi yumşaltmaq məqsədilə Tailandın baş naziri Thaksin Şinavatranın qızı Paetongtarn Hun Sen ilə telefon danışığı aparsa da, bu təşəbbüs uğursuzluqla nəticələndi. Söhbətin sızdırılması və baş nazirin öz generallarından birini tənqid etməsi ölkə daxilində qalmaqal yaratdı və nəticədə o məhkəmə qərarı ilə vəzifəsindən müvəqqəti uzaqlaşdırıldı.
Kamboca BMT Təhlükəsizlik Şurasına müraciət edərək Tailandın “öncədən planlaşdırılmış hərbi təcavüzünü” dayandırmağı tələb edir. Tailand isə problemi yalnız ikitərəfli danışıqlar yolu ilə həll etməyə üstünlük verir, lakin buna yalnız Kamboca hərbi əməliyyatlara son qoyduqdan sonra razı olacağını bildirir.
Ərazi mübahisələrinin həlli üçün 2000-ci ildə yaradılmış Birgə Sərhəd Komissiyası indiyədək real nəticə əldə edə bilməyib.
ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra rəsmi Vaşinqtonun diqqət göstərdiyi və bitirməyə çalışdığı münaqişələrdən biri də məhz bu olub. Tərəflər arasında atəşkəs də xeyli dərəcədə Tramp hakimiyyətinin səyləri nəticəsində mümkün olub. Lakin burada diqqət çəkməli olduğumuz bir məqam var: ABŞ ayrı- ayrı dövlətlər arasında gərginliyə son qoymaq adı ilə- bunu bir çox halda bacarır- həm də fərqli regionlarda özünün təsir imkanlarını artırır. Təsadüfi deyil ki, ABŞ Tailand-Kamboca münaqişəsi ilə məşğul olmağa başlayandan sonra Asiyadakı "rıçak"ları xeyli artıb. Lakin bu, Vaşinqtonu qane etmir.
Tərəflər arasında əsas problemlər hələ həllini tapmayıb. Üstəlik, bu gərginlik ABŞ-nin "səyləri" nəticəsində getdikcə idarəolunan böhrana çevrilir. Bu mənada hazırkı atəşkəs çox kövrəkdir. Gələcəkdə, bəlkə də, yaxın bir neçə gündə atəşkəsin pozulması, o cümlədən sərhəd təxribatları mümkündür”.
Cavanşir ABBASLI
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ