İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT Azərbaycana necə dəstək verə bilər? – Azay Quliyev iki əsas istiqaməti açıqladı

“ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfərini ümumilikdə məhsuldar hesab edirəm. Səfər zamanı ikitərəfli əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi aparıldı”.

Bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Azay Quliyev bildirib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması nəticəsində keçmiş münaqişə ilə bağlı məsələlər artıq ATƏT və onun

Parlament Assambleyasının gündəliyindən çıxarılıb: “Bu, regionda yaranmış yeni siyasi-hüquqi reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.

Bu gün Azərbaycan üçün ATƏT çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri artıq tamamilə fərqlidir. Bunlara elm və innovasiya, rəqəmsallaşma, süni intellekt, rəqəmsal təhlükəsizlik, kibertəhlükəsizlik, nəqliyyat və enerji bağlantılarının inkişafı, yaşıl enerji və yaşıl dəhlizlər, iqlim dəyişiklikləri ilə mübarizə, eləcə də humanitar minatəmizləmə daxildir.

Xüsusilə, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işində ATƏT-in yaxından iştirakı əsas gözləntilərimiz sırasındadır. Bu haqda XİN başçısı Ceyhun Bayramov ATƏT-in sədri ilə keçirilən birgə mətbuat konfransında ölkəmizin mövqeyini açıq ifadə etdi”.

A.Quliyev hesab edir ki, ATƏT humanitar minatəmizləmə sahəsində Azərbaycana iki əsas istiqamətdə real töhfə verə bilər: “Birincisi, ATƏT Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş ayrıca proqram və ya “ekstrabüdcə”layihəsi hazırlayıb həyata keçirə bilər. Belə bir proqram texniki və ekspert dəstəyini, humanitar minatəmizləmə üzrə mütəxəssislərin hazırlanmasını, Beynəlxalq Mina Fəaliyyəti Standartlarının (IMAS) tətbiqi üzrə təlimləri, innovativ texnologiyaların və pilotsuz sistemlərin istifadəsini, mina riskləri barədə maarifləndirmə tədbirlərini, eləcə də mina qurbanlarının tibbi, psixoloji və sosial reabilitasiyasını əhatə edə bilər. ATƏT-in Ukraynada humanitar minatəmizləmə potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi proqramlar, həmçinin Bosniya və Herseqovina başda olmaqla, Balkan ölkələrində silah-sursat təhlükəsizliyi, partlayıcı maddələr və mina təhlükəsinin azaldılması sahəsində topladığı institusional təcrübə bu istiqamətdə təşkilatın kifayət qədər imkanlara malik olduğunu göstərir.

İkincisi, ATƏT mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsində mühüm rol oynaya bilər. Təşkilat donor dövlətləri, beynəlxalq maliyyə institutlarını və ixtisaslaşmış humanitar təşkilatları bir araya gətirəcək “Beynəlxalq Donor Konfransı”nın təşəbbüskarı ola, həmçinin Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə əlavə maliyyə və texniki resursların cəlb edilməsinə dəstək verə bilər”.

Deputatın fikrincə, ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumu (Forum for Security Co-operation) kimi platformalarında mina təhlükəsinin humanitar nəticələrinin mütəmadi müzakirəsi, qabaqcıl təcrübə mübadiləsi və donor koordinasiyası üçün yeni mexanizmlərin yaradılması da faydalı olardı: “Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri dünyanın mina ilə ən çox çirklənmiş bölgələrindən biridir. Mina təhlükəsi yalnız insanların həyat və sağlamlığı üçün deyil, həm də keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı, genişmiqyaslı yenidənqurma işləri, iqtisadi inkişaf və regional bağlantı layihələrinin həyata keçirilməsi üçün ciddi maneə yaradır. Buna görə də bu məsələ, təkcə Azərbaycanın deyil, bütövlükdə regional humanitar təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Əlbəttə, bu təşəbbüslərin reallaşması üçün ATƏT daxilində siyasi iradə və konsensusun formalaşması vacibdir. Əgər belə bir iradə nümayiş etdirilərsə, hər iki istiqamətdə konkret nəticələr əldə etmək mümkündür. Hesab edirəm ki, hazırkı postmünaqişə dövründə humanitar xarakter daşıyan belə təşəbbüslərə Ermənistan da daxil, hər hansı maneə yaradılması sülh gündəliyinə və regionda etimadın möhkəmləndirilməsinə xidmət etməz və beynəlxalq ictimaiyyət tərəfindən də məhz bu kontekstdə qiymətləndirilər”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR