Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) genişlənmə siyasətində köklü və tarixi bir dəyişikliyə imza atmağa hazırlaşır.
Nüfuzlu "Politico" nəşrinin məlumatına görə, Brüssel dörd namizəd ölkə-Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün daxili bazara və maliyyə mexanizmlərinə tədricən inteqrasiyanı nəzərdə tutan mərhələli (keçid) üzvlük yol xəritəsini təqdim edəcək. Ancaq diqqətçəkən məqam odur ki, Türkiyə, Gürcüstan, Serbiya, Bosniya və Herseqovina, Kosovo və Şimali Makedoniya bu sürətləndirilmiş mexanizmdən kənarda qalıb. Ankaranın uzun illərdir dondurulmuş namizədlik prosesi və Tbilisinin son dövrdə qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun fonunda Avropayönümlü islahatların dayanması hər iki ölkənin Aİ qapısında gözlədilməsinin əsas səbəbləri kimi göstərilir.
Xüsusilə Gürcüstanın bu xəritədən kənarda qalması Cənubi Qafqazda Aİ və Rusiya arasında gedən geopolitik rəqabətin taleyini dəyişdirə biləcək ciddi siqnaldır. İllərdir Aİ-nin regiondakı əsas "vitrini" və Şərq Tərəfdaşlığı proqramının flaqmanı sayılan Tbilisinin kənarlaşdırılması Brüsselin bölgədəki yumşaq gücünə vurulan ağır zərbə kimi qiymətləndirilir. Yaranan bu diplomatik boşluq Moskvaya Cənubi Qafqazdakı təsir imkanlarını bərpa etmək və Tbilisidən tədricən öz xeyrinə faydalanmaq üçün zəmin yaradır. Qərbin regionda geri çəkilməsi fonunda isə Azərbaycanın balanslaşdırılmış, müstəqil və praqmatik xarici siyasəti Cənubi Qafqazın yeni təhlükəsizlik və logistika arxitekturasında mərkəzi rolunu daha da möhkəmləndirir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, Avropa Birliyinə üzvlük xəritəsi əldə edən ölkələrin hər biri ilə Azərbaycanın yaxşı münasibətləri var:
“Hesab edirəm ki, onlar bu nüfuzlu beynəlxalq təşkilata üzv olduqdan sonra bizim əlaqələrimiz əvvəlkindən də daha yüksək səviyyəyə qalxacaq. Hələ üzvlük xəritəsi almayan ölkələrin isə hər birinin Avropa Birliyi ilə münasibətlərində müəyyən məqamlar var. Məsələn, Türkiyə 1961-ci ildən Avropa Birliyinə üzvlüklə bağlı müraciət edib, amma hər dəfə müəyyən səbəblərdən onun nəinki üzvlüyünə, hətta üzvlüyə namizəd məsələsinə də “yox” deyilir. Ancaq bununla belə, Türkiyə tək Avropanın deyil, dünyanın nüfuzlu ölkələrindəndir, dünyada bir çox proseslərin gedişatı Türkiyənin mövqeyindən asılıdır. Türkiyə Avropa Birliyinə üzv olmasa da, yenə də nüfuzlu dövlət kimi yüksək statusa malikdir və bundan sonra da qardaş ölkənin bu yüksək qiymətdə olacağı gün kimi aydındır”.
Deputatın sözlərinə görə, Gürcüstanla Avropa Birliyi arasında münasibətlər isə müəyyən mərhələlərdən keçib:
“Keçən il Gürcüstanda keçirilən seçkilərdən sonra Avropa Birliyi ilə qonşu ölkə arasında fikir ayrılıqları yarandı və görünən odur ki, həmin fikir ayrılıqları hələ də aradan qaldırılmayıb. Əlbəttə, biz Gürcüstana bu fikir ayrılıqlarının tezliklə aradan qaldırılmasını arzu edirik, amma əsas olan hansısa təşkilata üzv olmaq yox, ölkənin müstəqil daxili və xarici siyasət yürütməsidir. Biz bunu Gürcüstanda görürük. Gürcüstan bizim üçün dost, qardaş ölkədir və münasibətlərimiz getdikcə dərinləşir. Hesab edirəm ki, Gürcüstan da öz müstəqil siyasəti ilə özünün problemlərini uğurla həll edəcək, regionda olduğu kimi dünyada da nüfuzu durmadan artacaq və biz qardaş Gürcüstanın bundan sonrakı uğurlarına həmişə sevinəcəyik”.
Nigar Həsənli
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ