İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından İrəvana “kamplar tik” göstərişi

“Euronews” xəbər verir ki, İtaliya Avropa İttifaqına (Aİ) Albaniya modelinə əsaslanan təhlükəsiz üçüncü ölkələrdə yeni miqrantların geri qaytarılması mərkəzləri yaratmaq planını təqdim etməyə hazırlaşır. Xüsusilə, Roma sığınacaq müraciətləri və immiqrasiya sənədləri işlənərkən Aİ-yə qanunsuz gələn xarici vətəndaşları təhlükəsiz üçüncü ölkələrə köçürmək üçün mərkəzlər yaratmağı təklif edir. İlkin siyahıya bir neçə Afrika ölkəsi və ənənəvi miqrasiya yollarından kənarda yerləşən bəzi ölkələr daxildir. Potensial namizədlər arasında Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Efiopiya, Özbəkistan, Ermənistan və Monteneqro var. İtaliyanın təklifinə əsasən, yeni mərkəzlər Aİ vəsaitləri hesabına maliyyələşdiriləcək. Ermənistanın bu siyahıya salınmasının səbəbi nədir?

Könül Nurullayeva AŞPA-da sülh təhsili mərkəzlərinin təşkilini və effektiv  ədalət mexanizmlərinin yaradılmasını təklif edib

Milli Məclisin deputatı Könül Nurullayeva Musavat.com-a bildirdi ki, qeyri-qanuni miqrasiyanın idarə olunması ilə bağlı İtaliyanın Aİ-yə təqdim etməyə hazırlaşdığı və Albaniya modelinə əsaslanan yeni təşəbbüsdə “təhlükəsiz üçüncü ölkələr” sırasında Ermənistanın da olması müəyyən suallar yaradır:

“İqtisadi imkanları məhdud olan Ermənistan miqrantların yerləşdirilməsi ilə bağlı mümkün öhdəlikləri necə yerinə yetirəcək? İndi əsas sual budur. Bunun sosial yükü artıracağı, təhlükəsizlik və infrastruktur baxımından əlavə problemlər yarada biləcəyi ilə bağlı Ermənistanda bəzi siyasi qüvvələrin narahatlığı diqqətdən qaçmır. Hətta Paşinyan hökumətinə təhlükəsizlik və suverenlik məsələlərinə görə çox ehtiyatlı davranmaq tövsiyə olunur. Hazırda erməni mənbələrində bu mövzu daha çox ehtimal və müzakirə predmeti kimi təqdim olunur. Ermənistanın adı mümkün tərəfdaşlar siyahısında hallandırılsa da, indiyədək nə Avropa İttifaqı, nə də Ermənistan hökuməti ölkədə miqrant qəbul mərkəzlərinin yaradılması barədə yekun qərar və ya rəsmi razılaşma elan etməyib. Digər tərəfdən, nəzərə alaq ki, Aİ də Rusiya kimi Ermənistana alət kimi baxır. Yəni, Ermənistana hər zaman obyekt kimi yanaşılıb. Bu xüsusda sözügedən təklifin də Ermənistanı müxtəlif ianələr hesabına daha çox asılı vəziyyətdə saxlamaq niyyətinə söykəndiyi istisna edilmir. Həmçinin iyunda Ermənistanda keçirilən seçkilərdən sonra bu ölkədə insan hüquqları, təhlükəsizlik məsələləri ilə bağlı hüquqi qiymətləndirmələrə dair şübhələr daha da artıb.

Üstəlik, Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququ bu vaxta qədər Ermənistan hökuməti tərəfindən təmin olunmayıb. Bu insanların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilməlidir. Ermənistan ilk növbədə bu məsələni həll etməlidir. Bu reallıqlar fonunda Ermənistanın Aİ-nin ümidlərini doğruldacağı inandırıcı görünmür”.

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR