İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Ermənistana TƏKLİF: “İrəvan tələsməlidir”

Rusiya-Ermənistan münasibətlərindəki gərginlik regionda mövcudluğunu təmin etməyə çalışan Avropaya müəyyən imkanlar yaradıb.

“Financial Times” Brüsseldəki mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyası (AK) Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda erməni mallarının Aİ bazarına çıxışını genişləndirmək üçün təcili tədbirlər paketi hazırlayır.

Musavat.com bildirir ki, nəşrin məlumatına görə, Avropa Komissiyası Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tarifləri azaldacaq avtonom ticarət tədbirləri hazırlayır.

AK-nin sözçüsü Olof Gill “Financial Times”a bildirib ki, yeni tədbirlər daha çox erməni şirkətinin Avropa bazarına daxil olmasına kömək etməli və məhdudiyyətlərdən ən çox təsirlənən iqtisadi sektorları dəstəkləməlidir. Qəzetin mənbələrindən biri qeyd edib ki, Avropa İttifaqı “Ermənistana etibarlı iqtisadi tərəfdaş olmağa hazır olduğunu nümayiş etdirmək” niyyətindədir. Aİ-yə üzv ölkələrin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən təşəbbüs illik təxminən 420 milyon avro dəyərində olan Ermənistan ixracatının təxminən 20 kateqoriyasının əksəriyyətinə təsir göstərə bilər.

Eyni zamanda, bildirilir ki, bir sıra Ermənistan mallarının Aİ daxilinə ixracatı suallar doğurur. Hesab olunur ki, bu, xüsusilə Fransanın həssaslığı nəzərə alınarsa, Ermənistanın əsas ixrac məhsullarından biri olan konyaka aiddir. Əlavə problem dənizə çıxışı olmayan ölkədən Türkiyə və ya Gürcüstan vasitəsilə tez xarab olan məhsulların logistikası olaraq qalır.

May ayından etibarən “Rosselxoznadzor” Ermənistandan məhsulların daşınmasına tədricən məhdudiyyətlər tətbiq edir. Əvvəlcə yoxlamalar bir sıra balıq emalı müəssisələrinə və gül daşınmasına, sonra isə tərəvəz, göyərti və çiyələklərə yönəldilib. İyunun 2-də çəyirdəkli meyvələrə və üzümə, iyunun 12-də isə konservləşdirilmiş məhsullar istisna olmaqla, faktiki olaraq bütün erməni mənşəli bitki məhsullarına məhdudiyyətlər tətbiq edilib.

Qurum qanun pozuntularını müəyyən etməklə, fitosanitar təhlükəsizliyin təmin edilməsi zərurəti ilə bağlı qərarları izah edir. Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas bazarı olaraq qalır və onların ixracının 90%-dən çoxunu təşkil edir.

Belə olduğu təqdirdə Ermənistanı nə gözləyir? Rusiya bazarı əvəzinə Avropa bazarını qazana biləcəkmi? Bundan əvvəl Nikol Paşinyan alternativ bazarlara çıxış əldə etdiklərinin anonsunu vermişdi, amma bu açıqlamanın arxasınca hansısa bazardan real təsdiq eşidilmədi. Avropa Komissiyasının rəhbərliyi Rusiyanın sanksiyaları səbəbindən itkilərə məruz qalan Ermənistana 50 milyon avroluq dəstək ayrılacağını anons etdi, vəssalam.

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bu barədə danışarkən bildirib ki, Rusiya bazarının Ermənistanın kənd təsərrüfatı məhsullarına bağlı saxlanılması Avropa İttifaqını tələsdirməlidir:

“Avropanın qısa müddətdə daxili bazarı Ermənistan məhsullarına açması əhəmiyyətlidir. Əks halda, Ermənistan öz kənd təsərrüfatı məhsullarını satmağa bazar tapmayacaq və bu, maliyyə itkisinə, o cümlədən erməni cəmiyyətində baş nazir Nikol Paşinyanın siyasətinə narazılığı artıracaq. Bundan da Moskvanın dəstəklədiyi radikal müxalifət istifadə edəcək. Hadisələrin bu istiqamətdə inkişafı Avropanın maraqlarına uyğun deyil. Ancaq Ermənistan hökumətindən də çeviklik tələb edilir”.

E. Şahinoğlu hesab edir ki, Ermənistan öz məhsullarını Gürcüstan və Türkiyə ərazisindən Qara dəniz limanlarına çıxarması imkanlarını hesablamalıdır:

“Bunun üçün isə Ermənistan hökumətinin qonşu dövlətlərin hökümətləri ilə müvafiq sazişlər imzalamasına ehtiyac var. Ermənistanın kənd təsərrüfatı məhsullarının bir hissəsi Türkiyə ilə sərhədə yaxın ərazilərdə yetişdirilir. Ancaq Ermənistanın Türkiyə ərazisindən istifadəsi üçün rəsmi İrəvanın Azərbaycanla sülh sazişi imzalaması lazımdır. Demək Ermənistanın iqtisadi problemlərinin həlli də konstitusiyasının dəyişdirilməsindən keçir. Çünki bunsuz sülh sazişinin imzalanması çətindir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR