Onlayn ictimai-siyasi qəzet
Rusiya NATO-nun Avropadakı üzv ölkələrinə zərbələr üçün potensial olaraq istifadə edilə biləcək ən azı 10 pilotsuz uçuş aparatı bazası yaradıb. Eyni zamanda Rusiyanın “Yandex” xəritə xidməti hərbi obyektlərin peyk görüntülərində gizlədilməsinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri peyk görüntüləri və sızdırılmış sənədlərin təhlili əsasında məlumat yayıb.
Araşdırma zamanı Rusiya ərazisində, Belarus və Ukrayna istiqamətləri boyunca uzaqmənzilli PUA-lar üçün 59 yeni buraxılış meydançası müəyyən edilib. Aşkarlanan 10 bazadan yeddisinin artıq Kiyevə qarşı Rusiya hücumlarında istifadə olunduğu ehtimal edilir.
Meydançalardan təxminən 20-si digərlərindən daha uzundur. “The Telegraph” bunun Rusiyanın yeni və daha uzaqmənzilli zərbə PUA-larını buradan buraxmağa hazırlaşması ilə əlaqəli ola biləcəyini yazır.
Nəşrin məlumatına görə, təxminən 1000 kilometr uçuş məsafəsinə malik modernləşdirilmiş “Şahed” PUA-ları bu bazalardan buraxılacağı halda Polşa, Baltikyanı ölkələr, Rumıniya və Bolqarıstandakı hədəflərə çata bilər.
Araşdırmada xüsusilə bazalardan birinin miqyası diqqət çəkir. Jurnalistlərin hesablamalarına görə, burada eyni vaxtda 1000-dən çox PUA yerləşdirmək mümkündür. Bir neçə digər hərbi obyektdə isə yeni buraxılış mövqelərinin tikintisinin davam etdiyi bildirilir.
Bununla paralel olaraq Rusiyada hərbi infrastrukturu peyk müşahidələrindən gizlətmək üçün yeni üsullardan istifadə edilir. Finlandiyanın Yle nəşrinin məlumatına görə, “Yandex Xəritələr” bəzi hərbi obyektlərin üzərinə peyk görüntülərində meşə təsvirləri yerləşdirməyə başlayıb. Əvvəllər belə obyektlər əsasən bulanıqlaşdırılırdı.
Bu üsulla gizlədilən obyektlərdən biri kimi Kotlin adasındakı raket batareyası göstərilir.
“The Telegraph”ın araşdırması Rusiyanın uzaqmənzilli PUA infrastrukturu yaratmaqla yanaşı, həmin obyektlərin yerini və təyinatını açıq xəritə xidmətlərindən gizlətməyə çalışdığını göstərir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ