Onlayn ictimai-siyasi qəzet
“Ramiz Mehdiyevin işi” mövzusunda nə qədər qəribə səslənsə də, həm məlumat qıtlığı, həm də hədsiz informasiya bolluğu var. İkincisinə informasiya kirliliyi də deyə bilərik, çünki yayılan hər xəbərin tipini ayırd etməyə indi nə zaman var, nə həvəs...
Söhbət sırf ətrafından deyil, Mehdiyevin özü barəsində qaldırılmış cinayət işindən gedirsə, 40 gündən çoxdur barəsində ən müxtəlif səpkili ittihamlar səslənən Prezident Admimistrasiyasının sabiq rəhbərinin istintaqa çağırılıb-çağırılmadığının rəsmi təsdiqi yoxdursa, informasiya bolluğundan danışmaq olmur.
Bu informasiya axının içərisində ən çox diqqətimi cəlb edən Mehdiyevin 5 ildə bir dəfə də olsun Vətən müharibəsi mövzuda danışmaması, işğaldan azad rayonlara, xüsusilə də Şuşaya getməməsidir. 2019-cu ilin oktyabrında işdən çıxarıldıqdan sonra da Mehdiyevin məmur ömrü bitməmiş, bu dəfə də AMEA-da prezident kürsüsünə oturmuş, yenə də fəal siyasi-ictimai mövqedə qalmış, sözünü deməyə daha geniş tribuna əldə etmişdi.
![]()
44 günlük müharibədə kədər və sevincimiz elə duyğularla yaşayırdıq ki, məsələn. Mehdiyevin niyə tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik etmədiyinin fərqinə varmadıq. Gec də olsa maraqlanaq. Sevinmədimi? Nəvəsi yaşında olan gənclərin tabutlarını telekanallarda görəndə heç kədərlənmədimi? Axı o günlər bir millət olaraq bir gözümüz ağlayır, biri sevinirdi...Mehdiyev daş adam, qar adam, bəlkə buz adamdır?
Saytların birində Mehdiyevin Şuşaya niyə getməməsi haqda yazı vardı. Elə o yazının başlığı məni “tərpətdi”. Sərt mövqe də var: “Ramiz Mehdiyevin Şuşaya getməməsi, xalqımızın qələbəsini dilə gətirməməsi daşnak mövqeyidir”, “Mehdiyev və ətrafı Bakıda məhkəməsi keçirilən ermənilərlə eyni kürsüdə oturmalıdır” və s.
![]()
Şuşanın xüsusi seçdirilməsinin mənası hamıya aydındır. Amma Şuşaya və düşmən tapdağından azad digər torpaqlarımızın ziyarətinə hələ də getməyən vətəndaşlarımız çoxdur, həm də lap çox. Bunun obyektiv səbəbləri də var. Axı Mehdiyevin bu şəhər(lər)ə getmək üçün hər cür maddi imkanı (rahat avtomobili, orada “beşulduzlu” mehmanxanada istədiyi qədər qamağa pulu və s.)varkən niyə getməməsinə ictimai marağı, daha dəqiqi qınağı anlamaq çətin deyil.
Bayaq Mehdiyevə buz adam dedik, düşünək ki, adamın səhhəti uzaq yola imkan verməyə bilər. Mehdiyev PA rəhbəri olduğu illərdə bir dəfə kabinetində ayağı xalıya ilişərik yıxılmış, xəbər mediaya sızanda isə o vaxt deputat olan kürəkəni parlament jurnalistlərinə bu xəbəri dostcasına təsdiqləmişdi də. Mehdiyevin yaşına baxmayaraq, sınmış ayağı sağalmış, o da işinin başına dönmüşdü. Mehdiyev bu hadisədən bir neçə il sonra öz ayağı üstündə hörmətlə təqaüdə yola salınmış, amma evdə qərar tutmamış, bu dəfə Milli Elmlər Akademiyasının başına keçmişdi.
Pademiyada xüsusilə yaşlı adamlara və ya digər xəstəlikəri olanlar həkimlər özlərini təcrid etməyi məsləhət görürdülər. Amma Mehdiyev yenə ortada boy göstərmiş, maskasını taxaraq işə çıxmış, görüşlər və iclaslar keçirmiş, bir sözlə fəaliyyətini dayandırmamışdı. Bunu internet resurslarında təsdiq edən xəbərlər və fotolar var. Müharibədən cəmi 1 ay əvvəl, gərək ki, avqust ayında Novxanıdakı bağ evində nəvəsinə toy etmiş, dövlətin qadağalarına məhələ qoymamışdı.
![]()
Mehdiyev işlədiyi müddətdə AMEA-da intriqalardan qaçmamış, necə deyərlər, “şəkərinin qalxmasından qormamış”, onun istefasını tələb edənlərin hərəkətlərindən stress keçirməmiş, üstünə təcili yardım maşını çağırılmamışdı. Bu o vaxtlar idi ki, medianın bütün diqqəti Mehdiyevə fokuslanmışdı və onun az qala hır addımı xəbərə çevrilirdi. Nəhayət, Mehdiyev müqavimətin mənasız olduğuna qərar verdikdən sonra 2022-ci ilin fevralında istefa ərizəsi yazmış, akademiyadakı kabinetini boşaltmışdı. Mehdiyevin AMEA-nın Rəyasət Heyətinin toplantısınından sonra binanı tərk edən videosuna bir zəhmət, yenə baxın, o yaşda adamın duruşunda, avtomobilə oturuşunda dəyişiklik hiss edilmirdi. Buz kimi adam belə olar...
Bəli, bəlkə də Mehdiyev PA-dan, AMEA-dan da işdən uzaqlaşdırılanda ürəyinin dərinliyində inciyib, keyfi pozulub, amma bunu bildirməyib, bu da olar.
Mehdiyevin səhhəti üzərində düşüncələr ona görə uzandı ki, ola bilər, Mehdiyev uzaq yol gedə bilmir, ona görə Ağdama, Füzuliyə getməyib. Şuşanın havası dərmandır, amma bəzi xəstəlikləri tətikləyə də bilir, bəlkə həkimlər ona görə Mehdiyevə Şuşaya “qalxmağı” məsləhət bilməyiblər. Kim bilir...
Adama və taleyə bax də, işğaldan azad Şuşanı görmədən gedəcək...
Nazim SABİROĞLU,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ