Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov “Qərbi Azərbaycan” məsələsi ilə bağlı açıqlaması Rusiya nəşrinin diqqətini çəkib.
Musavat.com xəbər verir ki, Rusiyanın “Svobodnaya Pressa” nəşrində Z. Əsgərovun “Qərbi Azərbaycana qayıdış əsas vəzifələrimizdən biridir” açıqlaması fonunda Azərbaycan-Ermənistan münasibətlərinə dair geniş material dərc olunub.
Yada salaq ki, Z.Əsgərov sözügedən əraziləri “tarixi Azərbaycan torpaqları” kimi xarakterizə edib və onların vaxtilə Ermənistana verildiyini bildirib. Bununla yanaşı, vitse-spiker Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiasının olmadığını vurğulayıb.
Məhz bu məqam “Svobodnaya Pressa”nın materialında əsas suallardan birinə çevrilib. Rusiyalı nəşr bu kontekstdə sual qoyur: əgər Bakı heç bir dövlətə qarşı ərazi iddiasının olmadığını bəyan edirsə, “Qərbi Azərbaycana qayıdış” və həmin ərazilərin “tarixi Azərbaycan torpaqları” adlandırılması necə başa düşülməlidir?
Nəşrə danışan siyasi analitik Mixail Neyjmakov Ziyafət Əsgərovun statusuna xüsusi diqqət çəkir. O bildirir ki, Əsgərov Azərbaycan parlamentində yüksək vəzifə tutan, ölkəsini beynəlxalq tədbirlərdə dəfələrlə təmsil edən tanınmış siyasi fiqurdur. Buna görə də onun açıqlaması sıradan parlament üzvünün şəxsi mövqeyi kimi qiymətləndirilə bilməz. Ekspert bununla belə, parlament üzvlərinin diplomatlardan və icra hakimiyyəti nümayəndələrindən daha sərt bəyanatlar səsləndirməsinin beynəlxalq praktikada qeyri-adi olmadığını da qeyd edir.
Ekspert bildirib ki, Bakının rəsmi ritorikasında “Qərbi Azərbaycan” ifadəsi indiki Ermənistan ərazisinə münasibətdə işlədilir. O, bu ifadənin daha əvvəl Prezident İlham Əliyevin çıxışlarında da səsləndiyini qeyd edir. Neyjmakov “Qərbi Azərbaycan İcması”nın fəaliyyətinə və 2023-cü ildə qəbul edilmiş “Qayıdış konsepsiyası”na da toxunur. Neyjmakov Ermənistan ərazisindən azərbaycanlıların köçü ilə bağlı Bakı və İrəvanın açıqladığı rəqəmlərin də fərqli olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycan tərəfi əsasən 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində Ermənistandan təxminən 250 min azərbaycanlının çıxarıldığını qeyd edir. Ermənistan tərəfinin açıqladığı rəqəm isə təxminən 160 min nəfərdir.
Bununla belə, ekspert hesab edir ki, Bakının hazırkı mərhələdə Ermənistan hökumətindən kütləvi şəkildə azərbaycanlıların və onların nəslinin ölkəyə qaytarılmasına razılıq gözləməsi real deyil. Onun fikrincə, “Qərbi Azərbaycan” mövzusu hazırda daha çox İrəvana qarşı informasiya təzyiqi vasitələrindən biri kimi istifadə olunur.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ