Onlayn ictimai-siyasi qəzet
Dünyanın hər yerində məktəblilərin vəziyyəti çətinləşməkdədir. Fransada 500 min şagird etiraz aksiyalarına çıxmışdı. Açığı, onlar nədən narazıdır, bunu heç özləri də dəqiq bilmir. Həmişə narazı qalmaq, nəsə aksiya keçirmək bir fransız adət-ənənəsi şəklini almışdır.
Bizdə də məktəblilər gah zəhərlənir, gah kimsə onları bıçaqlayır. Ən son isə yenə məktəbə hicabla gedib-getməmək mövzusu gündəmə daşınmışdır. Bu da bizim xalq olaraq bədbəxtliyimizin növbəti təzahürüdür. Güney Azərbaycandakılar başlarını açmaq üçün mübarizə aparırlar, hətta arada 500-dən çox günahsız insanı İran molla rejimi vurub öldürdü. Quzey Azərbaycandakılar isə həşirlə başlarını örtmək istəyirlər. Açığı, məktəbli uşağın saçı açıq qalsa, bundan kim həvəsə düşür, bunu çox da dərk etmirəm. Belə çıxır cəmiyyətdə pedofil manyakların sayı-hesabı yox imiş. Prinsipcə, hələ də 12-13 yaşlı uşaqların ərə verilməsi, nişanlanması tipində xəbərlər alırıq, az da olsa. Lakin, yenə qeyd edirəm, bunun kütləvi hal aldığını düşünmürəm. Elədirsə niyə bu balaca uşaqları örtürlər? İmkan verin uşaq böyüsün, dininə, örtüyünə-filana özü qərar versin.
Sözgəlişi, bu temada Azərbaycana diş qıcayanların adətən İrandan gəldiyini görmüşdük, indi bir “yenilik” yaşayırıq: Türkiyədən də tənqidlər varmış. Deyirlər, Azərbaycan baş örtüsünə qarşıdır, ay haray, dinimiz əldən getdi... Eh. Kaş elə din-iman baş örtməklə yaranaydı. Məsələn, həmin məntiqlə AKP-li deputat, hətta arada ailə naziri-zad olmuş Fatma Betül Sayan Kaya (hər dəfə xəbər lentində bu övrətin ismi-şərifini eşidəndə Qabriel Qarsia Markes yadıma düşür – özümdən asılı deyil) ən imanlı, ən müqəddəs zənənlərdən biri olmalıydı, çünki başı örtülüdür, hicab əhlidür, necə deyərlər. Ancaq sonuncu “Fon krizində” yetim türk xalqının bir neçə milyard lirəsinin dalına keçdiyi ortaya çıxmışdır.
Hələ bu harasıdır, anekdotun ardı da var. Türkiyədə Azərbaycanı beynəlxalq yəhudi lobbisinə, İsrailə, nə bilim, yerin altında oturub dünyanı idarə edən 300 “cuhuda” xidmətdə suçlayanların xalqdan oğurladıqları milyonlarla dolları... İsveçrədə yəhudi Rotşildin bankına yatırdıqları ortaya çıxıb. Təsəvvür edirsinizmi riyakarlığın miqyasını? Əşşi, prinsipcə, elə çox pul qoymayıblar, cəmi-cümü 82 milyon dollardır... Əsas odur arada Qalata köprüsünə çıxıb “Eyyy, Netanyahu, gəliyoruz, qaç!” haykırasan.
Qayıdaq məktəb mövzusuna, çünki çarəmiz ordadır. Sabir demişkən: “Ey gözüm, ey canım, Get məktəbə, cavanım”. Ancaq Göyçayda bir məktəbin şagirdləri qan ağlayırlar, deyirlər, bina uçub-dağılır, dərs keçmək çətindir, hava soyuyanda hərəmiz sobaya qoymağa bir odun gətiririk və sairə. Ən maraqlı tənqid isə sinif otaqlarında yarasa, qırxayaq, cürbəcür həşəratın olmasıydı. Guya uşaqlar bundan qorxurmuş.
Halbuki, həmin həşərat və canlılar “Biologiya” dərsi üçün əyani vəsaitdir. Bax, öyrən, üzərində çalış. Nəticədə gələcəkdə həkim olarsan, 1 manat 80 qəpik maaşla 3 saatlıq əməliyyat edib dəf kimi yaşayarsan.
O cümlədən, həmin yarasalar hesabına bəlkə gələcəkdə Göyçaydan Betmenlər çıxdı. Hələ yaxşı olar siniflərdə canavar, tülkü, ayı, çaqqal, goreşən, vaşaq kimi heyvanların yaşaması üçün də şərait yaradılsın. Nazirlikdən bu istiqamətdə tədbirlər gözləyirik.
Sonda təhsilimizdən bir pritça. Deyilənə görə, vaxtilə BDU-da baş vermişdir. Müəllim auditoriyada danışanda söyləyir ki, Nil çayı Hindistandan keçir. Bir-iki savadlı gənc tələbə etiraz edir, deyirlər, ay müəllim, nə danışırsan... Müəllim guya vəziyyəti düzəltmək üçün “düzəliş” eləyir: “Hə, doğrudur, tam keçmir, bir qolu keçir”.
08 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ