İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını evdən çıxmağa qoymayan kişiyə 500 manat cərimə? – HÜQUQİ ŞƏRH

Bu günlərdə ictimaiyyətdə belə bir məlumat yayıldı ki, Azərbaycanda həyat yoldaşını evdən çölə çıxmağa qoymayan kişilər cərimələnəcək. Ekspertlər bildirir ki, qanunvericilikdə əslində məhz bununla bağlı ayrıca norma yoxdur. Amma məişət zəminində psixi zorakılıq törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur.

Bəs belə bir cəzanın tətbiqi nə qədər real və keçərlidir? Həyat yoldaşını evdən çıxmağa qoymamaq hansı hallarda psixi zorakılıq hesab olunur?

Əgər kişi həyat yoldaşının evdən çıxmasına, işləməsinə və yaxınları ilə görüşməsinə davamlı şəkildə mane olursa, bu davranış daha hansı hüquqi məsuliyyət yarada bilər?

Qulamhüseyn Əlibəyli: “Öldürmə, azad et” kimi mənasız çağırışlar…

Mövzu ilə bağlı sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a danışıb: “Azərbaycanda təxminən 22-23 il bundan əvvəl məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul olunub. Qanuna görə, məişət zəminində törədilən zorakılıqlar üç əsas qrupa bölünür: iqtisadi, fiziki və psixi zorakılıq. Törədilən əməlin yaratdığı nəticədən asılı olaraq, bu hallar inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.

Məişət zəminində psixi zorakılıq dedikdə ailə üzvlərindən birinin digərinə qəsdən psixoloji təzyiq göstərməsi və ya onun üçün dözülməz psixi şərait yaratmağa yönəlmiş hərəkətləri başa düşülür. Qanunda bu hərəkətlərin bütün formaları konkret şəkildə sadalanmasa da, qanunun tətbiqi və hüquqi praktikada psixi zorakılığın müxtəlif formaları müəyyənləşib. Belə hallara şəxsi davamlı şəkildə təhqir etmək, ələ salmaq, məsxərəyə qoymaq, onun heç nəyə qadir olmadığını söyləmək, özünə və yaxınlarına zərər vurmaqla hədələmək, aqressiv davranış nümayiş etdirmək, əşyaları sındırmaq və digər bu kimi hərəkətlər aid edilə bilər".

Hüquqşünas vurğulayıb ki, psixi zorakılıq şəxsin ətraf mühitdən təcrid olunmasına yönəlmiş hərəkətlərdə də özünü göstərə bilər: "Məsələn, şəxsin dostları və qohumları ilə görüşməsinə, ünsiyyət saxlamasına, evdən çıxmasına mane olmaq, telefonuna, yazışmalarına və hərəkətlərinə məcburi nəzarət etmək də bu xarakterli davranışlardır. Bəzi hallarda şəxsin düşüncəsini və mühakiməsini şübhə altına almaq, hərəkətlərini qəsdən təhrif etmək, eləcə də şəxsi və yayılması arzuolunmaz məlumatları açıqlamaqla hədələmək də psixi zorakılıq formasında qiymətləndirilə bilər.

Konkret olaraq, şəxsin evdən çıxmasına mane olmaq psixi zorakılığın əlamətlərindən biri hesab olunur. Məsələn, qapını bağlayaraq onun evdən çıxmasına imkan verməmək, zorla evdə qalmağa məcbur etmək və ya telefonunu əlindən alaraq heç kimlə əlaqə saxlamasına imkan verməmək bu kateqoriyaya aid edilə bilər. Belə hallara mən özüm də bir neçə dəfə rast gəlmişəm”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, hazırda şəxsin evdən çıxmasına mane olmağa görə ayrıca xüsusi məsuliyyət nəzərdə tutulmayıb. “Lakin bu cür hərəkətlər məişət zəminində psixi zorakılığın tərkib hissəsi kimi qiymətləndirilə və törətdiyi nəticədən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Onu da qeyd edim ki, məişət zorakılığının törədilməsi yalnız kişilərlə məhdudlaşmır. Qadınların da öz həyat yoldaşlarına qarşı psixi və ya fiziki zorakılıq törətdiyi hallar mövcuddur. Bu səbəbdən məişət zorakılığının subyekti həm kişi, həm də qadın ola bilər”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR