İnsanlara hürriyət, millətlərə istiqlal!

Zirzəmi “gölə” çevrildi: Xətai sakinlərinin İMDAD ÇAĞIRIŞI – Video

Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi 74 ünvanında yerləşən binanın 5-ci blokundan 8-ci blokuna qədər zirzəmilərdə su basması ilə bağlı Musavat.com-a şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, zirzəmilərdə su və kanalizasiya xətlərinin sıradan çıxması nəticəsində davamlı su sızması baş verir. Axıntının saatlarla davam etdiyi, bunun nəticəsində zirzəmilərdə su yığılır və nəmişlik yaranır.

Sakinlər qeyd edirlər ki, zirzəmidə yaranan vəziyyət təkcə binanın texniki vəziyyəti baxımından deyil, həm də sanitar cəhətdən ciddi narahatlıq yaradır. Belə ki, uzun müddət qurumayan su və nəmişlik zirzəmini müxtəlif həşəratların məskəninə çevirir.



Bina sakinlərinin sözlərinə görə, Mənzil Kommunal İstismar Sahəsinin (JEK) əməkdaşları zirzəmiyə baxış keçirib və problemin həlli ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət etdiklərini bildiriblər.

Sakinlər deyirlər ki, ADSEA-nın əməkdaşları yay aylarında zirzəmidə yığılan suyu çəkiblər. Lakin problemin əsas səbəbi aradan qaldırılmadığından zirzəmi qısa müddət sonra yenidən su ilə dolub.

“Su çəkilir, amma bir müddət sonra yenidən zirzəmidə su yaranır. Çünki problem xəttlərdədir. Su və kanalizasiya xətləri köhnə olduğuna görə, əsaslı təmir aparılmasa, zirzəmidən su çəkməklə məsələ həll olunmur”, - sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, mövcud vəziyyət binanın sakinləri üçün ciddi narahatlıq yaradır. Onlar su və kanalizasiya xətlərinin nə vaxt təmir ediləcəyini və problemin birdəfəlik aradan qaldırılacağını bilmək istəyirlər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin həlli birbaşa ADSEA-nın səlahiyyətindədir və məsələyə həmin qurum tərəfindən müdaxilə edilməlidir.
Beləliklə, sakinlərin qarşısında əsas sual qalır: zirzəmidə suyun çəkilməsi ilə kifayətlənmək əvəzinə, köhnəlmiş su və kanalizasiya xətləri nə vaxt təmir olunacaq?
Sakinlər ümid edirlər ki, aidiyyəti qurumlar problemi növbəti dəfə yalnız müvəqqəti olaraq aradan qaldırmayacaq, su sızmasının mənbəyini müəyyənləşdirərək xəttləri təmir edəcək və zirzəminin davamlı şəkildə su altında qalmasının qarşısını alacaqlar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR