Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Muxtar Respublikasında nazir müavinlərinin və digər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırılacaq.
Bu, Naxçıvan Muxtar Respublikasının baş naziri Cabbar Musayevin imzaladığı qərarla təsdiqlənən “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb. Qaydaya əsasən, baş nazir həmin şəxsləri səlahiyyətli nümayəndəliklə razılaşdırmaqla vəzifəyə təyin edir və vəzifədən azad edir. Nazirlər Kabinetinə üzvlüyə namizədlər barədə təkliflər Ali Məclisə təqdim edilməzdən əvvəl də səlahiyyətli nümayəndəliyin razılığı alınmalıdır. Bunun üçün namizədlər haqqında müvafiq məlumatlar nümayəndəliyə təqdim olunacaq. Nazirlər Kabinetinin tərkibi ilə bağlı nümayəndəlikdən daxil olan təkliflər isə Baş nazir tərəfindən nəzərə alınacaq.
Göründüyü ki, Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbovdan sonra muxtar respublikada Ali Məclis səlahiyyətlərini itirməkdə davam edir. Bu prosesin sonunda Ali Məclisin, yaxud Naxçıvanın muxtar statusunun ləğvi mümkündürmü? İkisindən hansı birinin ehtimalı yüksəkdir?

Əslən Naxçıvandan olan tanınmış siyasətçi, AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-da bu məsələyə belə şərh verdi: “Naxçıvan Muxtar Respublikasında nazir müavinləri və digər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinin Azərbaycan Respublikası Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi ilə razılaşdırılması ilk baxışdan Ali Məclisin səlahiyyətlərinin daha bir hissəsinin əlindən alınması kimi görünə bilər. Lakin hüquqi baxımdan burada hər hansı qeyri-adi qərardan söhbət getmir. Baş nazir Cabbar Musayevin imzaladığı “Nazirlər Kabinetinin iş qaydası” son konstitusion dəyişikliklərdən irəli gələn yeni idarəetmə modelinin praktik tətbiqidir. 2026-cı ilin fevralında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə Prezidentin səlahiyyətli nümayəndəliyi ayrıca icra orqanı kimi təsbit edildi. Daha mühüm məqam isə Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla müəyyən etməsidir. Eyni dəyişikliklərlə Naxçıvanda mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması və ləğvi də Prezidentin razılığına bağlandı.
Bu baxımdan hazırkı qərarı ayrıca hadisə kimi deyil, son illərdə Naxçıvanda gedən idarəetmə transformasiyasının növbəti mərhələsi kimi qiymətləndirmək daha doğrudur. 2022-ci ildə Prezidentin səlahiyyətli nümayəndəliyinin yaradılması ilə başlayan proses 2026-cı il konstitusiya dəyişiklikləri ilə daha aydın hüquqi çərçivəyə salındı. Bununla belə, “Ali Məclis bütün səlahiyyətlərini itirib” demək də doğru olmaz. Belə ki, yeni modeldə də Ali Məclisin rolu saxlanılır, lakin onun icra hakimiyyəti üzərində əvvəlki təsir imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Məsələn, Nazirlər Kabinetinin formalaşdırılması prosesində Ali Məclisin iştirakı davam edir. Baş nazir tərəfindən təqdim olunan namizədlərin Ali Məclisə çıxarılması mexanizmi tam aradan qalxmayıb. Sadəcə, artıq bu proses Prezidentin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırma mərhələsindən keçir. Yəni Ali Məclis prosesdən kənarlaşdırılmır, lakin qərarvermə zəncirində əvvəlki müstəqilliyini itirir. Bu isə daha geniş mənada Naxçıvanda mərkəzləşdirilmiş idarəetmə modelinə keçidi göstərir. Vasif Talıbov dövrünün başa çatmasından sonra əsas tendensiya yerli siyasi-inzibati institutların ləğvi deyil, onların səlahiyyətlərinin yenidən bölüşdürülməsi və Prezident institutunun koordinasiya rolunun gücləndirilməsi oldu”.
Politoloq hesab edir ki, bu prosesin son nəticəsinin Ali Məclisin ləğvi və ya Naxçıvanın muxtar statusunun aradan qaldırılması olacağı qənaəti isə hazırkı hüquqi və siyasi mənzərəyə uyğun gəlmir, əksinə, 2026-cı il dəyişiklikləri Naxçıvanın Konstitusiyada təsbit olunmuş muxtar statusunu saxlayır: “Prezident İlham Əliyev də 2026-cı ilin avqustunda Naxçıvana səfəri zamanı verdiyi müsahibədə muxtar respublikanın statusunun aradan qaldırılması istiqamətini deyil, əksinə, onun inkişafının davam etdirilməsi xəttini göstərdi. Deməli, hazırkı mərhələdə söhbət Naxçıvanın muxtariyyətinin ləğvindən yox, muxtariyyət daxilində idarəetmə mexanizmlərinin yenidən qurulmasından gedir. Ali Məclis qalır, lakin əvvəlki siyasi-inzibati çəkisi azalır, muxtariyyət isə saxlanılır, amma daha sıx mərkəzi koordinasiya şəraitində fəaliyyət göstərir. Odur ki, nə Ali Məclis, nə də Naxçıvanın muxtar statusunun ləğvi indi müzakirə predmeti deyil”.
Cavanşir Abbaslı
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ