İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və ABŞ-nin özəl orduları üz-üzə gəldi 

Konqo Demokratik Respublikasında Rusiyanın “Afrika korpusu” ilə ABŞ-nin məşhur “Blackwater” özəl hərbi şirkətinin qurucusu Erik Prinslə əlaqəli silahlı qrup arasında mümkün toqquşma barədə məlumat yayılıb. Hadisə nəticəsində ABŞ xüsusi təyinatlı qüvvələrinin veteranı, keçmiş UFC döyüşçüsü Tim Kennedi yaralanıb, Yeni Zelandiyanın keçmiş hərbçisi isə həyatını itirib.

Musavat.com açıq mənbələr əsasında araşdırmalar aparan “Atlas News” layihəsinə istinadən xəbər verir ki, hadisə sentyabr ayında Konqo Demokratik Respublikasında baş verib.

Məlumata görə, 47 yaşlı Tim Kennedi üç nəfərlik silahlı qrupun tərkibində snayper kimi fəaliyyət göstərib. Qrupun Erik Prinslə əlaqəli özəl hərbi strukturlar üçün əməliyyatlar həyata keçirdiyi bildirilir.

Kennedi pusquya düşərək bir neçə güllə yarası alıb. “Atlas News” onun vəziyyətinin sabit olduğunu bildirib. “MMA Weekly” nəşrinin məlumatına əsasən, yaralı amerikalı tibbi təyyarə ilə ABŞ-yə aparılıb.

Hücum zamanı Kennedi ilə birlikdə olan Yeni Zelandiyanın keçmiş xüsusi təyinatlı hərbçisi Castin Konaqlen həlak olub. “The New Zealand Herald” onun ölümünü sentyabrın sonunda təsdiqləyib. Məlumata görə, Konaqlen bu ilin avqustunda Yeni Zelandiya ordusundan ayrılaraq özəl təhlükəsizlik sektorunda işləməyə başlayıb. Onun nəşi vətəninə gətirilərək dəfn edilib.

Ən diqqətçəkən məqam hücumun arxasında Rusiya hərbçilərinin dayana biləcəyi barədə iddiadır.

“Atlas News”un məlumatına görə, pusqunu Rusiyanın Müdafiə Nazirliyi ilə əlaqəli “Afrika korpusu”nun döyüşçüləri təşkil etmiş ola bilərlər. Lakin bu versiya hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Hərbi jurnalist Robert Yanq Peltonun sözlərinə görə, amerikalıların əlaqəli olduğu qrup Konqoda faydalı qazıntıların hasilatından əldə olunan gəlirlərin qorunması, qaçaqmalçılıqla mübarizə və vergi yığılması ilə bağlı əməliyyatlarda iştirak edib.

Erik Prins vaxtilə dünyanın ən məşhur özəl hərbi şirkətlərindən biri olan “Blackwater”i yaradıb. Şirkət ABŞ-nin İraq və digər xarici hərbi əməliyyatlarında iştirakı ilə tanınıb. Prins 2010-cu ildə şirkəti satıb.

Bununla belə, onun Afrikadakı təhlükəsizlik və hərbi layihələrdə iştirakı davam edir.

BMT ekspertlərinin məlumatına əsasən, Prins 2024-cü ildə Konqo Demokratik Respublikası hökuməti ilə faydalı qazıntıların qaçaqmalçılığına qarşı mübarizə və hərbi dəstək göstərilməsi üçün beşillik müqavilə bağlayıb.

2026-cı ilin fevralında isə Prinsin “Vectus Global” şirkətinin nümayəndəsi BMT ekspertlərinə bildirib ki, Konqo hökuməti şirkəti Uvira şəhərinin üsyançılardan geri alınması əməliyyatının planlaşdırılmasına cəlb edib.

Rusiyanın “Afrika korpusu” da regionda fəallığını artırır. Onun döyüşçüləri qonşu Konqo Respublikasında prezident Deni Sassu-Nqessonun təhlükəsizliyinin təmin edilməsində və yerli hərbçilərin hazırlanmasında iştirak edirlər.

2026-cı ilin iyununda Rusiya hərbi kəşfiyyatının generalı Andrey Averyanov Konqo prezidentinin mühafizə xidmətinin rəhbərini Rusiyanın “Dostluq” ordeni ilə təltif edib.

Bundan əvvəl Rusiyanın Afrikadakı əsas silahlı qüvvələrindən biri “Vaqner” özəl hərbi şirkəti idi. Yevgeni Priqojinin ölümündən sonra Moskva onun bölmələrini tədricən Müdafiə Nazirliyinə bağlı strukturlarla əvəz etməyə başlayıb.

“Vaqner”in döyüşçüləri uzun müddət Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərərək yerli hakimiyyətin təhlükəsizliyinin təmin edilməsində, üsyançılara qarşı əməliyyatlarda və qiymətli faydalı qazıntı yataqları ilə bağlı layihələrdə iştirak ediblər.

2026-cı ilin mayında ABŞ-nin “Jamestown Foundation” analitik mərkəzi də “Afrika korpusu”nu Konqo Demokratik Respublikasında fəaliyyət göstərən hərbi podratçılar arasında göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR