Onlayn ictimai-siyasi qəzet
ATƏT Parlament Assambleyasının 24-cü payız sessiyası Andorrada öz işinə başlayıb. Musavat.com-un əldə etdiyi məlumata görə, sessiyanın 1-ci günündə Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın Komitə sədri Azay Quliyev “Parlamentlər etimad qurucuları kimi: çoxtərəfliliyin müdafiəsi və ATƏT məkanında ortaq öhdəliklərə sadiqliyin təmin edilməsi” mövzusunda keçirilən sessiyada çıxış edib.
A.Quliyev əvvəlcə Ermənistan təmsilçisinin çıxışına qısa şəkildə münasibət bildirmək məcburiyyətində olduğunu sessiya iştirakçılarının nəzərinə çatdırıb: “Sadəcə olaraq, onun ölkəmə qarşı irəli sürdüyü əsassız ittihamları rədd etmək istəyirəm və bunu hətta şantaj cəhdi kimi qiymətləndirərdim. Bu məsələni siyasi qrupumuzda qaldırdığı zaman mövqeyimi açıq şəkildə ifadə etdim. Lakin görürəm ki, o, bu yalanları Assambleyanın zalında təkrar etməkdə davam edir. Bunu təəssüf doğuran hal hesab edirəm”.
Erməni deputat Lilit Qalstyan çıxışı zamanı sərsəm iddialarla çıxış edərək bildirib ki, “Bakıda cəza çəkən ermənilər hərbi əsirlərdir”. O, erməni separatçılarını Bakıda ziyarət etmək üçün qrup yaratmaq təşəbbüsünü də qaldırıb və Azay Quliyevin sərrast cavabından sonra erməni deputatın ATƏT PA təmsilçilərini aldatmaq cəhdləri iflasa uğrayıb.
![]()
Çıxışına davam edən Azay Quliyev isə bildirib ki, ilk sessiyamız üçün seçilmiş “Parlamentlər etimad qurucuları kimi: çoxtərəfliliyin müdafiəsi və ATƏT məkanında ortaq öhdəliklərə sadiqliyin təmin edilməsi” mövzusunu çox yüksək qiymətləndirir: “Düşünürəm ki, bu, sadəcə bu gün üçün uyğun seçilmiş mövzu deyil. Bu mövzu daim Assambleyanın siyasi gündəliyinin mərkəzində qalmalıdır. Çoxtərəfli sistemin ciddi təzyiq altında olduğunu söyləməyə ehtiyac yoxdur. Beynəlxalq hüquq və beynəlxalq öhdəliklərə getdikcə daha çox məhəl qoyulmur, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün yaradılmış institutlar isə çox vaxt yaradıldıqları məqsədlərə uyğun nəticələri təmin edə bilmirlər. Nəticədə isə daha fundamental bir dəyəri itiririk - etimadı. Beynəlxalq institutlara, beynəlxalq hüquqa etimadı itiririk. Və dialoq və diplomatiya vasitəsilə dünya nizamını və təhlükəsizlik arxitekturasını qorumaq qabiliyyətimizə olan etimadı itiririk”.
Deputat deyib ki, bunu dəyişmək üçün islahatlara ehtiyacımız var: “Artıq məsələ islahatların zəruri olub-olmaması deyil. Əsl məsələ bu islahatları həyata keçirmək üçün siyasi cəsarətimizin olub-olmamasıdır. Məhz bu, bugünkü müzakirəni bu qədər vacib edir. Lakin islahatlar siyasi cəsarət, strateji baxış və konkret fəaliyyət tələb edir”.
A.Quliyev daha sonra dediklərini konkret bir nümunə ilə izah edib: “Ötən il Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə müraciətindən sonra, münaqişə kontekstində üç onillik əvvəl yaradılmış ATƏT-in Minsk Prosesi ATƏT-in bütün 56 iştirakçı dövlətinin konsensusu ilə bağlandı. Bu, göstərdi ki, şərait dəyişdikdə beynəlxalq mexanizmlər də dəyişə bilər və kollektiv diplomatiya və güclü siyasi cəsarət sülh və sabitlik naminə konkret nəticələr verə bilər”.
Sonda A.Quliyev sessiya iştirakçılarının diqqətini həllini gözləyən bir məsələyə yönəltmək istədiyini bildirib: “Bildiyiniz kimi, 1992-ci ildə keçmiş münaqişə kontekstində Azərbaycana qarşı ABŞ-ın Azadlığa Dəstək Aktının 907-ci düzəlişi qəbul edilib. Bu müddəanın qəbul edilməsinə səbəb olan şərait fundamental şəkildə dəyişib və münaqişə tamamilə həll olunub. Buna görə də amerikalı həmkarlarımı regionumuzda sülh və təhlükəsizlik naminə ABŞ-nin fəaliyyətini məhdudlaşdıran bu müddəanın daimi olaraq ləğv edilməsini nəzərdən keçirməyə çağırıram! Erməni nümayəndə heyətinin də mənim müraciətimə və ABŞ Konqresinə edilən bu çağırışa qoşulması konstruktiv yanaşma kimi qəbul edilərdi. Ermənistan tərəfindən atılacaq belə bir addım öz - özlüyündə regionumuzda etimad və inam quruculuğu prosesinə ciddi töhfə olardı”.
E.Paşasoy,
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ