İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan benzini revanşizmə OD vurub

“Əgər Ermənistan bazarında 80-100 dram ucuz olan rəqabətli məhsul peyda olarsa, təbii ki, onlar gedib bunu təchizatçılarına izah etməli, deməlidirlər ki, bizim də daha ucuz qiymətə ehtiyacımız var. Onlar xərclərini optimallaşdırmağa çalışmalı, rəqabətli qiymət təklif etməlidirlər ki, nəticədə vətəndaşımız 80, 100 və ya 60 dram ucuz yanacağa sahib olsun”.

Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycan benzininin idxalına toxunaraq qeyd edib.

“Baxın, dizel yanacağı 80 dram ucuzlaşarsa, bu o deməkdir ki, torpağı şumlayan traktor dizel yanacağına 20 faiz daha az pul xərcləyəcək", - deyə o bildirib.

Azərbaycandan nə qədər yanacaq gəldiyi və hansı şirkətlərin onu idxal etdiyi soruşulduqda, nazir belə cavab verib:

“Görünür, keçən dəfəki şirkətlərlə eynidir. Bir neçə min ton yanacaq gəlir və xəbər budur ki, təkcə premium deyil, həm də adi benzin və dizel yanacağı gəlir. Və bu, ilkin bazar qiymətindən 80 drama qədər ucuz olacaq. Yaxın günlərdə Ermənistana çatacaq. Bu, sensasiya olmamalıdır”.
Göründüyü kimi, Aİ 92 markalı benzinimiz də Ermənistana göndərilir. Üstəlik, qiymət onlar üçün daha əlçatandır. Bəs bu addımlar erməni cəmiyyətində revanş ovqatının aradan qalxmasına gətirəcəkmi?

Siyasi ntəhlilçi Sona Əliyeva Musavat.com-a söylədi ki, Azərbaycan benzininin və ya ümumilikdə götürdükdə, yanacağının münasib qiymətə Ermənistana göndərilməsi ilk növbədə Ermənistan hakimiyyətinə Bakıdan mülayim mesajdır:

“Azərbaycan bununla həqiqətən də sülh istədiyini, düşmənlik abı-havasının bizim üçün keçmişdə qaldığını, eyni səmimiyyəti və cəsarəti Ermənistandan da gözlədiyini açıq şəkildə göstərməkdədir. Görünən odur ki, xamelyon çalarlı İrəvan hakimiyyəti də hələ ki, Azərbaycanın bu jestlərinə isti yanaşır. Amma Ermənistan cəmiyyətində yanacaq alış-verişinə münasibət bir qədər fərqlidir. İki yüz illik "düşmənçilik zeyniyyəti" ermənilərin bir çoxunun genetik kodlarına oturub. Onu birdən-birə silib atmaq mümkün deyil. Ancaq sülh sazişi imzalandıqdan sonra vəziyyət yaxşıya doğru dəyişə bilər. Bu istiqamətdə əsas yük Nikol Paşinyan hökumətinin üzərinə düşür. Onlar xalqı böyük sülh və dayanıqlı iqtisadi inkişaf prosesinə hazırlamalıdır. Əks halda, uduzan tərəf ermənilər olacaq. Azərbaycan Ermənistana yanacaq göndərməklə Bakının çoxdan sülhə hazır olması ilə bağlı ismarış göndərir. Əgər erməni xisləti sülhə hə deyə bilməsə, dəmir yumruq ehtiyatda oturub. Düşünürəm ki, hiyləgər erməni xisləti hər şeyin fərqindədir və indiki məqamda Azərbaycanın gücünü, yumruğunu yenidən öz başında hiss etmək istəməyəcək”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR