İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan kənd təsərrüfatı üçün tarixi fürsət

Rusiya prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Moskva Ermənistanla itirdiyi ticarət imkanlarını Azərbaycanla kompensasiya etməyi planlaşdırır.

Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı sahəsində Ermənistandan daha geniş imkanlara malikdir, daha çox məhsul istehsal edir və Rusiyanın tələbatını qarşılayacaq həcmdə ixrac potensialına sahibdir. Titov vurğulayıb ki, məhz bu səbəbdən Rusiya üçün Azərbaycan daha etibarlı, sabit və perspektivli tərəfdaş kimi görünür.

48656e14-f834-3fea-b821-641edbd0a8cc_1200 (1).jpg (185 KB)

Bu açıqlama regionda iqtisadi münasibətlər və kənd təsərrüfatı məhsullarının ixracı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə son illər Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik fonunda Moskvanın iqtisadi tərəfdaşlıq prioritetlərini yenidən nəzərdən keçirməsi diqqət çəkir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının - xüsusilə meyvə-tərəvəz, istixana məhsulları, konserv və emal sənayesi məhsullarının - Rusiya bazarında mövqeyinin daha da güclənməsi ehtimalı yaranır.

Ekspertlər hesab edirlər ki, Rusiyanın bu yanaşması Ermənistan iqtisadiyyatı üçün müəyyən risklər də yarada bilər. Çünki Rusiya uzun illər Ermənistan kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarlarından biri olub. Bu bazarda payın azalması Ermənistan istehsalçıları üçün həm gəlir itkisinə, həm də yeni bazarlar axtarışı zərurətinə səbəb ola bilər.

Bəs Rusiyanın bu mövqeyi Azərbaycana hansı iqtisadi üstünlüklər qazandıra bilər? Bu proses Ermənistanın kənd təsərrüfatı sektoruna və ixrac potensialına necə təsir göstərə bilər? 

NATİQ CEFERLİ.jpg (27 KB)

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"Ermənistanla Rusiya arasında son ticarət müharibələri və Ermənistan məhsullarına qadağalar seçkiyə görədir, bunu hamımız bilirik. Bu proseslərin arxasında sırf iqtisadi deyil, eyni zamanda siyasi motivlərin olduğu açıq şəkildə hiss olunur".

İqtisadçının fikrincə, seçkidən sonra bu vəziyyət düzələcək və Ermənistan-Rusiya münasibətlərində müəyyən normallaşma olacaq:

"Əgər Paşinyan hakimiyyətdə qalacaqsa, ilk səfərlərindən birini elə Moskvaya edəcək. Bu barədə artıq müəyyən anonslar da verilib və iyulun əvvəlində belə bir səfərin baş tuta biləcəyi gözlənilir. Yəni seçkidən sonrakı mərhələdə Moskva–İrəvan xəttində yeni siyasi balansın formalaşması ehtimalı kifayət qədər yüksək görünür.

İkinci məsələ isə iqtisadi reallıqlarla bağlıdır. Əgər Azərbaycanın məhsulları çoxdursa, onsuz da Rusiyaya sata bilər. Ermənistanın nə məhsul həcmi var ki, Azərbaycan məhsullarına mane olsun? Burada əsas məsələ Ermənistan deyil, bazarın ümumi strukturu və ixrac imkanlarıdır. Bizdə problem odur ki, istehsalımız o qədər çox deyil ki, həcm olaraq həm daxili bazarı, həm Rusiya bazarını tamamilə təmin edə bilək. Yəni artıq məhsul olanda Rusiya bazarına gedir və bu proses Ermənistanla ciddi şəkildə birbaşa əlaqəli deyil. Sadəcə, Rusiyadan səsləndirilən bəyanatlar seçki öncəsi qıcıq yaratmaq üçündür.

Azərbaycan artıq uzun müddətdir Rusiyaya kənd təsərrüfatı məhsullarının böyük əksəriyyətini - 80 faizə yaxınına qədər hissəsini ixrac edir. Bu isə göstərir ki, mövcud ticarət axınları Ermənistanla birbaşa rəqabət və ya əlaqə üzərindən qurulmayıb. Amma biz Ermənistandakı vəziyyətdən dərs çıxarmalıyıq. Çünki Rusiya zaman-zaman Azərbaycan pomidoruna, meyvəsinə və digər kənd təsərrüfatı məhsullarına qarşı da problemlər yarada bilər. Yəni Rusiya bazarından bu qədər asılılıq uzunmüddətli perspektivdə doğru deyil. Ermənistandakı hadisələr də bunu sübut edir ki, biz yeni bazarlara çıxış imkanlarını daha da genişləndirməliyik. Qərb ölkələrinə, Pakistana və digər ölkələrə satış həcminin artırılmasına çalışmalıyıq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR