İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan orta güc modelini uğurla nümayiş etdirir

“Orta güc sayılan ölkələr ərazisindən, əhali sayından asılı olmayaraq qlobal proseslərdə böyük rol oynayan ölkələrdir. Bu kontekstdə Azərbaycan beynəlxalq təşkilatlardakı rolu ilə nümunə yaratmağı bacarıb”.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan bir neçə beynəlxalq təşkilatda aparıcı rola malikdir:

“Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək çox böyük töhfələr verib. Azərbaycan 2019-cu ildən 2023-cü ilə qədər 4 il ərzində Qoşulmama Hərəkatına uğurlu sədrlik edib. Azərbaycanın sədrliyi o qədər uğurlu oldu ki, hətta üzv ölkələr sədrliyin növbəti ildə də davam etməsini istədilər. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə yeni təşəbbüslər, yeni ideyalar ortaya qoydu: Gənclər Hərəkatının yaradılması, Parlament Şəbəkəsinin yaradılması və s. Bu təşkilat uzun illər fəaliyyət göstərsə də, belə kritik elementlərə malik olmayıb. Azərbaycan, həmçinin, COP29-a uğurlu ev sahibliyi edib. Bakıda qəbul edilən qərarlar beynəlxalq iqlim diplomatiyasına önəmli töhfə verib. Əldə olunan nəticələr Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri açıq olmasa, tranzit imkanları çətinləşəcək:

“Bu dəhlizlərdə Avropa ilə Asiya arasında quru və hava yolları kəsişir. Nəzərə almaq lazımdır ki, regionda tez-tez konfliktlər olur. Bəzi ölkələrdə hava nəqliyyatı bağlanır. Azərbaycan yeganə bağlantıdır. Eyni zamanda Azərbaycan Yaxın Şərq və Asiya bazarlarında fəal iştirakçıya çevrilib. Bütün bunlar Azərbaycanın davamlı iqtisadi inkişafı, eyni zamanda regional sülhün qorunması üçün yeni formatlar, yeni imkanlar yaradır”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2026

24 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR