Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Avropa İttifaqına qayıtması ilə bağlı müzakirələr yenidən güclənib. London meri Sadiq Xan hökuməti vaxt itirmədən ölkənin Aİ-yə yenidən üzvlüyünə hazırlıq görməyə çağırıb.
Musavat.com Britaniya mediasına istinadən xəbər verir ki, Sadiq Xan The i Paper nəşrinə müsahibəsində baş nazir Endi Börnhemə müraciət edib. O, Leyboristlər Partiyasının növbəti parlament seçkiləri üçün proqramına Böyük Britaniyanın Avropa İttifaqına qayıtması ilə bağlı öhdəlik daxil etməsini istəyib.
“Biz bu işə indidən başlamalıyıq. Ümumi seçkilərə bir həftə qalmış papaqdan dovşan çıxarıb altı həftə ərzində Avropa İttifaqına qayıdacağımızı elan edə bilmərik”, – deyə London meri bildirib.
Xanın sözlərinə görə, hökumət ilk növbədə ictimai rəyi hazırlamalı, britaniyalılara Brexit-in mənfi nəticələrini və Aİ üzvlüyünün mümkün üstünlüklərini izah etməlidir.
O, Britaniya vətəndaşlarına Avropa İttifaqından kənarda qalmaq istəyib-istəmədiklərinə dair ikinci dəfə qərar vermək imkanı yaradılmasını da təklif edib.
London merinin açıqlaması Brexit tərəfdarlarının etirazına səbəb olub. Reform UK partiyasından deputat Endryu Rosindell Xanı 2016-cı il referendumunun nəticələrini dəyişdirməyə çalışmaqda ittiham edib. Deputatın fikrincə, mer diqqətini Londonun problemlərinə yönəltməlidir.
Böyük Britaniyanın nüfuzlu Unite həmkarlar ittifaqının baş katibi Şeron Qrem də Brexit qərarına yenidən baxılmasının əleyhinə çıxıb. Bununla belə, o, mümkün sahələrdə Avropa ilə daha sıx əməkdaşlığı dəstəklədiyini bildirib.
Sadiq Xanın çağırışı ölkənin keçmiş baş naziri Toni Blerin oxşar təşəbbüsündən sonra səslənib. Bler ötən həftə Britaniyanın növbəti on il ərzində Avropa İttifaqına qayıtmağı strateji məqsəd kimi müəyyənləşdirməsini təklif etmişdi.
Hazırkı baş nazir Endi Börnhem isə Britaniyanın Aİ-yə qayıtması barədə konkret öhdəlik götürməyib. Bununla belə, o, növbəti seçki proqramında belə bir vədin yer alacağını istisna etməkdən imtina edib.
Xatırladaq ki, Leyboristlər Partiyasının 2024-cü il seçki proqramında Britaniyanın Aİ-nin vahid bazarına və gömrük ittifaqına qayıtmaması, eləcə də sərbəst hərəkət rejiminin bərpa edilməməsi nəzərdə tutulmuşdu.
Beləliklə, Britaniyanın Avropa İttifaqına qayıtması məsələsi Leyboristlər Partiyası daxilində yenidən siyasi müzakirə mövzusuna çevrilir. Lakin hökumət hələlik bu istiqamətdə rəsmi qərar qəbul etməyib.
Musavat.com
28 Sentyabr 2026
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ