Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevə qarşı Vaşinqtonda baş verən təxribat bizi bir daha acı reallıqla üz-üzə qoydu. Bu onu göstərdi ki, öz şəxsi ambisiyalarını və xarici dairələrin maraqlarını milli maraqlardan üstün tutan qüvvələr hələ də mövcuddur. Böyük beynəlxalq tədbirin keçirildiyi bir gündə təhlükəsizlik qaydalarını kobud şəkildə pozmağa cəhd göstərmək nə “demokratiya”, nə də “ifadə azadlığı” ilə izah oluna bilər. Bu, açıq şəkildə təxribat və Azərbaycan dövlətinə qarşı yönəlmiş planlı kampaniyanın tərkib hissəsidir.
Bir daha xatırlatmağı borc bilirik ki, həmin təxribata ilk dəstək verən qurumlardan biri “Armenian National Committee of America” (ANCA) oldu. Təsəvvür edin ki, təşkilat illərdir ABŞ siyasətində Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir və regionda sülhə deyil, qarşıdurmaya xidmət edən yanaşmalarıyla tanınır. Onun ardınca dərhal səsini çıxaran və anti-Azərbaycan ritorikası ilə seçilən konqresmen Frank Pallone 907-ci düzəlişin müəlliflərindən biri kimi Xocalı həqiqətlərini inkar edən mövqeyi və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinə qanunsuz səfərləriylə yadda qalıb. Onun siyasi fəaliyyətinin erməni millətçi dairələrinin maraqları ilə üst-üstə düşməsi təsadüfi deyil.
Vaşinqtondakı təxribat nə insan haqları uğrunda mübarizə idi, nə də hansısa “ədalət” çağırışı, bu, açıq şəkildə Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna xələl gətirmək cəhdi idi. ABŞ polisi və təhlükəsizlik xidmətinin müdaxiləsi nəticəsində bu cəhdlərin qarşısının alınması isə göstərdi ki, qanunsuz və aqressiv davranış heç bir ölkədə qəbul edilmir. Bütün bu hücumların fonunda Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti bir daha özünü doğruldur. Məhz onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada müstəqil, suveren və milli maraqlara əsaslanan siyasət yürüdür. Dövlət başçısının ardıcıl diplomatik xətti, ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar və qlobal platformalarda sərgilədiyi mövqe bəzi dairələri ciddi şəkildə narahat edir.
“Vaşinqtondakı anti-milli ünsürlərin erməni lobbisi ilə eyni “əqidə”ni və “fikri” paylaşmasını bütün dünya gördü. Həmin anti-milli ünsürlər ermənilərlə işbirliyi içərisindədir. Hətta amerikalı bəzi siyasi işbazların da “prosesə” dəstək verməsi gözdən-nəzərdən yayınmadı. Onlar Azərbaycan xalqının düşmənləridir”.
Bu sözləri Musavat.com-a siyasi şərhçi Sona Əliyeva deyib.

Onun sözlərinə görə, təxribatçılar Xocalı soyqırımını tanımayan, işğal dönəmində ermənilərin maraqlarını müdafiə edən Frenk Pallone ilə eyni fikri paylaşaraq, “sapı özümüzdən olan balta” olduqlarını bir daha sübuta yetirdilər:
“Görünən odur ki, aksiyanı ANCA və bu kimi erməni lobbisinin əlaltı təşkilatları maliyyələşdirib. Həmin şəxslər Azərbaycana və onun rəhbərinə qarşı qara kampaniya aparmaqla öz xalqına və dövlətinə kin-küdurətlərini ortaya qoydular. Onlar Azərbaycanın dünya miqyaslı uğurlara imza atmasını həzm edə bilmirlər. Ölkəmizi qlobal miqyasda barmaqla göstərilən və nailiyyətlərinə görə aparıcı beyin mərkəzləri tərəfindən təhlil olunan bir dövlət kimi görməyi həzm etmək istəmirlər. Çünki pula satılanların nə dövləti, nə də milliyyəti olur. Xaricdə oturub ölkəmizə düşmən kəsilənlər sadəcə qara pulların yuyulmasında iştirak edən, birdəfəlik istifadə üçün seçilmiş murdar alətlərdir.
Düşünürəm ki, xalq bir daha onların iç üzünü gördü. Azərbaycanda sabitliyin və təhlükəsizliyin memarı, Cənab Prezidentimizin qazandığı uğurlar görünür, kimlərisə narahat etməyə başlayıb. Azərbaycan xalqı öz Prezidentini sevir. Xalqımız müzəffər ali baş komandanımızın arxasında dağ kimi dayanıb. Bu, təkcə erməniləri yox, həm də düşmən dəyirmanına su tökən kimliksizləri, üzdəniraqları da narahat etməkdədir. Düşünürəm ki, ABŞ-də mötəbər tədbirin keçirildiyi zamanda Azərbaycana qarşı qara kampaniyalar, çirkli addımlar atanların cəzasını elə Amerika qanunları kəsəcək. Bu kimi qara kampaniyalar həm də Tramp-Əliyev, Bakı-Vaşinqton münasibətlərinə kölgə salmağa yönəlmiş addımlardır”.
Cavanşir ABBASLI
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ