İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın emissarları Kremldən Kiyevə çox "ağır yük" aparıb: ABŞ və Rusiya Ukrayna üçün "qaranlıq tunel" çəkir

ABŞ əvvəlcə Rusiyanın real mövqeyini müəyyənləşdirməyə, daha sonra isə Ukraynanın buna mümkün reaksiyasını öyrənməyə çalışır... Nəhayət, yalnız bundan sonra yekun mərhələdə münaqişə tərəflərinin mövqelərində mümkün kəsişmə nöqtələrini tapmaq istəyir...

Ukrayna savaşının dayandırılmasında və ya davam etməsində maraqlı olan bütün qlobal siyasi iradə mərkəzləri üçün Kremldə Rusiya prezidenti Vladimir Putin ilə ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşner arasında keçirilən görüş böyük önəm daşıyırdı. Üstəlik, bu görüşdə Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla həlli istiqamətində yeni və kifayət qədər önəmli siyasi mesajların verildiyi də inkaredilməz reallıqdır. Və ən əsası isə danışıqların məzmunu Ağ Evin Kreml ilə təmasları intensivləşdirdiyini, eyni zamanda, bu münaqişənin həlli üçün birbaşa ABŞ-Rusiya kanalını əsas siyasi-diplomatik mexanizmlərdən birinə çevirməyə çalışdığını da göstərir.

Onu da qeyd etmək lazımdır ki, bu görüşdə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib. ABŞ nümayəndə heyətinin tərkibi isə danışıqların yalnız siyasi-diplomatik deyil, eyni zamanda, siyasi və strateji xarakter daşıdığını göstərir. Prezident Vladimir Putin görüş zamanı ABŞ lideri Donald Trampın münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirməsindən məmnun olduğunu vurğulayıb.

Təbii ki, Rusiya liderinin Ağ Ev sahibinə yönəlik bu iltifatı Kremlin hazırkı mərhələdə ABŞ ilə siyasi dialoqu tamamilə fərqli müstəviyə keçirməkdə maraqlı olduğunu nümayiş etdirir. Belə ki, Rusiya liderinin sözlərinə görə, ABŞ tərəfi ilə təmaslar faydalıdır və münaqişənin həlli yollarının axtarışına kömək edir. Halbuki, vaxtilə Ağ Ev və Kreml arasındakı münasibətlər uzun müddət qarşılıqlı ittihamlar, sanksiyalar və hərbi-siyasi qarşıdurma mühitinə bağlı idi. İndi isə Kreml Tramp administrasiyasının siyasi-diplomatik fəaliyyətinə daha müsbət münasibət bəsləyir.

tr-pr-qara-2.JPG (74 KB) 

Maraqlıdır ki, ABŞ-ın indiki fəaliyyəti əsasən Rusiya və Ukrayna arasında "sülh körpüsü" qurmaq cəhdləri üzərində indeksləşib. Bu baxımdan, prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Moskvadan sonra birbaşa Ukrayna paytaxtı Kiyevə yollanmaq niyyəti qətiyyən gözlənilməz deyil. Bu önəmli məqam Ağ Evin yalnız Kremlin mövqeyini dinləmədiyini, eyni zamanda, Rusiya və Ukrayna arasında mövqelərin yaxınlaşdırılması üçün vasitəçi rolunu oynamağa çalışdığını da göstərir.

Yəni, ABŞ nümayəndələri Moskvada Putinin mövqeyini öyrəndikdən dərhal sonra Kiyevə üz tutur. Bu, Ağ Evin münaqişənin siyasi həlli üçün iki paytaxt arasında diplomatik koordinasiya mexanizmi formalaşdırmağa çalışdığını göstərən önəmli məqamdır. Çünki indi Rusiyanın hansı şərtlərlə kompromisə hazır olmasını və Ukraynanın həmin tələblərin nə qədərini qəbul edə biləcəyini müəyyən etməyə böyük ehtiyac var.

Məsələ ondadır ki, Rusiya tərəfi ABŞ təmsilçiləri ilə danışıqlarda münaqişənin “ilkin səbəblər"inin aradan qaldırılmasının vacibliyini yenidən ön plana çəkib. Belə ki, Kreml Ukrayna müharibəsinin yalnız atəşkəs yolu ilə dayandırılmasını yetərli hesab etmir. Ona görə də, qlobal təhlükəsizlik arxitekturasının dəyişdirilməsini, NATO-nun regiondakı rolunun məhdudlaşdırılmasını və Rusiyanın strateji maraqlarının mütləq nəzərə alınmasını da istəyir.

pr-tr-qara-1.JPG (65 KB) 

Bununla belə, Rusiya tərəfi bu görüşü “məzmunlu və etimadlı” adlandırıb. Kremldən verilən açıqlamaya görə, görüşdə münaqişənin hazırkı vəziyyəti və onun siyasi-diplomatik yolla nizamlanmasının mümkün variantları ətraflı müzakirə olunub. ABŞ nümayəndələri isə hətta savaşın dayandırılması ilə bağlı öz təkliflərini də təqdim ediblər. Və bu önəmli məqam prosesin yeni mərhələyə keçə biləcəyinə yönəlik ehtimalları ciddi şəkildə artırır.

Çünki indi artıq sadəcə, “danışıqların mümkünlüyü” barədə siyasi bəyanatlar deyil, həm də konkret sülh təkliflərinin müzakirəsi də müşahidə olunur. Halbuki, Kremlin ABŞ təkliflərini qəbul edib-etmədiyi barədə hələlik konkret məlumatın açıqlanmaması da müəmmalı xarakter daşıyır. Və bu onu göstərir ki, sülh danışıqlarının ən həssas məzmunlu hissəsi hələlik məhz qapalı siyasi-diplomatik kanallarda gizli saxlanılır.

Digər tərəfdən, prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampa ən xoş arzularını çatdırması və ona münaqişənin nizamlanmasına yönəlik cəhdlərinə görə təşəkkür etməsi də maraq doğurur. Çünki Rusiya prezidentinin bu mesajının siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Yəni, Kreml faktiki olaraq, Tramp administrasiyasının siyasi-diplomatik təşəbbüslərini ayrıca qiymətləndirdiyini nümayiş etdirir. Bu isə əvvəlki Bayden administrasiyası ilə müqayisədə, Kremlin prezident Donald Trampa münasibətində olduqca ciddi fərqin yarandığını göstərir.

 pr-tr-cr.JPG (62 KB)

Bütün bunları nəzərə aldıqda, indi sülh prosesinin ən mürəkkəb mərhələsinin məhz Kiyevdə başlayacağı qətiyyən şübhə doğurmur. Çünki Kremlin son mövqeyi artıq ABŞ nümayəndələrinə birbaşa çatdırılıb. Həmin mövqenin amerikalı vasitəçiləri Kiyevdə hansı reaksiya ilə qarşılaşdıracağı isə müəmmalıdır. Ukrayna üçün əsas "ağır yük" odur ki, istənilən sülh prosesi ərazi məsələləri, təhlükəsizlik təminatları, NATO ilə münasibətlər və gələcəkdə Rusiyanın hərbi təhdidlərinin qarşısının alınması kimi son dərəcə həssas mövzuları mütləq ön plana çıxaracaq.

Göründüyü kimi, Ağ Ev əvvəlcə Rusiyanın real mövqeyini müəyyənləşdirməyə, daha sonra rəsmi Kiyevin buna reaksiyasını öyrənməyə çalışır. Nəhayət, son mərhələdə münaqişə tərəflərinin mövqelərində mümkün kəsişmə nöqtələrini tapmaq istəyir. Və əgər, bu siyasi-diplomatik mexanizm pozitiv nəticə verərsə, müharibənin dayandırılması ilə bağlı yeni format ortaya çıxa bilər.

Əks halda isə Ağ Ev və Kreml arasında intensivləşən danışıqlar münaqişənin həllinə aparmış olmayacaq. Və Ukrayna üçün "qara tunel" çəkmək cəhdi kimi görünən bu proses, ən yaxşı halda, sadəcə, münaqişə tərəflərinin növbəti siyasi-diplomatik manevrləri çərçivəsində qapalı qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR