İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk lirəsinə mühüm xalq güvəni - 61,5 faizə qalxdı, inflyasiya azalır

Türkiyədə milli valyutaya etimadın artması ilə bağlı diqqətçəkən göstərici açıqlanıb.

Musavat.com xəbər verir ki, türk lirəsi ilə olan əmanətlərin ümumi əmanətlərdəki payı 31,6 faizdən 61,5 faizə yüksəlib.

Bunu Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz 2027–2029-cu illəri əhatə edən Ortamüddətli Proqramı (OVP) təqdim edərkən bildirib.

Yılmaz türk lirəsinə etimadın artmaqda davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, TL ilə olan əmanətlərin ümumi əmanətlərdə payı 31,6 faiz səviyyəsindən avqustun 28-nə 61,5 faizə yüksəlib. Vitse-prezident bunu həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünün konkret göstəricisi adlandırıb.

Yılmaz inflyasiya ilə mübarizədə də mühüm məsafə qət edildiyini bildirib. 2024-cü ilin mayında 75,5 faizə çatan inflyasiyanın həyata keçirilən siyasət nəticəsində nəzərəçarpacaq azalma tendensiyasına keçdiyini deyib. Hökumət 2026-cı ilin sonunda inflyasiyanın 28,4 faiz təşkil edəcəyini gözləyir.

Yeni iqtisadi yol xəritəsinə əsasən, inflyasiyanın 2027-ci ildə 21 faizə, 2028-ci ildə 13,5 faizə, 2029-cu ildə isə 9 faizə endirilməsi hədəflənir.

Cevdet Yılmaz həmçinin 2026-cı ilin sonunda Türkiyənin milli gəlirinin Cümhuriyyət tarixində ilk dəfə 1,8 trilyon dolları, adambaşına düşən milli gəlirin isə 20 min dolları keçəcəyini gözlədiklərini açıqlayıb.

Proqrama görə, iqtisadi artımın 2027-ci ildə 4,2, 2028-ci ildə 4,6, 2029-cu ildə isə 5 faiz olması nəzərdə tutulur. OVP dövrünün sonunda milli gəlirin 2,2 trilyon dolları keçməsi, mal və xidmət ixracının isə 450 milyard dollara çatdırılması hədəflənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR