İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kreml üçün sərfəli "geopolitik boşluq" yaradır: Rusiya isə Almaniyaya qarşı "dağıdıcı savaş" planı qurur

Kollektiv Qərbin daxilində Rusiya ilə bağlı yanaşmalarda ziddiyyətlər dərinləşdikcə, Kreml üçün geostrateji manevr imkanları da genişlənir... ABŞ-ın siyasi dialoq, Avropa Birliyinin isə sərt təzyiq xəttini önə çıxarması, məhz Rusiya üçün daha sərfəli "geopolitik boşluq" yaradır...

Rusiya və kollektiv Qərb arasındakı münasibətlərdə ziddiyyətli, həm də kifayət qədər təhlükəli situasiya formalaşmaqdadır. Bir tərəfdən, ABŞ Rusiya ilə siyasi-diplomatik dialoq kanallarını yenidən aktivləşməyə çalışır. Digər tərəfdən isə Rusiya Avropa ölkələrinə qarşı hərbi ritorikanı daha da sərtləşdirirlər. Tramp administrasiyasının Rusiyanın maliyyə naziri Anton Siluanovu G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ABŞ-dakı toplantısına dəvət etməsi bu baxımdan, xüsusilə böyük maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, əgər, reallaşarsa, bu, Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyanın maliyyə blokunun yüksək səviyyəli nümayəndəsinin G20 formatında ilk birbaşa iştirakı ola bilər. Ağ Evin bu addımı Avropanın bir sıra paytaxtlarında olduqca ciddi narahatlıq doğurub. Və Almaniya Rusiyanın belə bir toplantıda iştirakı ehtimalının “narahatlıq doğuran siqnal” olduğunu bəyan edib.

Əslində isə burada məsələ Rusiya təmsilçisinin yalnız bir toplantıda iştirak ehtimalı ilə qapanmır. Belə ki, ABŞ-ın Rusiya ilə münasibətlərdə kommunikasiya kanallarını tamamilə bağlamaq niyyətində olmadığı görünür. Yəni, Ağ Ev üçün Rusiya ilə birbaşa dialoq həm Ukrayna savaşının gələcək inkişaf istiqamətləri, həm qlobal enerji bazarları, həm də beynəlxalq maliyyə sistemi baxımından, önəmli siyasi-diplomatik alət olaraq, qalır.

tr-pr-av-1.JPG (71 KB)

Ancaq bununla belə, Rusiyanın G20-yə dəvət olunması avtomatik olaraq, ABŞ-ın Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri yumşaltması demək deyil. Əksinə, Ağ Ev hələlik bu iki prosesi bir-birindən ayırır. Yəni, ABŞ bir tərəfdən, siyasi və iqtisadi dialoqun müəyyən kanallarını açıq saxlayır, digər tərəfdən isə sanksiya siyasətini ayrıca təzyiq aləti kimi qoruyur.

Ona görə də, elə məhz bu önəmli məqam Avropa ölkələrinin narahatlığını artırır. Belə ki, Avropa Birliyi daxilində Rusiyanın beynəlxalq platformalarda yenidən legitim tərəfdaş kimi görünməsinə qarşı ciddi müqavimət mövcuddur. Ağ Evin Kreml ilə daha praqmatik münasibət qurması isə Avropa Birliyinin Rusiya siyasəti və ABŞ-ın yanaşması arasında yeni kəskin fikir ayrılıqlarının yaranması ehtimalını daha da gücləndirir.

Digər tərəfdən, Rusiya və Avropa Birliyi arasındakı qarşıdurmanın enerji cəbhəsində də yeni gərginlik mərhələsinə keçmə ehtimalı mövcuddur. Belə ki, Rusiya Dövlət Dumasında Rusiyanın Macarıstana neft və qaz tədarükünü dayandırmasının vacibliyi ilə bağlı təkliflər gündəmə gətirilib. Bu barədə təkliflər məhz rəsmi Budapeştin Rusiyanı təhlükə mənbəyi kimi göstərməsinə paralellik təşkil edir. Halbuki hələlik Rusiyanın Macarıstana enerji ixracını dayandırmaq barədə rəsmi qərarı yoxdur.

Ancaq bu barədə ehtimalın siyasi səviyyədə gündəmə gətirilməsi belə, Rusiyanın enerji resurslarından xarici siyasətdə təzyiq aləti kimi istifadə imkanlarının hələ də gündəmdə olduğunu göstərir. Macarıstan isə bu məsələdə Avropa Birliyinin ümumi xəttinə tam uyğunlaşmayan mövqeyi ilə uzun müddətdir ki, diqqət çəkir. Ona görə də, Kremlin rəsmi Budapeştə qarşı enerji təzyiqi ehtimalını gündəmə gətirməsi yalnız Rusiya-Macarıstan münasibətlərinə deyil, Avropa Birliyinin enerji təhlükəsizliyinə də təsir edə biləcək siyasi mesajdır.

tr-pr-av-3.JPG (50 KB)

Bütün bunlara paralel olaraq, ən təhlükəli istiqamət isə Rusiyanın Almaniyaya qarşı hərbi təhdidləri kəskinləşdirməsi ilə bağlıdır. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın Rusiyanı Leypsiq hava limanında baş verdiyi bildirilən dron insidenti ilə əlaqələndirməsinə sərt reaksiya verib. O, yaxın vaxtlarda Almaniyanın hərbi sənaye müəssisələrinə “birbaşa zərbələr”in endirilməsini mümkün variant kimi təqdim edib. Və Kreml təmsilçisi hətta Almaniya paytaxtı Berlinin bəzi ərazilərinin də hərbi hədəfə çevrilə biləcəyinə eyham vurub.

Onu da qeyd etmək lazımdır ki, Almaniya sözügedən hərbi insidentə görə siyasi məsuliyyəti məhz Rusiyanın üzərinə qoyub. Dmitri Medvedev isə bunu “uydurulmuş təxribat” adlandıraraq, Almaniya rəhbərliyinə qarşı daha sərt cavabın mümkünlüyünü vurğulayıb. Bu ritorika adi siyasi-diplomatik mübahisə çərçivəsindən artıq kənara çıxır.

Çünki bu məsələ konkret olaraq, Almaniyanın hərbi-sənaye obyektlərinin və hətta paytaxt Berlinin mümkün hərbi hədəf kimi göstərilməsi ilə bağlıdır. Belə təhdidkar bəyanatlar Avropa məkanında təhlükəsizlik mühitinin ciddi şəkildə gərginləşməsinə yol açır. Halbuki, Dmitri Medvedev bununla da kifayətlənməyərək, Ukraynaya siyasi və hərbi dəstək verən Avropa liderlərini də hədəfə alıb. Və onun Qərb siyasətçilərinin Ukraynaya səfərlərinə eyham vuraraq “onlar tez-tez Kiyevə qatarla gedirlər” ifadəsini işlətməsi də üstüörtülü təhdid mesajı kimi qəbul oluna bilər.

Göründüyü kimi, bütün bunlar olduqca paradoksal situasiyanın yarandığını biruzə verir. Belə ki, Ağ Ev Kreml ilə siyasi dialoq imkanlarını genişləndirərək, Rusiyanı yenidən önəmli beynəlxalq formatlardan birinə yaxınlaşdırmağa çalışır. Ancaq Kreml isə buna paralel olaraq, Avropanın aparıcı dövlətlərinə qarşı hərbi təhdid ritorikasını daha da gücləndirir.

tr-pr-av-2.JPG (53 KB)

Təbii ki, belə vəziyyət ABŞ və Avropa Birliyinin Rusiya siyasətində mövcud olan taktiki fərqlərin daha da dərinləşməsinin əlaməti sayıla bilər. Yəni, Ağ Ev Kreml ilə müəyyən kommunikasiya kanallarını açıq saxlamağı strateji zərurət hesab etdiyi halda, rəsmi Berlin və digər Avropa paytaxtları Rusiyanın beynəlxalq təcridinin zəifləməsini real təhlükə kimi qəbul edirlər. Və bu baxımdan, yaxın vaxtlarda ABŞ ilə Avropa Birliyi arasında Rusiya ucbatından yeni gərginliyin yarana biləcəyi də artıq qətiyyən istisna deyil.

Digər tərəfdən, əslində, G20 məsələsi də məhz daha böyük geopolitik prosesin tərkib hissəsi kimi görünür. Belə ki, Rusiya və Qərb arasında qarşıdurma davam edir. Ancaq qarşıduran tərəflər arasında siyasi-diplomatik, iqtisadi və strateji əlaqələrin bütün kanalları hələlik tamamilə qapanmayıb. Əksinə, müəyyən istiqamətlərdə siyasi dialoq üçün yeni "pəncərələr" açılır.

Ancaq müşahidələr onu göstərir ki, həmin "pəncərələr"in qarşısında hərbi eskalasiyanın "kölgə"si də dayanır. Hər halda, Ağ Evin Kreml ilə siyasi dialoqa qapı açması və Rusiyanın Almaniyaya qarşı raket və zərbə təhdidləri eyni geopolitik prosesin iki fərqli tərəfidir. Əgər, bu ziddiyyət daha da dərinləşərsə, qarşıdakı mərhələdə əsas məsələ ABŞ və Avropa Birliyinin Rusiya ilə münasibətlərdə vahid strategiyanı qoruyub, saxlaya bilib-bilməyəcəyi olacaq.

Çünki kollektiv Qərbin daxilində Rusiya ilə bağlı yanaşmalar nə qədər fərqlənərsə, Kreml üçün manevr imkanları bir o qədər genişlənə bilər. ABŞ-ın siyasi dialoq, Avropa Birliyinin isə təzyiq xəttini önə çıxarması Rusiya üçün məhz belə bir "geopolitik boşluq" yaradır. Dmitri Medvedevin Almaniya paytaxtı Berlinə qarşı hərbi zərbə təhdidləri isə Kreml daxilində Qərblə qarşıdurmanın hələ də əsas siyasi alətlərdən biri olaraq, qaldığını göstərir. Ona görə də, bu iki ziddiyyətli xətdən hansının üstünlük qazanacağı Rusiya-Qərb qarşıdurmasının növbəti mərhələsinin xarakterini müəyyən edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR