İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada qayalara yazı yazmaq əvəzinə nə etmək olar? – Alimdən MÜHÜM TƏKLİF

“Maddi və qeyri-maddi mədəni irs xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ümummilli sərvətdir. Bu irsin qorunması yalnız ayrı-ayrı abidələrin və ənənələrin mühafizəsi deyil, həm də xalqın keçmişinin gələcək nəsillərə ötürülməsi deməkdir. Buna görə də mədəni irsin qorunması, bərpası, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması dövlətin və cəmiyyətin mühüm vəzifələrindən biridir. Tarixi abidələr, memarlıq nümunələri, daş kitabələr, qəbirüstü abidələr, qalalar, tarixi əhəmiyyətli qayalar, mağaralar və digər maddi irs nümunələri yalnız keçmişin yadigarı deyil, həm də xalqın tarixi yaddaşını, mədəni kimliyini və nəsillərarası əlaqəsini əks etdirən qiymətli mənbələrdir”.

Bunu Musavat.com-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

FAİQ SON .png (900 KB)

O bildirib ki, mədəni irs obyektlərinin üzərinə ziyarətçilər tərəfindən ad, yazı, şəkil və digər işarələrin həkk edilməsi, onların cızılması, sındırılması və ya başqa formada zədələnməsi yolverilməzdir. Hətta xoş niyyətlə, o cümlədən şəhidlərin və tarixi şəxsiyyətlərin adlarını yazmaq məqsədilə həyata keçirildikdə belə, bu cür müdaxilələr irs obyektinin autentikliyinə və bütövlüyünə xələl gətirir:

“Mədəni irsi qorumağın ən doğru yolu onu dəyişdirmək deyil, olduğu kimi gələcək nəsillərə çatdırmaqdır. Xüsusi xatirə və ehtiram ifadələri üçün tarixi və təbii obyektlərə toxunmadan, bunun üçün nəzərdə tutulmuş memorial və informasiya məkanlarından istifadə edilməlidir. Maddi mədəni irs milli sərvətin tərkib hissəsi kimi qanunvericiliklə qorunur. Tarix və mədəniyyət abidələrinin fiziki bütövlüyünün pozulması, onların üzərinə müxtəlif yazıların həkk edilməsi və digər müdaxilələr irsin mühafizəsi prinsiplərinə ziddir. Azərbaycanda tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi, bərpası və mühafizəsi dövlət tərəfindən hüquqi mexanizmlərlə tənzimlənir. Cəmiyyətin arzu və istəklərinə uyğun olaraq müəyyən şərtlər daxilində döyüş bölgəsi olmuş qayalıq və digər ərazilərin ziyarət məkanına çevrilməsi və həmin əraziyə uyğun memorial kompleks yaradılması mümkündür. Lakin bunu sadəcə turizm obyekti kimi deyil, təhlükəsizlik, mədəni irsin qorunması, tarixi yaddaş və şəhərsalma prinsipləri əsasında həyata keçirmək lazımdır. Belə ərazilər üçün ən məqsədəuyğun yanaşmalardan biri “Döyüş və Tarixi Yaddaş Memorial Parkı” tipli konsepsiya kimi təqdim etmək olar. Lakin heç bir halda şəhidlərin adlarının təbii qayalara, tarixi daşlara və döyüş izlərinə həkk edilməsi və ya boya ilə yazılması memoriallaşdırmanın düzgün forması hesab edilə bilməz. Bunun əvəzinə həmin adlar peşəkar şəkildə layihələndirilmiş memorial elementdə əks etdirilməlidir. Beləliklə, həm şəhidlərin xatirəsi əbədiləşdirilir, həm də təbii landşaft və mümkün arxeoloji/mədəni irs qorunur”.

Faiq İsmayılovun sözlərinə görə, keçmiş döyüş bölgələri yalnız hərbi hadisələrin baş verdiyi məkanlar deyil, həm də cəmiyyətin tarixi yaddaşını, itkilərini, qəhrəmanlıq nümunələrini və münaqişənin sosial nəticələrini özündə əks etdirən xüsusi tarixi-mədəni məkanlardır:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçmiş döyüş mövqeləri, yüksəkliklər, qayalıqlar, səngərlər, istehkamlar və digər hərbi-tarixi məkanların bir hissəsi gələcəkdə xüsusi ziyarət və memorial məkanlara çevrilə bilər. Lakin bu proses yalnız ərazinin fiziki baxımdan abadlaşdırılması kimi qəbul edilməməlidir. Burada əsas məqsəd tarixi hadisənin məkan yaddaşını qorumaq, şəhidlərin xatirəsini yaşatmaq, gələcək nəsillərin maarifləndirilməsini təmin etmək və təhlükəsiz ziyarət infrastrukturu yaratmaq olmalıdır. Keçmiş döyüş bölgələrinin memorial və ziyarət məkanlarına çevrilməsi Azərbaycanın tarixi yaddaş siyasətinin, mədəni irsin qorunmasının və Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilməlidir. Lakin belə məkanların yaradılması zamanı əsas məqsəd yeni tikililər inşa etmək deyil, mövcud tarixi yaddaşı qorumaqdır. Xüsusilə döyüş bölgələrində yerləşən qayalıqlar, yüksəkliklər və digər təbii landşaft elementləri gələcək nəsillər üçün döyüşlərin məkan yaddaşını daşıyan autentik obyektlər kimi qorunmalıdır. Bu baxımdan ən düzgün yanaşma qayaların üzərinə yazılar yazmaq və ya onların üzərində memorial elementlər yaratmaq deyil, qayanı olduğu kimi saxlamaq, onun yaxınlığında elmi əsaslandırılmış memorial məkan yaratmaqdır. Bu modelin yaradılması, Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” qanunları və şəhərsalma qanunvericiliyinin müvafiq müddəaları ilə əlaqələndirilməlidir. Xüsusilə tarixi landşaftın qorunması və mədəni irs obyektlərinə müdaxilənin məhdudlaşdırılması bu layihənin əsas hüquqi prinsiplərindən olmalıdır. Belə bir model həm şəhidlərin xatirəsinə hörmət, həm mədəni irsin qorunması, həm tarixi landşaftın mühafizəsi, həm də təhlükəsiz və qanunauyğun ziyarət imkanlarının yaradılması baxımından daha davamlı yanaşma hesab edilə bilər”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR