İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Vensə AÇIQ məktub – Yerinə düşən MÜRACİƏT

Qərbi Azərbaycan İcması fevralın 10-11 tarixində Bakıda səfərdə olacaq ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə məktub ünvanlayıb. Məktubda Azərbaycanın multikultural və tolerant cəmiyyəti olduğu vurğulanır, Ermənistandan didərgin salınmış soydaşlarımızın məsələsi qabardılır.

İcma tezliklə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını ifadə edib:

“Keçmiş Sovetlər İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyi ucbatından 1987-ci ildən başlayaraq Ermənistanda qərbi azərbaycanlılar deportasiyaya məruz qalmış, kəndləri, yurd yerləri boşaldılmış, yandırılmış, talan olunmuş, məscidləri, mədəni irsi dağıdılıb. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilmiş, tarixi saxtalaşdırılıb. Xüsusilə, İrəvanda azərbaycanlılara məxsus Göy Məscidin mahiyyəti dəyişdirilib. Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-baba yurdlarını unutmamış, daim ora dönmək arzusu ilə yaşamışlar. Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiası yoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar. Tam əksinə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcə də ABŞ prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edən Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər”.

Müraciətdə, həmçinin, deyilir:

“Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton görüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq. Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkə arasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarət əlaqələrinin başlanmasını tam dəstəkləyirik. Biz, eyni zamanda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tezliklə reallaşmasını gözləyirik.

Hörmətli cənab Vens, son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək. Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyacımız var. Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcəkdir”.

img

Əslən Qərbi Azərbaycandan olan, AMİP liderinin köməkçisi Əli Orucov Musavat.com-a açıqlamasında bu bəyanatı dəstəklədiklərini bildirdi:

“Çox yerinə düşən müraciətdir. Qərbi Azərbaycanlıların öz ata-baba torpaqlarına yenidən qayıtması və söndürülmüş ocaqlarını yenidən qalaması barədə ümidləri heç vaxt ölməyib. Həmin torpaqları görməyən gənc nəsillər belə doğma yurd-yuvalarının xiffətini çəkməkdədir. Qərbi Azərbaycan dedikdə bu təkcə coğrafi ərazi kimi qavranılmır. Bu ərazilər xalqın tarixini, mədəniyyətini, adət-ənənəsini, qan yaddaşını, milli xüsusiyyətini, özünəməxsusluğunu özündə ehtiva edən müqəddəs məkan olaraq başa düşülür.

2020-ci il İkinci Qarabağ müharibəsində prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm zəfəri Qərbi Azərbaycana qayıdışla bağlı ümidlərə yeni təkan verdi. Bu mövzu aktuallaşaraq ictimai-siyasi proseslərin mərkəzinə gəldi. Qərbi Azərbaycan İcması təsis olundu və icma Qayıdış konsepsiyanı hazırlayaraq qəbul etdi. Eyni zamanda, təşkilatlanma istiqamətində də ciddi addımlar atıldı. Dövlət başçısının çıxışlarında Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, atılan praktik addımlar, yürüdülən sistemli siyasət soydaşlarımızın öz torpaqlarına dönməsini reallığa çevirməkdədir”.

Əli Orucova görə, inanılmaz bir prosesin uğurla başa çatdırılması üçün münbit şərait və imkanlar hazırlanır:

“Azərbaycan bu ideyanın, bu arzunun həyata keçirilməsinə hər gün addım-addım yaxınlaşır. O möhtəşəm günü yaxınlaşdırır. Necə ki, 20 faiz torpaqlarımızın işğaldan azad olunmasına aparan yol kimi görülən işlər Qərbi Azərbaycana doğru da istiqamətlənib. Ermənistan-Azərbaycan münasibətlərin normallaşması və iki dövlət arasında sülh prosesinin intensivləşməsi xalqlar və millətlər arasında əlaqələrin qurulmasına, keçmişin ağrı-acısından dərs çıxarmasına fürsət yaradır. Ermənistan hakimiyyəti türklərlə (azərbaycanlılarla) düşmən olmağın, başqa millətlərə nifrət hissində tərbiyələnməyin dövlət kimi mövcudluğunu riskə atdığını artıq anlamağa başlayıb.

Qərbi azərbayanıların da əvvəlki yerlərində ləyaqətli şəkildə qayıdaraq məskunlaşması, təhlükəsiz yaşaması Ermənistan üçün də faydalıdır. Bu, həm xalqlar arasında inteqrasiyanı sürətləndirər, ticari-iqtisadi, mədəni, humanitar əlaqələrə təkan verər, həm də ümumilikdə Cənubi Qafqazda qalıcı sabitliyə və inkişafa töhfə verərdi. Azərbaycan-Ermənistan arasında Əbu-Dabidə keçirilən görüş zamanı nümayiş etdirilən mülayim ortam liderlərin sülhlə bağlı siyasi iradələrini bir daha əyani surətdə ortaya qoydu. Bu mənzərə revanşistlərə və onların dəstəkçilərinə açıq bir mesaj idi.

Bununla belə təəssüflər olsun ki, Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına dönüşünü Ermənistanın təhlükəsizliyi üçün hesabatda risk olaraq təqdimi hələ də İrəvanda bəzi dairələrin reallıqları düzgün qiymətləndirməməsinin təzahürüdür. Qərbi azərbaycanlılar onsuz da həmin torpaqlara qayıdacaqlar. Ancaq sülh gündəliyinə sadiq qalan, Cənubi Qafqazın təhlükəsiziliyinin qarantoru olan Azərbaycan bu məsələnin də anlaşma, xoşluqla icra edilməsini istəyir. Cənab prezidentin ibarəsi ilə desək, Qərbi Azərbaycanlılar öz torpaqlarına, tarixi vətənlərinə minik avtomobillərində qayıtmağı üstün tuturlar. Bu Ermənistan üçün də tarixi seçim olardı. Əks halda keçmiş Dağlıq Qarabağ probleminin həlli üsulu işə düşə bilər”.

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR