Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İrana gözlənilən hərbi zərbə endirməsinin regionda böyük və uzunmüddətli müharibəyə gətirib çıxaracağı təhlükəsi barədə bütün bölgə dövlətləri xəbərrdarlıq edirlər.
Bəs ehtimal olunan arzuedilməz situasiyanın reallaşması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını, həmçinin Zəngəzur yolu-TRIPP layihəsinin icrasını ləngidə bilərmi?
Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, ABŞ-İran qarşıdurmasının açıq hərbi fazaya keçməsi bütün region, o cümlədən Cənubi Qafqaz üçün də problemlər, risklər meydana gətirə bilər. Bu halda həm Azərbaycan–Ermənistan sülh prosesi, həm də Zəngəzur dəhlizi-TRIPP layihəsinin həyata keçirilməsində müəyyən çətinliklərin meydana gəlməsi mümkündür. İranın müharibə vəziyyətində olduğu ABŞ-nin iştirak etdiyi bir layihənin icrasına mane olmağa çalışacağı ehtimalı yüksəkdir. Digər tərəfdən müharibə gedən ölkənin sərhədində icra olunan layihəyə beynəlxalq investorlar risk faktoruna görə ehtiyatlı davranar. Sığorta və logistik xərclər yüksələr. Bu isə layihənin icrasını texniki, siyasi və maliyyə baxımından ləngidə bilər”.
Deputat hesab edir ki, ABŞ ilə İran arasında genişmiqyaslı müharibə başlasa İranın şimal sərhədləri olan Arazboyu ərazisi hərbiləşə bilər: "Belə olduğu halda Ermənistanın İranla sərhəddə təhlükəsizlik prioritetlərini dəyişəcəyi ehtimalı yüksəkdir. Ermənistan daxildə təhlükəsizlik prioritetlərini sülh müqaviləsindən üstün tuta bilər. Bu isə danışıqlar tempinə mənfi təsir göstərə bilər. Müharibə təbii olaraq Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən ABŞ-nin əsas diqqətini İrana yönəltməsinə gətirib çıxaracaq. Bu amil də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını vaxt baxımından ləngidə bilər. Ona görə də yaxşı olar ki, Ermənistan çox tezliklə öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxarsın və dərhal sülh müqaviləsi imzalansın. ABŞ-İran müharibəsi ehtimalının hər gün ciddiləşməsi bu addımı atmağı daha da çox zərurətə çevirir. İrəvan bunu nəzərə almalıdır. Regionda böyük müharibə başlanmadan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması hər iki ölkənin maraqları baxımından çox vacibdir”.
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ