İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılara görə İrəvanda PANİKA

“Azərbaycan əsgərinin Ermənistana sızmasından sonra ölkədəki azərbaycanlıların sayı artdıqca onların tempi daha da sürətlənə bilər”.

Bu barədə “Güclü Ermənistan” müxalifət fraksiyasının rəhbəri Narek Karapetyan bildirib.

O xatırladıb ki, “Güclü Ermənistan” seçki kampaniyası zamanı bu təhlükə barədə xəbərdarlıq edib.

“Lakin Şəki kənd sakinlərinin 80-90%-i hakimiyyətə inanırdı və bu gün əslində itlər doğma kəndlərini daha yaxşı qoruyurlar”, - deyə Karapetyan qeyd edib.

Onun sözlərinə görə, hakimiyyət təhlükəsizlik sistemindəki problemləri ört-basdır etmək istəyir.

“Kilsə məsələsini gündəmə gətirmək əsas gündəmdən, yəni Şəki kəndindəki hadisədən yayındırmaq məqsədi daşıyır. Amma biz əsas gündəmi irəli aparacağıq, nə baş verdiyini anlamalıyıq”, - deyə müxalifət fraksiyasının rəhbəri vurğulayıb.

İrəvanda azərbaycanlıların sayının artması ilə bağlı bu cür açıqlamalar real təhlükədən çox, erməni müxalifətinin cəmiyyətdə qorxu yaratmaq cəhdi deyilmi?

GUNAYY.jpg (115 KB)

Milli Məclisin deputatı Günay Ağamalı Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistandakı müxalifət qüvvələrinin, o cümlədən “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın səsləndirdiyi bəyanatlar İrəvanın siyasi kulislərində hökm sürən kollektiv qorxu sindromunun və daxili siyasi böhranın təzahürüdür:

“Erməni müxalifəti cəmiyyətdə “azərbaycanlı” faktoru üzərindən psixoloji təzyiq yaratmaq siyasəti yürüdür. “Azərbaycanlıların sayı artacaq” kimi absurd və əsassız iddialar obyektiv reallığa əsaslanmır. Bu cür fikirlər erməni cəmiyyətində süni şəkildə revanşist əhval-ruhiyyəni qızışdırmaq, xof yaratmaq və cəmiyyəti daim gərginlikdə saxlamaq məqsədi daşıyır. Hakimiyyətin və müxalifətin daxili çəkişmələri fonunda hər hansı sərhəd hadisəsini qabartmaq ermənilərin acizliyini ifadə edir. Kilsə ətrafındakı gərginliklər, sosial narazılıqlar və idarəetmə uğursuzluqları fonunda cəmiyyətin diqqətini yenidən köhnə fobiyalara yönəltmək üçün növbəti şoudur. Azərbaycan regionda sülhün, iqtisadi inkişafın, sabitliyin və yeni reallıqların müəllifidir. İrəvanda müxalifət hələ də köhnə miflərlə və fobiyalarla yaşamağa davam edir. Narek Karapetyan kimi fiqurların səsləndirdiyi bu fikirlər siyasi panikanın, çarəsizliyin və məğlubiyyət psixologiyasının acınacaqlı mənzərəsidir”.

WhatsApp Image 2026-10-07 at 16.48.54.jpeg (94 KB)

Politoloq Afsəddin Nəbiyev isə hesab edir ki, Ermənistanda “azərbaycanlıların sayı artacaq” kimi açıqlamalara yalnız təhlükəsizlik məsələsi kimi yanaşmaq düzgün olmaz:

“Burada həm Ermənistanın daxili siyasi mübarizəsinin, həm də cəmiyyətdə mövcud olan stereotiplərin müəyyən təsiri görünür. Təbii ki, istənilən ölkə üçün sərhəd təhlükəsizliyi və qanunsuz keçidlər ciddi məsələdir, buna dövlət qurumları hüquqi çərçivədə aydınlıq gətirməlidir. Lakin konkret bir hadisədən çıxış edərək bütün azərbaycanlıların Ermənistanda gələcəkdə “təhlükə” yaradacağı görüntüsünü formalaşdırmaq siyasi baxımdan sağlam yanaşma deyil. Azərbaycanlıların Ermənistana qayıdışı və ya orada yaşaması məsələsi gələcəkdə gündəmə gələcəksə, bunun əsasında qarşılıqlı razılaşma, təhlükəsizlik, hüquq bərabərliyi və qarşılıqlılıq prinsipləri dayanmalıdır. Eyni yanaşma Ermənistanda yaşayan ermənilərin Azərbaycandakı hüquq və təhlükəsizliyi məsələsinə də şamil olunmalıdır. Məncə, burada əsas məsələ “kim daha çox olacaq?” sualı deyil, “iki xalq gələcəkdə necə təhlükəsiz və dinc yanaşı yaşaya bilər?” sualıdır. Əgər sülh prosesinin məqsədi həqiqətən davamlı sülh yaratmaqdırsa, o zaman hər iki tərəfdə qorxu və qarşılıqlı şübhə deyil, etimad və hüquqi təminatlar gücləndirilməlidir. Ermənistanda siyasi qüvvələr nəhayət anlamalıdırlar ki, bölgə artıq qarşıdurma, qorxu və düşmənçilik ritorikasından yorulub. Bu bölgəyə sülh gəlməli, Azərbaycan və Ermənistan xalqları bundan sonra rahat nəfəs almalıdır. Bunun üçün də siyasi qüvvələr cəmiyyətləri qorxuya səsləmək əvəzinə sülhün və normal qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməlidirlər. Sülhün alternativi yeni gərginlik deyil. Cənubi Qafqaz nəhayət öz tarixinin ən ağır səhifələrini geridə qoyaraq sabitlik, təhlükəsizlik və inkişaf mərhələsinə qədəm qoymalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR