İnsanlara hürriyət, millətlərə istiqlal!

20 min manatlıq təminat korrupsiyanın kökünü kəsəcəkmi?

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi üçün yeni mexanizmin yaradılması təklif olunur. Yeni qanun layihəsinə əsasən, korrupsiya barədə məlumat verdiyi üçün xəsarət alan şəxsə 10 min manat, həlak olduğu halda isə ailəsinə 20 min manatadək birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulur. Bununla yanaşı, məlumat verən şəxslərin və onların yaxınlarının müdafiəsi ilə bağlı sosial təminatların genişləndirilməsi də planlaşdırılır.

Lakin burada əsas sual ortaya çıxır: belə maddi təminatlar insanları korrupsiya faktlarını üzə çıxarmağa nə dərəcədə həvəsləndirəcək? İnsan 20 min manatlıq kompensasiya ehtimalına görə özünü və ailəsini riskə atmağa hazır olacaqmı?

Çünki korrupsiya barədə məlumat verməkdən çəkindirən əsas amillər yalnız maddi itkilərlə bağlı deyil. İnsan işini itirməkdən, təzyiq və təhdidlə üzləşməkdən, gələcəkdə problemlərlə qarşılaşmaqdan, hətta özünün və ailəsinin təhlükəsizliyinin riskə düşməsindən narahat ola bilər.

EKREM.jpg (30 KB)

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb:

"Düşünmürəm ki, bu yeni mexanizm insanların məlumat verməsini ciddi şəkildə stimullaşdırsın. Çünki əksər hallarda vətəndaş korrupsiya yolu ilə qanunsuz bir iş görmək və ya qanunsuz nəsə əldə etmək istəyirsə, gedib bununla bağlı məlumat verməyəcək. Yəni vətəndaş özü qanunsuz bir nəticə əldə etmək niyyətindədirsə və buna görə rüşvət veribsə, həmin faktı sonradan açıqlamaqda maraqlı olmayacaq. Çünki belə olan halda onsuz da istədiyi qanunsuz nəticəni əldə edə bilməyəcək. Əgər söhbət vətəndaşın qanuni hüququnu həyata keçirmək üçün rüşvət verməyə məcbur edilməsindən gedirsə, burada məlumat vermək ehtimalı daha yüksəkdir. Lakin bu halda da müəyyən risklər var. Vətəndaş qorxa bilər ki, məlumat verdikdən sonra onun qanuni işi ümumiyyətlə həll olunmayacaq və ya gələcəkdə həmin qurumda başqa məsələlərlə bağlı ona süni problemlər yaradılacaq. Yəni vətəndaşın qarşısında həm təhlükəsizlik, həm də gələcəkdə təzyiqlə üzləşmək qorxusu yarana bilər. Ona görə də mən demirəm ki, bu mexanizmdən ümumiyyətlə istifadə olunmayacaq. Əlbəttə, müraciətlər olacaq və müəyyən şəxslər bundan yararlanacaqlar. Bu baxımdan belə bir mexanizmin yaradılması müsbət addımdır. İnsanların korrupsiya faktları barədə məlumat verməsi üçün əlavə imkanın olması, əlbəttə, faydalıdır. Amma korrupsiya ilə mübarizənin əsas istiqaməti yalnız insanların məlumat verməsinə və ya bu cür mexanizmlərə söykənmir. Bu, korrupsiyaya qarşı mübarizə alətlərindən sadəcə biridir və yaxud birinci vasitə deyil. Korrupsiyanın qarşısının alınması üçün daha sistemli və kompleks tədbirlərə ehtiyac var".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR