Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos jurnalistlərə açıqlamasında bildirib ki, yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər.
“Biz irəliləyirik. Əgər namizəd ölkələr geriləyirlərsə, onlar yanlış yolla gedirlər və Aİ üzvü ola bilməyəcəklər, - o qeyd edib.
Politoloq Xəyal Bəşirov Musavat.com-a açıqlamasında bildirib ki, Aİ-ə üzv olmaq üçün genişlənmə üzrə siyasətə dair müəyyən meyarlara cavab vermək lazımdır.

Onun sözlərinə görə, Aİ-dən olan təsisatların maraqlarına cavab verən siyasət ortaya qoymaq lazımdır:
“Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarının səsləndirdiyi fikirlər yeni deyil. Biz bunu dəfələrlə eşitmişik. Lakin Türkiyə nümunəsinə diqqət çəkmək istərdim. Türkiyə Respublikası uzun illərdir ki, Aİ-nin həm təhlükəsizlik sahəsində, həm də eyni zamanda iqtisadiyyatında özünəməxsus rola malikdir. Ümumiyyətlə, Türkiyə bir çox istiqamətdə Aİ-nin maraqlarına xidmət edən addımlar atıb, amma biz Türkiyənin Aİ-yə qəbul edilməsinin hansı maneələrlə üzləşdiyinin şahidiyik. Təbii ki, bu, ondan xəbər verir ki, Aİ-nin genişlənmə üzrə siyasətinə müəyyən meyarlar aiddir. Bu meyarlara cavab verən dövlətlərə münasibətdə viza liberallaşdırılmasının şahidi oluruq. Gürcüstana münasibətdə də bir sıra addımlar atıldı. Lakin qonşu ölkədə müstəqil siyasətlə bağlı tədbirlər görüldü. Lakin xarici şəffaflığın, eyni zamanda cinsi azlıqlarla bağlı qanunların qəbul edilməsi Gürcüstana münasibətdə yenidən sərt addımları gündəmə gətirdi. Ermənistana münasibətdə də biz eyni ssenarinin şahidi oluruq. Gürcüstan Rusiya ilə qarşıdurma vəziyyətinə gəldi və bu, Gürcüstanın viza liberallaşdırılması və Aİ-yə üzv qəbul edilməsi ilə bağlı bir sıra addımların atılması üçün münbit şərait yaratdı. Amma sonradan Gürcüstanla münasibətlər korlandı, nəticədə proses dayandırıldı, hətta viza məsələsində yumşalmanın aradan qaldırılması ilə bağlı fikirlər səsləndirildi. Eyni proses Ermənistanda da müşahidə olunur-Ermənistanın Rusiya ilə münasibətlərinin gərginləşməsi və bu yolla Aİ-yə üzvlük müzakirə mövzusudur. Hərçənd, hazırkı mərhələdə Ermənistanın Aİ-yə üzv qəbul edilməsi real görünmür çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İqtisadi İttifaqının üzvüdür. Amma hər bir halda Ermənistanın bu istiqamətə stimullaşdırması üçün viza sahəsində liberallaşdırma və digər addımların atılmasının şahidi ola bilərik. Bu baxımdan düşünürəm ki, Aİ-nin xüsusi meyarlar var, bu meyarlara cavab verən siyasət yürütmək üçün təbii ki, belə addımlar atıla bilər”.
Politoloq hesab edir ki, yaxın perspektivdə Cənubi Qafqaz ölkələrinin Aİ-ə üzv qəbul edilməsi real görünmür:
“Serbiyanın qəbul edilməsi məsələsi gündəmdədir. Avropa regionunda bir sıra dövlətlər var ki, onlar bu günə qədər Aİ-ə üzv qəbul edilməyiblər, lakin bu, reallaşa bilər. Cənubi Qafqaza münasibətdə isə yaxın perspektivdə hər hansı dövlətin Aİ-ə üzv qəbul edilməsi istiqamətində addımlar atılacağını düşünmürəm çünki bu dövlətlər hələ ki, zəruri meyarlara cavab vermirlər. İqtisadi baxımdan daha çox siyasi məqamlar üstün tutulur. Siyasi məqamların üstün tutulması siyasi yanaşmanın olduğundan xəbər verir. Bəziləri Aİ-ni “xristian klubu” adlandırır çünki Avropa tərəfindən bunun üçün də kifayət qədər əsaslar verən addımlar atılıb. Lakin indiki mərhələdə bu yanaşmanın daha çox siyasi məqamlarla bağlı olduğunu düşünürəm”.
Nigar Həsənli
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ