İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Daşkənd münasibətlərində tarixi dönüş yaşanır- “Əbədi Dostluq” Türk dünyasının yeni güc xətti

Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsinin imzalanması iki qardaş ölkənin münasibətlərində yeni və tarixi mərhələnin başlanğıcıdır. Bakı ilə Daşkənd arasında son illərdə formalaşan yüksək siyasi etimad, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq artıq münasibətləri klassik ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq daha geniş geosiyasi müstəviyə daşıyıb. Bu sənəd yalnız Azərbaycan və Özbəkistanın bu gününü deyil, həm də gələcək nəsillər üçün münasibətlərin necə qurulacağını müəyyən edən siyasi iradənin ifadəsidir.

Əslində, iki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi təsadüfi deyil. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi, qarşılıqlı səfərlərin intensivliyi, iqtisadi-ticari əlaqələrin genişlənməsi və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik Bakı-Daşkənd münasibətlərini Türk dünyasının ən dinamik əməkdaşlıq modellərindən birinə çevirib. Əbədi Dostluq Müqaviləsi isə bu münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirir.

Bu sənədin əhəmiyyəti yalnız iki dövlətin münasibətləri ilə məhdudlaşmır. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geosiyasi və nəqliyyat körpüləri olması nəzərə alınarsa, Bakı-Daşkənd əməkdaşlığının dərinləşməsi Türk dünyasının iqtisadi, siyasi və strateji inteqrasiyasına da ciddi impuls verə bilər. Orta Dəhliz, nəqliyyat-kommunikasiya layihələri, enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişlənməsi bu dostluğun artıq konkret geoiqtisadi məzmun qazandığını göstərir.

Əbədi Dostluq Müqaviləsi həm də mühüm siyasi mesajdır. Türk dünyasının iki aparıcı dövləti öz münasibətlərini yalnız bugünkü siyasi konjonkturaya deyil, uzunmüddətli strateji maraqlara və ortaq gələcəyə bağlayır.

Bu tarixi sənəd Azərbaycan-Özbəkistan münasibətlərini hansı yeni mərhələyə daşıyacaq? Bakı-Daşkənd tandeminin Türk dünyasının siyasi və iqtisadi gücünün artmasında rolu nə olacaq? Əbədi Dostluq Müqaviləsi gələcəkdə daha geniş türk inteqrasiyasının əsas sütunlarından birinə çevrilə bilərmi?
Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlib: “Əgər bir neçə il əvvəl ölkələrimizi tərəfdaş və müttəfiq kimi xarakterizə edirdiksə, bu gün artıq bu münasibətləri əbədi dostluq səviyyəsində qiymətləndirmək üçün kifayət qədər əsaslarımız var. Əslində, əbədi dostluq təsadüfi yaranmır. Bunun üçün dövlətlər arasında yüksək səviyyəli siyasi etimad, qarşılıqlı maraqlar və xalqlar arasında dərin tarixi-mədəni bağlar olmalıdır. Azərbaycan və Özbəkistan münasibətlərində isə bütün bu amillər mövcuddur.

Burada ilk növbədə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimadı xüsusi qeyd etmək lazımdır. Dövlət başçıları arasındakı münasibətlər Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan qardaşlığın siyasi ifadəsinə çevrilib. Məhz liderlər arasında formalaşmış bu etimad dövlətlərarası münasibətlərin bütün istiqamətlər üzrə sürətli inkişafına ciddi impuls verir. Son illərdə iki ölkə arasında 150-dən çox sənədin imzalanması da münasibətlərin hansı miqyasda inkişaf etdiyini göstərir. Bu sənədlər tarixi və mənəvi yaxınlığımızı hüquqi müstəvidə möhkəmləndirməklə yanaşı, konkret əməkdaşlıq mexanizmləri formalaşdırıb. Bu gün Azərbaycan və Özbəkistan artıq çoxşaxəli əməkdaşlıq modelinə malikdir. Qarşılıqlı ticarətin artırılması, sənaye kooperasiyası, kənd təsərrüfatı, kimya sənayesi, enerji, nəqliyyat-logistika, investisiya, təhsil, elm və humanitar sahələrdə müəyyənləşdirilən hədəflər göstərir ki, tərəflər münasibətlərə yalnız bu günün deyil, gələcəyin prizmasından yanaşırlar.

Xüsusilə 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi diqqət çəkir. Bununla yanaşı, sənaye kooperasiyasının genişləndirilməsi və birgə investisiya layihələrinin artırılması iki ölkənin iqtisadiyyatlarının bir-birinə daha sıx inteqrasiya olunmasına imkan verəcək.

Azərbaycan-Özbəkistan münasibətlərinin başqa bir mühüm xüsusiyyəti isə ondan ibarətdir ki, bu əməkdaşlıq yalnız prezidentlər və hökumətlər səviyyəsində qalmır. Artıq şəhərlərimiz və regionlarımız da bir-birinə yaxınlaşır. Bakıda Özbəkistan parkının, Yeni Daşkənddə Azərbaycan parkının yaradılması, şəhər və regionlar arasında qardaşlaşma münasibətlərinin qurulması bunun əyani göstəricisidir”.

Deputatın sözlərinə görə, eyni mənzərə təhsil və mədəniyyət sahəsində də müşahidə olunur: “Ali məktəblər arasında əməkdaşlıq, rektorlar forumlarının keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili xalqlarımız arasındakı münasibətlərin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin əldə etdiyi yüksək səviyyənin növbəti nümayişidir. Əsas məsələ təkcə yeni sənədlərin imzalanması deyil. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan artıq münasibətlərinin gələcək inkişaf istiqamətlərini birlikdə müəyyənləşdirirlər. Bu gün biz iki dövlət arasında sadəcə siyasi yaxınlaşmanın deyil, bütöv bir inteqrasiya prosesinin şahidiyik. Siyasi iradə iqtisadi əməkdaşlıqla, iqtisadi əlaqələr humanitar münasibətlərlə, humanitar yaxınlıq isə xalqlarımızın qardaşlığı ilə tamamlanır.

Ona görə də Azərbaycan–Özbəkistan münasibətlərini “əbədi dostluq” ifadəsi ilə xarakterizə etmək yalnız emosional yanaşma deyil. Bu, artıq konkret siyasi, iqtisadi və humanitar reallıqlara söykənən bir münasibət modelidir. Və ən mühüm məqam budur ki, bu dostluğun əsası yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün qoyulur. Azərbaycan və Özbəkistanın strateji müttəfiqliyi, qarşılıqlı etimadı və qardaş xalqlarımızın tarixi-mədəni bağlılığı bu münasibətlərin uzunmüddətli və davamlı olacağına güclü zəmin yaradır”.

Cavanşir Abbaslı

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR