İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml yenə İrəvanı seçim qarşısında qoydu

Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etməyə hazırlaşması Moskvadan növbəti sərt reaksiyaya səbəb olub. Kreml İrəvana xəbərdarlıq edib ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqının qaydaları arasında ciddi ziddiyyətlər var və paralel inteqrasiya cəhdi ilk növbədə Ermənistanın özünə zərər vuracaq.

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən sonra qanunvericiliyini müxtəlif sahələrdə Avropa normalarına uyğunlaşdırmalı olacaq.

“Bura ticarət, sanitar, gömrük və digər sahələr daxildir. Bu normalar bizim və Avrasiya İqtisadi İttifaqı məkanında qəbul edilmiş normalarla üst-üstə düşmür”, – deyə Peskov bildirib.

Kreml sözçüsü bildirib ki, məhz bu mərhələdə “dərin ziddiyyətlər” ortaya çıxacaq və onların nəticəsi ilk növbədə Ermənistan üçün mənfi olacaq. Peskov bu səbəbdən İrəvanın seçim etməli olduğunu vurğulayıb.

Açıqlama Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin yaxın gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlayacağını bildirməsindən sonra səslənib.

Ermənistan parlamenti hələ 2025-ci ilin martında ölkənin Aİ-yə qoşulması prosesinin başlanmasını nəzərdə tutan qanunu qəbul edib, həmin ilin aprelində isə prezident Vaaqn Xaçaturyan sənədi təsdiqləyib.

Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl Paşinyanla görüşündə Ermənistanın eyni zamanda həm Aİ-nin, həm də Aİİ-nin gömrük sistemində iştirakının mümkün olmadığını bildirmişdi.

Beləliklə, İrəvanın Aİ-yə rəsmi müraciət istiqamətində növbəti addımı Ermənistanın illərdir balanslaşdırmağa çalışdığı iki inteqrasiya xətti arasında seçim məsələsini yenidən kəskinləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR