Onlayn ictimai-siyasi qəzet
Rəsmi Bakının ehtimal olunan İran-ABŞ müharibəsindən narahatılığını yüksək səviyyədə ifadə etməsi, Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı, daha sonra İranın müdafiə nazirinin Bakıya səfər etməsi Bakının barışdırıcılıq missiyası ilə vasitəçilik imkanlarının işə salındığı barədə rəyləri meydana çıxarıb.
Musavat.com xəbər verir ki, hazırkı mərhələdə Bakının birbaşa ABŞ–İran və ya İran–İsrail görüşlərinin keçirildiyi məkan olmasa belə, tərəflər arasında mesajların ötürülməsi, mövqelərin dəqiqləşdirilməsi və müharibə riskinin azaldılması istiqamətində dolayı rol oynaya biləcəyi iddia edilir.
Azərbaycanın ABŞ-la və İsraillə yaxın əməkdaşlıq edən ölkə, İranla yaxın qonşu kimi bu dövlətlər arasında vasitəçilik etməsi, tərəflərin görüşlərinin keçirildiyi dialoq məkanı rolunu oynaması mümkün ola bilərmi?
Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, ABŞ-İran münasibətlərinin kritik nöqtəyə gəlib çatması Azərbaycanı da narahat edir. Azərbaycan dövlətinin bu məsələdə mövqeyi bəllidir:
“Ölkəmizin Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz ABŞ-İran arasındakı gərginliyin dinc yolla aradan qaldırılmasını, bölgədə müharibə təhlükəsinin ötüb keçməsini istəyirik. Müharibədən heç kim fayda görməyib, xüsusilə qonşu ölkədə müharibə təhlükəsi təbii ki, Azərbaycanı narahat etməyə bilməz. Prezident İlham Əliyev həm İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında, eyni zamanda İranın müdafiə nazirini Bakıda qəbul edərkən də eyni mövqeni ifadə edib. Biz hər zaman sülh təşəbbüslərini dəstəkləyirik. Azərbaycanın sülhə dəstək sahəsində unikal təcrübəsi də var. Ölkəmiz Türkiyə ilə Rusiya arasında qarşıdurmanın, eyni zamanda Türkiyə ilə İsrail arasında gərginliklərin aradan qaldırılmasında vasitəçilik missiyasını ortaya qoydu və yüksək nəticələr əldə edildi. Bu nöqteyi-nəzərdən Azərbaycan vasitəçilik potensialından İran-ABŞ danışıqları, münasibətlərin yaxşılaşması üçün istifadə etməsi hesab edirəm ki, effektli ola bilər”.
Deputat onu da vurğulayıb ki, Azərbaycanın ABŞ ilə, Azərbaycanın İsraillə münasibətlərinin inkişafı heç bir halda üçüncü tərəfi hədəfə almayıb. Əksinə, Azərbaycan bu imkanlardan istifadə edib regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi məsələlərinə töhfə vermək potensialına malikdir:
"Hesab edirəm ki, bu reallığı rəsmi Vaşinqton və rəsmi Tehran anlayır".
Etibar Seyidağa,
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ