Onlayn ictimai-siyasi qəzet
Yeni ilin qlobal miqyaslı ilk qalmaqallı olayı Venesuela prezidenti Nikolas Maduro və arvadının ABŞ tərəfindən oğurlanması oldu. Maraqlıdır ki, bəzi ölkələr (Çin, İran, Rusiya, Fransa, Kolumbiya, Türkiyə) istisna olmaqla, əksər dövlətlər hadisəyə susqun reaksiya verdi. Ən sərt mövqe isə Çin və Rusiyadan gəldi. Rəsmi Pekin və Moskva Maduro və xanımının dərhal azad olunmasını tələb etdi.
Səbəb nədir? Maduro Çin və Rusiya üçün nə dərəcədə önəmli siyasi fiqur idi? Moskva Venesuelaya verdiyi silahlardan dolayı narahatdırmı? Belə bir fikir də var idi ki, guya Putin Ukrayna məsələsində hansısa güzəşt qarşılığında Trampa Venesuela əməliyyatı üçün “dobro” verib.
Nəhayət, rəsmi Bakı hadisəyə hər hansı reaksiya bildirəcəkmi, bildirməlidirmi?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, əgər Venesuela xalqı prezidentlərinin oğurlanmasına etiraz etmirlərsə, başqa dövlətlərin bu hadisəyə etiraz etməsinin heç bir mənası qalmır:
“Rusiyanın etirazı ona görə zəifdir ki, Moskva bundan sonra Ukrayna müharibəsi məsələsində manevr imkanlarının artacağını düşünür. Çin nisbətən sərt mövqe qoyur, məsələni BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir. Çinin Venesuelada çox böyük iqtisadi maraqları var. Çin ucuz Venesuela neftinin əsas alıcılarından biridir. Madronun yoxluğunda Çin hesab edir ki, artıq bu imkan əlindən çıxacaq və Amerikanın nəzarət edəcəyi Venesuela neftini ala bilməyəcək. Rusiya isə on illərdir Venesuelaya silah satıb, siyasi müttəfiq olub. Rusiya öz müttəfiqinin ABŞ-ın nəzarətinə keçməsini təbii ki, istəmir."

Ekspert hesab edir ki, Maduronun həbs edilməsi ABŞ-ın gücünü ortaya qoymuş oldu:
"Tramp artıq növbədə Kubanın, Kolumbiyanın olduğunu deyir. Rəsmi Bakının Maduronun həbsinə reaksiya bildirməsinə gəlincə, biz böyük dövlət deyilik və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri qururuq. Dünən Prezident İlham Əliyev ABŞ-ın böyük nümayəndə heyətini qəbul etdi. Biz ABŞ ilə hərbi əməkdaşlığın davamında maraqlıyıq. Biz Rusiya və Çin kimi böyük dövlət deyilik ki, Latın Amerikasında baş verən hadisəyə münasibət bildirək. Yəqin Bakı da bütün bunları nəzərə alır”.
Etibar Seyidağa
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ