Onlayn ictimai-siyasi qəzet
Bir həftə sonra yeni tədris ili başlayır. Hələ dərslər başlamasa da, Sumqayıt–Bakı yolunda tıxac səhər tezdən start götürür. İllərdir ki, hər gün on minlərlə vətəndaş sözün əsl mənasında tıxac fəlakəti yaşayır, lakin hələ də köklü bir əncam tapılmayıb.
Hazırda Biləcəriyə gedən yolun təmiri də Bakı–Sumqayıt magistralında dözülməz sıxlığa təkan verir. Ümumiyyətlə, təkcə bu istiqamət deyil, şəhərin əksər küçə və prospektlərində saatlarla davam edən tıxaclar müşahidə olunur. Sentyabrın 15-dən sonra isə vəziyyətin daha da ağırlaşacağı gözlənilir. Hər gün sosial şəbəkələrdə bu problem geniş müzakirə edilsə də, görünən odur ki, yaxın vaxtlarda Bakının tıxac dərdi həllini tapmayacaq, əksinə, daha ciddi problem olaraq qalacaq.

Bir sözlə, tədris ilinin başlanması hər il olduğu kimi bu il də yollarda iflic vəziyyət yaradacaq. “Formula-1” yarışlarının da eyni vaxta təsadüf etməsi şəhərdəki sıxlığı daha da artıracaq. Aidiyyəti qurumlar tərəfindən son aylarda müəyyən addımlar atılıb, hazırda 150 yeni avtobus xəttə çıxmaq üçün gözləyir, lakin bu kimi tədbirlər məsələni kökündən həll etmir.
Bəs nə etməli, şəhəri bu bəladan necə xilas etməli?
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Musavat.com-a bildirib ki, böyük şəhərlərdə tıxacın olması təbiidir və dövlət tərəfindən bu sıxlığı aradan qaldırmaq üçün müvafiq qərar verilib:
“2025–2030-cu illəri əhatə edən dövlət proqramı təsdiqlənib. Proqramda müxtəlif nəqliyyat növləri üzrə layihələr nəzərdə tutulub: dairəvi və radial yolların tikintisi, dəmir yolu və metronun inkişafı, tramvay xətlərinin bərpası, avtobus parkının yenilənməsi və genişləndirilməsi, eləcə də piyada infrastrukturunun təkmilləşdirilməsi işləri aparılır. Düşünürəm ki, bu layihələrin prioritetləri düzgün müəyyənləşdirilməlidir. Müəyyən istiqamətlərdə sürətli icra mövcud şəraitdə daha tez nəticə verə bilər. Məsələn, 30 km məsafədə yerləşən Sumqayıt şəhəri ilə dayanıqlı əlaqəni təmin edən əsas vasitə dəmir yoludur. Bu xəttin daha qısa intervalla işləməsi üçün önündəki bütün maneələr sürətlə aradan qaldırılmalı, qatarların sayı artırılmalıdır”.

Ekspertin sözlərinə görə, sərnişin və yük trafiki mütləq bir-birindən ayrılmalıdır: “Bakıya daxil olmadan yük daşınmasını təmin edəcək dairəvi yol layihəsi yenidən gündəmə gətirilməli və tikintisi bərpa edilməlidir. Qısa məsafələrə gəldikdə isə piyada infrastrukturunun təxirə salınmadan bərpası, maneələrin aradan qaldırılması, rahat piyada marşrutlarının formalaşdırılması, zebralı və svetoforlu keçidlərin sayının artırılması vacibdir. Önümüzdəki illərdə öyrəşdiyimiz marşrutlar dəyişəcək. Şərait yarandıqca insanlar məsafəyə uyğun olaraq öz nəqliyyat seçimini edəcəklər. Əsas odur ki, az xərclə daha tez nəticə verən layihələr sürətləndirilsin və əhali üçün bu keçid rəvan olsun. Sıxlıq qaçılmazdır, lakin alternativ nəqliyyat imkanları -hətta hibrid modeldə olsa belə mütləq təşkil edilməlidir”.
Ekspert Yasin Mustafayevin fikrincə, yolların hərəkət zolaqlarını nə qədər artırsaq da, bu, problemi həll etməyəcək. Onun sözlərinə görə, insanlar ictimai nəqliyyata keçməli və mikromobillikdən istifadə etməlidirlər: “Gün ərzində yüz minlərlə nəqliyyat vasitəsi Bakıya daxil olur və çıxır. Bu axını qarşılamaq üçün yollar nə qədər, neçə zolaqlı olmalıdır? Yəni bu şəraitdə problem getdikcə daha da dərinləşəcək. Xarici ölkələrdə, böyük şəhərlərdə və paytaxtlarda bu məsələnin tək çıxış yolu ictimai nəqliyyatın fəaliyyətini optimallaşdırmaq, insanları bu istiqamətə yönəltmək və ictimai nəqliyyatdan istifadənı təşviq etməkdir".

"Başqa variant və ya çıxış yolu yoxdur. İndi avtobus zolaqları salınır, ictimai nəqliyyat optimallaşdırılır, mikromobillik və velosiped zolaqları təsis edilir. Bizdə insanlar velosipeddən hələ də daha çox əyləncə məqsədilə istifadə edirlər, nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayı hələ ki azdır. Lakin bu mədəniyyət də tədricən formalaşır. İndi insanlar velosiped və skuterləri icarəyə götürərək bir yerdən başqa yerə gedə bilirlər. Bütün bunlar işi yüngülləşdirən amillərdir. Bu istiqamətdə atılan addımlar, maarifləndirici tədbirlər və görülən işlər vəziyyəti müsbətə doğru dəyişə bilər. Əks halda, bu problemin qarşısını almaq mümkün olmayacaq”,_ ekspert belə deyib.
Şahanə Rəhimli
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ