İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakının müstəqil siyasəti şovinist çevrələri narahat edir...” – Rusiya mediasındakı təxribatlara TƏPKİ

Rusiya informasiya məkanında Azərbaycana qarşı təhqir və təhdid xarakterli açıqlamaların yenidən gündəmə gəlməsi iki ölkə arasındakı münasibətlər fonunda ciddi suallar doğurur. Bu dəfə diqqət çəkən açıqlama isə daha irəli gedərək postsovet məkanında yaşayan insanların və müstəqil dövlətlərin rəhbərlərinin Rusiya yurisdiksiyasına tabe olduğunu iddia edən rusiyalı media eksperti Semyon Uralovdan gəlib.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan və digər postsovet dövlətlərinin vətəndaşlarının Rusiya qanunları qarşısında məsuliyyət daşıması barədə belə bir iddianın hər hansı hüquqi əsası ola bilərmi? SSRİ-nin hüquqi varisliyi Rusiyaya keçmiş ittifaq respublikalarının vətəndaşları üzərində hər hansı yurisdiksiya hüququ verirmi? Yoxsa bu cür açıqlamalar sadəcə siyasi və imperialist ritorikanın növbəti nümunəsidir?

Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sərt mövqeyi də diqqət çəkir. Şura Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı təhqir və təhdidlərin sistemli xarakter aldığını bildirərək buna etiraz edib.

Öz bacarığı ilə etibar qazanan jurnalist - Müşfiq Ələsgərlinin 46 yaşına |  Modern.az

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı Musavat.com- deyib ki, əslində, Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təxribatçı informasiyaların yayılması və aqressiv çıxışların edilməsi yeni hadisə deyil: “Müxtəlif dövrlərdə Azərbaycanın xarici siyasəti, Qarabağ məsələsində mövqeyi, Türkiyə ilə münasibətləri, Avropa ilə anlaşması, bir sözlə, müstəqil siyasət yürütməsi ayrı-ayrı rusiyalı jurnalistlərin, siyasətçilərin və ekspertlərin tənqidinə səbəb olub. Lakin son dövrdə bu tənqidlərin bir hissəsi siyasi polemika çərçivəsindən çıxaraq təhqir, düşmənçilik, milli nifrət və hətta zorakılığa çağırış elementləri ilə müşayiət olunur.

Azərbaycan Baş Prokurorluğunun son günlərdə yaydığı məlumat da məsələnin artıq jurnalist etikası və siyasi ritorika müstəvisini aşdığını göstərir. Belə ki, Rusiya mediasında yayımlanan və Azərbaycanı hədəf alan ayrı-ayrı çıxışlarla bağlı Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. İstintaq materiallarında 14 iyul və 13 avqust 2026-cı il tarixlərində yayımlanan “Чистота понимания” verilişlərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrətin qızışdırılmasına və fiziki məhvə çağırış xarakterli fikirlərin səsləndirilməsi araşdırılır. Bu, problemin artıq adi media tənqidi olmadığını göstərən ciddi göstəricidir.

Bundan bir müddət əvvəl isə Rusiya dövlət televiziyasında Azərbaycana qarşı qəbuledilməz informasiya manipulyasiyası müşahidə olunub. Məsələn, may ayında “Pervıy kanal”ın efirində Azərbaycanın xəritəsinin təhrif olunması və artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsinin göstərilməsi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ciddi təxribat və siyasi manipulyasiya kimi qiymətləndirilib. Deməli, son hadisələri ayrı-ayrı jurnalistlərin şəxsi emosional çıxışları ilə məhdudlaşdırmaq çətindir. Burada daha geniş informasiya-siyasi kontekst mövcuddur.

Çox aydın şəkildə görünür ki, Azərbaycanın öz milli maraqları əsasında çoxvektorlu və müstəqil xarici siyasət həyata keçirən dövlət kimi çıxış etməsi Rusiyada hansısa mərkəzləri narahat edir. Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, ölkənin regional gücünün artması və xarici siyasətdə manevr imkanlarının genişlənməsi onların nəzərində Moskvanın Cənubi Qafqazdakı əvvəlki təsir mexanizmlərinin zəifləməsi anlamına gəlir. Müasir Rusiyanın regionda təsir imkanlarının azalması ilə bağlı narahatlığın Ermənistan istiqamətində də özünü göstərdiyi müşahidə olunur”.

Media ekspertinin fikrincə, Azərbaycanın geosiyasi əhəmiyyətinin getdikcə artması paralel olaraq Rusiyadakı şovinist mərkəzlərin narahatçılığını da artırır: “Türkiyə ilə strateji tərəfdaşlığın dərinləşməsi, Avropa ilə enerji və nəqliyyat əlaqələrini genişlənməsi, Orta Dəhliz layihənin reallaşmağa doğru getməsi, bir sözlə, Bakının regional və qlobal proseslərdə çəkisinin artması Rusiyadakı mərkəzlərin yuxusunu ərşə çəkir. İndi onlar Azərbaycan haqqında yalnız mənfi rəy yaratmaqla kifayətlənmirlər. İrəli gedib siyasi qərarların qəbuluna təsir göstərmək, cəmiyyət daxilində narahatlıq yaratmaq, dövlət institutlarına etimadı zəiflətmək kimi absurd təşəbbüslərlə çıxış edirlər.

Rusiyanın “media təmsilçiləri” nəzərə almalıdırlar ki, onların yaratmaq istədikləri informasiya təxribatlarının Azərbaycanda effekt verməsi imkansızdır. Çünki həmin informasiya təzyiqinin Azərbaycan cəmiyyəti daxilində real sosial dayaqları yoxdur. Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı təhqiramiz və təhdidkar ritorikanın artması Azərbaycan cəmiyyətində parçalanma yaratmaq əvəzinə, əksinə, belə yanaşmalara qarşı ictimai reaksiyanı gücləndirir. Dövlət qurumlarının hüquqi müstəvidə addımlar atması, Azərbaycan Mətbuat Şurasının media etikası və peşə məsuliyyəti baxımından sərt mövqe nümayiş etdirməsi və cəmiyyətin böyük hissəsinin bu cür təxribatları rədd etməsi Azərbaycanın informasiya təhlükəsizliyi baxımından mühüm immunitetinin formalaşdığını göstərir. Ona görə də hesab edirəm ki, Rusiyanın ayrı-ayrı media resurslarında müşahidə olunan bu kampaniya Azərbaycan üçün deyil, Rusiya informasiya məkanının özü suallar doğurur”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR