Onlayn ictimai-siyasi qəzet
Yanvarın 28-dən 29-na keçən gecə Azərbaycan futbolunun ən önəmli, tarixi bir gecəsi olacaq. Bütün futbolsevərlərin qəlbi İngiltərənin “Enfild” stadionu ilə döyünəcək. Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının Liqa Mərhələsində sonuncu - 8-ci oyununu keçirəcək. Rəqib isə futbol azarkeşlərinin hər birinin yaxşı tanıdığı “Liverpul” klubudur.
Hər iki komanda üçün bu oyun olduqca vacibdir. İngilis nəhəngi ilk 8-liyi hədəfləyib və aktivində 15 xalı var, qalib gələrsə, buna nail olacaq. “Qarabağ”ın isə 10 xalı var, bir xal “Köhlən atlar”ın 24-lük hədəfini tam reallaşdıracaq.

Məğlub olma ehtimalımız kifayət qədər yüksəkdir. Lakin bu, heç də hər şeyin bitdiyi anlamına gəlməyəcək. “Qarabağ”ın 36 klub arasında ilk 24-lükdə qərarlaşmaq şansı 90 faizin üzərindədir.
“Liverpul” Çempionlar Liqasının canlı simvollarından biridir. Altıqat Avropa çempionu olan İngiltərə klubu üçün bu turnir sadəcə yarış deyil, kimlik məsələsidir.
“Enfild”də səslənən “You’ll Never Walk Alone” himni rəqiblər üçün psixoloji baryer, azarkeşlər üçün isə inam manifestidir. Belə bir stadionda oynamaq dünyanın istənilən klubu üçün ciddi sınaqdır.
“Qarabağ” üçün isə bu matç daha fərqli anlam daşıyır. Ağdam təmsilçisi artıq uzun müddətdir ki, Avropa futbolunda təsadüfi komanda olmadığını sübut edir. Çempionlar Liqasının qrup mərhələsinə və ya əsas raundlarına yüksəlmək, Avropa Liqasında ardıcıl uğurlu çıxışlar “Qarabağ”ı region klubu statusundan çıxarıb, Avropada tanınan bir brendə çevirib. “Liverpul”la oyun isə bu yolun ən çətin, amma ən prestijli dayanacaqlarından biridir.
Bu qarşılaşma Azərbaycan futbolu üçün də simvolik xarakter daşıyır. Bir vaxtlar Avropa arenasında iştirakın özü uğur sayıldığı halda, bu gün Azərbaycan çempionu dünya futbolunun nəhənglərindən biri ilə eyni meydanda, eyni turnirdə mübarizə aparır.

Bəlkə də favorit bəllidir, statistika “Liverpul”un tərəfindədir. Amma futbol tarixində Çempionlar Liqası məhz belə oyunlarla – cəsarət, intizam və düzgün planla – sürprizlərin mümkün olduğunu dəfələrlə sübut edib. “Qarabağ” üçün əsas məqsəd təkcə nəticə yox, meydanda kim olduğunu göstərmək, Avropaya bir daha mesaj verməkdir.

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a qarşıdakı oyunu belə şərh edib:
“Azərbaycanlı azarkeşlər “Liverpul” oyunundan möcüzə - qələbə gözləyirlər. Amma möcüzə artıq baş verib. Azərbaycan çempionunun ÇL-in əsas mərhələsində 10 xal toplaması möcüzədir. Üstəlik, pley-off mərhələsinə də vəsiqə demək olar ki, təmin edilib. Bu isə lap böyük möcüzədir. Hətta avropalıları da təəccübləndirən möcüzədir. İndiki halda “Qarabağ”dan – Azərbaycan çempionundan “Liverpul”u – İngiltərə çempionunu məğlub etməyi tələb etmək lüzumsuzdur. İndi həm azarkeşlərimiz, həm də “Qarabağ” tam stressiz olmalıdır, sadəcə, “Liverpul”la oyunda futboldan zövq almağa köklənməliyik.

“Qarabağ” yenə də öz oyununu oynayacaq, yenə də meydana çıxıb ləyaqətlə mübarizə aparacaq. Oyun nəticəsi haqda isə birmənalı fikir söyləmək mümkün deyil. “Liverpul” qeyri-sabit oyun nümayiş etdirir, amma bu qeyri-sabitlik çempionata aiddir. ÇL-də isə “Liverpul” sabiq nəticələr göstərib və təsadüfü deyil ki, ilk səkkizliyə düşmək üçün böyük şansı var.
Üstəlik, son turda çempionat oyununda məğlub olublar. Deməli, meydana böyük motivasiya ilə çıxacaqlar. Ancaq bu o demək deyil ki, “Qarabağ”a asanlıqla qalib gələcəklər. Yox, bu oyunda da hər şeyi detallar həll edəcək. “Liverpul” böyük qüvvə ilə hücum edəcək, deməli, nəticədə müdafiədə boşluqlar buraxacaq. Bu oyunda “Qarabağ”ın müdafiə və yarımmüdafiə xəttinin üzərinə böyük yük düşəcək. “Liverpul”un hücumlarının qarşısı alınmalı və kəskin, sürətli əks-hücumlar qurulmalıdır. “Qarabağ” bunun öhdəsindən gəlsə, “Liverpul”un başını ağrıda bilər. Amma bunu etmək asandırmı? Xeyr, çox çətin olacaq. Fiziki cəhətdən tam hazır olmaq lazımdır.
İngiltərə Premyer Liqasında sürəti göz önünə gətirin. Böyük ehtimalla, “Liverpul” ondan da sürətli oyun təklif edəcək, “Qarabağ”a.

Düzü, bu oyundan “Qarabağ”ın xal alacağını gözləmirəm, amma baxımlı futbol oynayacağına, sona qədər mübarizə aparacağına əminəm. Bizim üçün maksimum nəticə əldə edilib, indi pley-offa köklənmək lazımdır. Azarkeşlərimiz də heç bir stress yaşamadan ÇL-də İngiltərə çempionuna qarşı oyundan zövq alsınlar. Bu mövsüm bir tarix idi, onlar bu tarixin şahidi oldular. Bəlkə də bundan sonra yaxın 10 il ərzində belə tarix yazılmayacaq.
“Qarabağ” artıq ən böyük möcüzəni reallaşdırıb”.
Cavanşir ABBASLI
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ