İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz kimsənin torpağına, əmlakına müdaxilə etməmişik” – Yılmaz Okuklu ittihamları rədd edir  

Nərimanov rayonunda “Okuklu Holding”ə məxsus tikinti materialları anbarı ətrafında yaranmış insidentlə bağlı tərəflərdən qarşılıqlı ittihamlar səslənməkdədir. “Okuklu Holding”in sahibi Yılmaz Okuklu Musavat.com-a açıqlamasında bildirib ki, şirkətinə qarşı səsləndirilən ittihamlar əsassızdır və heç bir qonşu sahəyə müdaxilə edilməyib:

“Biz kimsənin torpağına, əmlakına müdaxilə etməmişik və belə bir niyyətimiz də yoxdur. “Kristal” şirkəti bizim sərhədlərə yaxın ərazidə tikintiyə hazırlaşır. Ağır texnikanın işləməsi nəticəsində anbarımızın dəmir lövhədən olan divarı zədələnmişdi. Məcbur olub içəridən bərkitmə işləri apardıq. Guya bizim anbarın ərazisini genişləndirməyə cəhd etməmiz, guya əlavə kompensasiya almaq məqsədi güdməmiz də absurddur. 2013-cü ildən bu yana anbarımızın sərhədinin dəyişmədiyini göstərən peyk çəkilişləri də ortadadır. Gəlib baxsınlar, görsünlər ki, hər hansı bir anbar genişlləndirməsindən söhbət getmir”.

Yılmaz Okuklu qeyd edib ki, şirkətin mülkiyyət sənədləri (“kupça”ları) mövcuddur və hər kəs gəlib onlarla tanış ola bilər: “Əgər “Kristal” bizim mülkiyyətimizi almaq istəyirsə, bunun yolu danışıq və razılaşmadır. 4 ildir ərazidədirlər, indiyədək bizə heç bir rəsmi təklif olunmayıb”.

Məsələ ilə bağlı ötən gün “Kristal” şirkətinin mətbuat xidməti də Musavat.com-a açıqlama verib. Şirkət bildirir ki, ərazidə qanunsuz tikinti cəhdi qeydə alınıb:

“Şirkətimizə məxsus ərazidə bir qrup şəxs tərəfindən gizli şəkildə tikinti (gecəqondu) işlərinin aparılmasına cəhd göstərilib. Məqsəd anbar daxilində tikintini yekunlaşdırıb dam örtüyü ilə bağlamaq və gələcəkdə şirkətimizə qarşı maddi tələblər irəli sürmək olub”.

Açıqlamada o da qeyd olunur ki, müdaxilə zamanı şirkət əməkdaşlarına qarşı fiziki təzyiq göstərildiyi iddia olunur və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, fevralın 8-də səhər saatlarında Nərimanov rayonu ərazisində tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış şəxslər arasında insident baş verib: “Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Beləliklə, hazırda tərəflər qarşılıqlı ittihamlar səsləndirir və məsələ hüquqi müstəvidə araşdırılır. Mübahisənin torpaq sərhədi problemi olması istintaqın nəticəsindən sonra dəqiqləşəcək.

E. MƏMMƏDƏLİYEV
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR