İnsanlara hürriyət, millətlərə istiqlal!

Blokadadan geosiyasi mərkəzə: Zəngəzur dəhlizi böyük dəyişikliklərə yol açır

Naxçıvanın gələcək inkişafı artıq yalnız muxtar respublikanın sosial-iqtisadi potensialı ilə məhdudlaşmır. Qarşıdakı mərhələdə qədim diyarın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının bərpası, Zəngəzur dəhlizinin reallaşması, enerji imkanlarının genişləndirilməsi və beynəlxalq tranzit marşrutlarına inteqrasiyası Naxçıvanın regiondakı strateji çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

Uzun illər blokada şəraitində yaşayan Naxçıvan indi tamamilə fərqli perspektivlə üz-üzədir. Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvanın Şərq-Qərb, Şimal-Cənub və Türkiyə istiqamətləri üzrə mühüm nəqliyyat qovşağına çevrilməsi gözlənilir. Bu isə muxtar respublikanı sadəcə tranzit ərazidən yük qəbul edən, emal edən və yenidən paylayan regional iqtisadi mərkəzə çevirəcək.

Naxçıvanın uzun illər davam edən blokada şəraitindən çıxaraq Azərbaycanın və bütövlükdə regionun mühüm geosiyasi, logistika və enerji mərkəzinə çevrilməsi prosesi artıq dönməz mərhələyə daxil olub?

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a bildirdi ki, bu proses Naxçıvanı sırf inzibati-təsərrüfat vahidindən regional əhəmiyyətli logistika qovşağına çevirir: “Zəngəzur dəhlizi (TRIPP) işə düşdükdən sonra Naxçıvan eyni zamanda üç nəqliyyat oxunun kəsişməsində olacaq. Şərq-Qərb dəhlizinin (Orta Dəhliz) bir qolu, Şimal-Cənub dəhlizinin Culfa üzərindən İrana ikinci xətti, həmçinin Türkiyəyə birbaşa çıxış deməkdir. Bu, Naxçıvanı ötürücü ərazidən aktiv iştirakçı mərkəzə çevirəcək. Yəni yalnız yük keçən deyil, yük yaradan, emal edən və yenidən paylayan məkan olacaq.

Bunun praktiki nəticələri yeni iş yerləri, logistika və anbar infrastrukturunun inkişafı, sənaye parkının ixrac potensialının artması və turizm axınının güclənməsi olacaq. Dəhlizin ilk növbədə Naxçıvanın Azərbaycanla nəqliyyat əlaqəsini təmin edəcəyi və bu çox mühüm geosiyasi əhəmiyyət daşıyacaq. Paralel olaraq beynəlxalq maliyyə strukturları (o cümlədən ABŞ-ın TRIPP+ fondu) da bölgəyə diqqətini artırıb, bu isə Naxçıvanın maliyyələşdirmə baxımından da diqqət mərkəzinə düşdüyünü göstərir”.

Naqif Həmzəyev — Vikipediya

Deputat diqqətə çatdırdı ki, ən nəzərəçarpan irəliləyiş enerji infrastrukturunda müşahidə olunur: “100 faiz qazlaşma, artan Günəş və su enerjisi potensialı, yeni istilik stansiyası layihəsi buna misaldır. Bunlar Naxçıvanı təkcə özünü təmin edən deyil, gələcəkdə enerji ixrac edə biləcək bölgəyə çevirir. Sənaye Parkının yaradılması da işsizliyin azaldılması baxımından strateji addımdır. İkinci güclü istiqamət nəqliyyat və şəhər infrastrukturunun inkişafıdır. Elektrik avtobusları, yeni rayonlararası marşrutlar, yol tikintisi əsas nəzərə çarpan yeniliklərdir. Zəif tərəf kimi turizm infrastrukturu (mehmanxana bazasının məhdudluğu) idi ki, bu istiqamətdə də addımlar (beşulduzlu mehmanxana) atıldı. Ümumilikdə, layihələr ardıcıl və bir-birini tamamlayan xarakter daşıyır. Enerji təhlükəsizliyi əsas götürülüb, onun üzərində sənaye və nəqliyyat inkişafı qurulub”.

N.Həmzəyevin sözlərinə görə, 2020-ci il İkinci Qarabağ müharibəsi və ondan sonrakı üçtərəfli bəyanat, 44 günlük müharibənin işğala son qoymaqla yanaşı, illərdir təcrid şəraitində qalan Naxçıvanın geosiyasi taleyində əsaslı dönüş yaratdı: “2025-ci il avqustun 8-də Vaşinqton zirvə görüşü və TRIPP çərçivə sazişinin imzalanması, ABŞ-ın vasitəçi və maliyyələşdirici qismində prosesə qoşulması da prosesə böyük dəstək oldu. Naxçıvanın anklav statusu 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi ilə yaranıb. Bu, Azərbaycanı öz ərazisinin ayrılmaz hissəsi olan Naxçıvandan quru yolla ayırıb, Zəngəzur adı isə rəsmən xəritələrdən silinməyə çalışılıb. Dəhlizin açılması, bu mənada, əsasən infrastruktur məsələsi kimi təqdim olunsa da, tərəflərin çoxusu üçün həm də tarixi-simvolik yük daşıyır. Rusiya-Ukrayna və digər regional münaqişələr ənənəvi tranzit marşrutlarını riskli edib, bu da Orta Dəhliz (və onun tərkib hissəsi kimi Zəngəzur/TRIPP) marşrutunun cəlbediciliyini artırıb. Qeyd etmək lazımdır ki, bu proses hələ tam yekunlaşmayıb və beynəlxalq müstəvidə həssas məsələ olaraq qalır. Ermənistan cəmiyyətində “Zəngəzur dəhlizi” ifadəsi narahatlıq doğurur, müxalifət bunu tez-tez ərazi güzəşti kimi tənqid edir. İran isə suverenlik və sərhəd toxunulmazlığı əsasında öz narahatlıqlarını dilə gətirir. Yəni layihənin sürəti həm Bakının qətiyyətindən, həm də bölgə və qlobal aktorların (ABŞ, Rusiya, İran) maraqlarının tarazlanmasından asılı olaraq davam edir. Ancaq, bu layihə mütləq reallaşacaq.
Quru yol əlaqəsinin bərpası nəticəsində Azərbaycanın əsas hissəsi ilə birbaşa, üçüncü ölkə nəzarətindən asılı olmayan dəmir yolu və avtomobil yolu bağlantısı mümkün olacaq. (194 km-lik yeni dəmiryol seqmenti).

Günəş enerjisi potensialının (500-1000 MVt) Türkiyə, İran və perspektivdə Avropa istiqamətində reallaşdırılması üçün ötürücü infrastrukturun genişlənməsi imkanını yaradacaq. TRIPP Company adlı birgə müəssisənin dəmir yolu, avtomobil yolları, neft-qaz kəmərləri və fiber-optik kabel infrastrukturunun inkişafı üçün hüquqlar əldə etməsi nəzərdə tutulur, yəni təkcə nəqliyyat deyil, energetika və rəqəmsal bağlantı da genişlənəcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR