Onlayn ictimai-siyasi qəzet
Bu gün ABŞ-nin Yaponiyanın Xirosima şəhərinə atom bombası atmasından 81 il ötür. Bu müddət ərzində bombardmanın qurbanlarının siyahısı artmaqda davam edib. Yaponiya hakimiyyətinin son açıqlamasına görə, ötən bir il ərzində daha 4 393 nəfərin adı rəsmi siyahıya əlavə olunub və atom bombardmanının qurbanlarının ümumi sayı 353 639 nəfərə çatıb. Hər il avqustun 6-da yenilənən bu siyahı radiasiyanın illər, hətta onilliklər sonra da insan həyatına təsir göstərdiyini bir daha nümayiş etdirir.
Xirosima və Naqasakiyə atılan atom bombaları təkcə II dünya müharibəsinin deyil, bəşəriyyət tarixinin də dönüş nöqtələrindən biri hesab olunur. Bu hadisələr nüvə silahı dövrünün başlanğıcını qoyub və onun yaratdığı humanitar fəlakətin miqyasını bütün dünyaya göstərib.

1945-ci ilin iyulunda ABŞ Nyu-Meksiko ştatında keçirilən "Trinity" sınağı zamanı tarixdə ilk nüvə partlayışını həyata keçirib. Uğurlu sınaqdan cəmi üç həftə sonra isə yeni silah ilk dəfə döyüş şəraitində tətbiq olunub. Avqustun 6-da ABŞ hərbi hava qüvvələrinə məxsus B-29 "Enola Gay" bombardmançısı Xirosima üzərinə təxminən 13 kiloton gücündə "Little Boy" atom bombasını atıb. Üç gün sonra isə "Bockscar" bombardmançısı Naqasakiyə plutonium əsaslı "Fat Man" bombasını səmadan buraxıb.
Tarixçilərin fikrincə, Xirosima təsadüfən seçilməyib. Şəhər mühüm hərbi-logistika mərkəzi olmaqla yanaşı, müharibə dövründə digər iri şəhərlərlə müqayisədə daha az bombardmana məruz qalıb. Bu isə yeni silahın dağıdıcı təsirini daha aydın qiymətləndirməyə imkan verib. Naqasaki isə əvvəlcə əsas hədəf olmayıb. Əməliyyat günü hava şəraiti səbəbindən bombardmançı təyyarə ilkin hədəf olan Kokura üzərində missiyanı yerinə yetirə bilmədiyi üçün ehtiyat hədəf kimi Naqasakiyə istiqamətləndirilib.

Partlayış nəticəsində Xirosimanın böyük hissəsi bir neçə saniyə ərzində dağılıb. Minlərlə bina yerlə-yeksan olub, on minlərlə insan isə elə ilk anlarda həyatını itirib. Sağ qalanların xatirələrində ən çox təkrarlanan məqamlardan biri partlayış zamanı yaranan gözqamaşdırıcı işıq və ardınca gələn dağıdıcı zərbə dalğasıdır. Şahidlərin sözlərinə görə, şəhər cəmi bir neçə saniyə ərzində alov və tüstü içində görünməz hala gəlib.

Bombardmandan dərhal sonra Xirosimada “qara yağış” adlandırılan nadir meteoroloji hadisə baş verib. Atmosferə qalxan kül, his, torpaq və radioaktiv hissəciklər yağış damcıları ilə qarışaraq qara rəng alıb. Bu yağış təkcə şəhər mərkəzinə deyil, ətraf yaşayış məntəqələrinə də yağıb və radiasiyanın daha geniş əraziyə yayılmasına səbəb olub. Sonrakı illərdə həmin ərazilərdə yaşayan minlərlə insanda müxtəlif onkoloji və digər ağır xəstəliklər qeydə alınıb. Şəhərin tamamilə məhv olduğu düşünülsə də, həyat yenidən öz axarına qayıtmağa başlayıb. Partlayışdan sonra Xirosimada 170-dən çox ağac yenidən cücərib. Bu ağaclar bu gün "hibaku jumoku" – yəni atom bombardmanından sağ qalan ağaclar kimi qorunub və həyatın davamlılığının rəmzi hesab edilib. Bombardmandan təxminən bir il sonra dağıntılar arasında açan ilk çiçəklərdən biri oleandr olub və sonradan şəhərin rəsmi gülü seçilib.

Faciənin ən təsirli insan hekayələrindən biri Sadako Sasakiyə məxsusdur. Bombardman zamanı iki yaşı olan Sadako illər sonra radiasiyanın təsirindən yaranan leykemiyaya tutulub. O, yapon əfsanəsinə inanaraq sağalmaq ümidi ilə min kağız durna hazırlamağa başlayıb. Sadakonun hekayəsi zamanla bütün dünyada sülhün və nüvə silahlarının ləğvi çağırışlarının simvoluna çevrilib. Atom bombasının yaratdığı güclü istilik daş pilləkənlərdə, divarlarda və digər səthlərdə insanların siluetini xatırladan "atom kölgələri" yaradıb. Bu izlər insan bədəninin istilik şüalarının təsirini qismən kəsməsi nəticəsində əmələ gəlib və bu gün də nüvə silahının dağıdıcı gücünü xatırladan ən təsirli izlərdən hesab olunub.

Bombardmandan sağ çıxan insanlar – "hibakuşa"lar – yalnız radiasiyanın uzunmüddətli təsirləri ilə deyil, həm də cəmiyyətdə ayrı-seçkiliklə üzləşiblər. Uzun illər bir çox insan onların gələcək övladlarında da radiasiyanın fəsadlarının görünəcəyindən ehtiyat edərək hibakuşalarla ailə qurmaqdan və ya onları işə götürməkdən çəkinib.
Bu gün Xirosima tamamilə yenidən qurulmuş müasir şəhərdir. Hər il avqustun 6-da burada keçirilən anım mərasimində dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edir, atom bombardmanının qurbanları yad olunur və nüvə silahlarından azad dünya çağırışları səsləndirilir.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ