Onlayn ictimai-siyasi qəzet
Bu gecə UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün Liqa mərhələsində son turun qarşılaşmaları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” İngiltərənin nəhəng klubu “Liverpool”un qonağı olacaq.
Musavat.com xəbər verir ki, görüş İngiltərənin məşhur “Enfild” stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qarşılaşmanı Slovakiyadan olan FIFA referisi İvan Krujlyak idarə edəcək.
Çempionlar Liqasının cari mövsümündə stabil çıxış edən “Liverpool” hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Arne Slotun rəhbərlik etdiyi kollektiv bu oyunda qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə birbaşa vəsiqəni təmin edəcək. Uduzacağı halda belə, play-off mərhələsinə yüksəlmə şansı yuxarıdır.
İngilis klubunun heyətində müəyyən itkilər də var. Müdafiəçilər Joe Gomez və İbrahima Konatenin matçda iştirakı sual altındadır. Baş məşqçi Arne Slot oyunöncəsi açıqlamasında komandasından daha keyfiyyətli və balanslı oyun gözlədiyini bildirib.
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində hazırda 18-ci yerdədir. Bu görüş Ağdam təmsilçisi üçün böyük əhəmiyyət daşıyır. Qurban Qurbanovun komandası səfərdən xal və ya xallarla qayıdacağı halda play-off mərhələsinə yüksəlcək. Komandamız uduzsa da, digər oyunların nəticəsindən asılı olaraq növbəti mərhələyə keçə biləcək.
Qeyd edək ki, bu, “Qarabağ” və “Liverpool” klubları arasında ilk rəsmi qarşılaşmadır.
Matça maraq kifayət qədər böyükdür. Məlumatlara görə, təxminən 1300 Azərbaycan azarkeşi oyunu canlı izləmək üçün Bakudan İngiltərəyə səfər edib. Bu gecə bütün Azərbaycanın ürəyi “Qarabağ”la döyünəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və müxtəlif yerli və xarici telekanallar vasitəsilə canlı yayımlanacaq. Azərbaycanın İctimai Televiziyası matçı yayınlayacaq.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ