Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler ölkənin Avropa İttifaqına qayıtmasını yenidən siyasi gündəmə gətirib. O hesab edir ki, London qarşıdakı on il ərzində islah edilmiş Aİ-yə yenidən üzv olmağı strateji məqsəd kimi müəyyənləşdirməlidir.
Musavat.com xarici agenntliklərə istinadən xəbər verir ki, bu barədə “The Telegraph” yazıb. Toni Bler Qlobal Dəyişikliklər İnstitutunun sentyabrın 24-də yayımladığı yeni hesabatda da Britaniyanın Aİ-yə qayıtmaq istiqamətində fəaliyyət göstərməsi açıq şəkildə təklif olunur.
Bler baş nazir Endi Börnhemi ölkənin Avropa İttifaqına qayıtması üçün konkret plan hazırlamağa çağırıb.
Keçmiş baş nazirin fikrincə, Britaniya Aİ ilə münasibətlərdə indiyədək mövcud olmuş “qırmızı xətlər”dən, o cümlədən vahid bazar, gömrük ittifaqı və insanların sərbəst hərəkəti məsələlərində əvvəlki sərt mövqedən imtina etməlidir.
Bler bununla belə Britaniyanın istənilən şərtlə Aİ-yə qayıtmasını təklif etmir. Onun fikrincə, söhbət ciddi şəkildə islah edilmiş Avropa İttifaqından getməlidir.
“Biz Aİ ilə yenidən formal münasibətlərə qayıtmaq istədiyimizi açıq şəkildə bildirməliyik. Amma bu, inandırıcı islahat yolunda olan Avropa, milli dövlətlərin Avropası və həqiqi qlobal gücə çevrilə bilən Avropa olmalıdır”, – deyə Bler bildirib.
Keçmiş baş nazir hesab edir ki, Britaniyanın Aİ-yə tədricən yaxınlaşaraq hər addımda ictimai rəyin nə qədər irəli getməyə imkan verdiyini ölçməsi düzgün strategiya deyil. Əvəzində London uzunmüddətli məqsədini əvvəlcədən müəyyən etməlidir.
Bler İnstitutunun hesabatında Aİ-yə qayıdışın Britaniyanın nəzərdə tutulan 10 illik strategiyasının əsas elementlərindən birinə çevrilməsi təklif edilir.
Sənəddə Londonun Avropa İttifaqı daxilində iqtisadi artımın sürətləndirilməsi və miqrasiya üzərində daha effektiv nəzarətin yaradılmasını istəyən qüvvələrlə əməkdaşlıq etməsi də tövsiyə olunur.
Bler hesab edir ki, Britaniya eyni zamanda öz iqtisadiyyatını gücləndirməlidir. Bu, Londonun gələcək danışıqlardakı mövqeyini möhkəmləndirməli və Aİ tələb olunan islahatlara getməsə, ölkənin müstəqil qalmağa hazır olduğunu göstərməlidir.
Hesabat Britaniyanın üzvlük məsələsinin həllini gözləmədən Aİ ilə texnologiya, enerji və müdafiə sahələrində daha sıx əməkdaşlığa başlamasını da təklif edir.
Sənəddə insanların sərbəst hərəkəti məsələsində də güzəştlərin mümkünlüyü nəzərdə tutulur. Londonun Aİ ilə bu sahədə “islah edilmiş yanaşma” barədə danışıqlar aparması təklif edilir.
Baş nazir Endi Börnhem isə çərşənbə axşamı gələcək Leyboristlər Partiyası seçki proqramında Aİ-yə qayıdış vədinin yer alması ehtimalını istisna etməyib. O, bundan əvvəl də Britaniyanın öz sağlığında yenidən Avropa İttifaqının üzvü olmasını görmək istədiyini söyləmişdi.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ