İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu müharibələrin Cənubi Qafqaza yayılması ehtimalı mövcuddur – ŞOK XƏBƏRDARLIQ

2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur. Bu rəqəm 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud təxminən 1,1 faiz çoxdur. Azərbaycan heç bir dövlətlə müharibə vəziyyətində deyil. Azərbaycan Ermənistanla sülh quruculuğunu davam etdirir. Buna baxmayaraq, Azərbaycanın hərbi xərclərini hər il artırmasının bir neçə səbəbi var.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoliq Elxan Şahinoğlu bunu Musavat.com-a, Azərbaycanın 2027-ci il dövlət büdcəsindəki hərbi xərclərlə bağlı açıqlamasında bildirdi. Ekspert hərbi xərclərin artırılmasının səbəbləri barədə bunları söylədi: “Birincisi, Azərbaycan Ermənistanda sülh quruculuğunu davam etdirsə də, qonşu ölkədə radikal siyasi qüvvələr var və onlar Azərbaycan ərazi bütövlüyü əleyhinə açıqlamalar verirlər. Bu qüvvələr Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədəki vəziyyəti yenidən gərginləşdirə bilər. Azərbaycanın hərbi büdcəsini artırmasında məqsədlərindən biri həmin qüvvələrə mesajdır. Mesajın mənası budur ki, Azərbaycanla müharibəyə başlamaq istəsələr, yenə məğlub olacaqlar. Azərbaycanın artan hərbi büdcəsi hesabına ordumuz gücləndirilir və hərbi texnika istehsalı genişləndirilir. Ermənistanın hərbi büdcəsi Azərbaycanın hərbi büdcəsindən dəfələrlə azdır. Bu səbəbdən Azərbaycan hərbi büdcəsini azalda bilməz”.

Digər səbəb barədə danışarkən E.Şahinoğlu bölgədə davam edən müharibələrə diqqət çəkdi: “Azərbaycanın şimal qonşusu Rusiya Ukrayna ilə müharibə aparır, cənub qonşusu İran isə ABŞ ilə müharibə vəziyyətindədir. Bu müharibələrin müxtəlif bölgələrə, o cümlədən Cənubi Qafqaza yayılması ehtimalı mövcuddur. Rusiya və İrandakı müxtəlif siyasi qüvvələr müstəqil siyasi yürüdən və Türkiyə, o cümlədən ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri quran Azərbaycanın siyasətini tənqid edirlər. Azərbaycan qonşuları ilə əməkdaşlığa çalışır və müharibələrin əleyhinədir. Buna baxmayaraq, Rusiya və İrandakı siyasi və mühafizəkar qüvvələr bilməlidirlər ki, Azərbaycanın güclü ordusu və müasir hərbi texnikası var. Güclü ordunu saxlamaq və müasir hərbi texnikaya malik olmaq üçün isə hərbi xərcləri üst səviyyədə olmalıdır. Hərbi hava qüvvələri və havadan müdafiə sistemləri böyük maliyyə resursu tələb edir. Sülh istəyirsənsə, müharibəyə də hazır olmalısan”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR