Onlayn ictimai-siyasi qəzet
Avstraliyanın Sidney şəhərində yerləşən fransız üslublu Metro St James kafesi qeyri-adi kampaniyası ilə diqqət çəkib. Xüsusi günlərdə səhər saat 09:00-dan 11:00-dək kafeyə gələn cütlüklər sifarişlərinin hesabını pul və ya bank kartı ilə deyil, öpüşlə ödəyə bilirlər. Lakin bunun üçün bir şərt var: öpüş səmimi olmalıdır.
Musavat.com xəbər verir ki, ilk baxışda adi kafe təsiri bağışlayan Metro St James müəyyən saatlarda müştərilərinə fərqli təcrübə təqdim edir. Kampaniya çərçivəsində cütlüklər garsonların qarşısında bir-birini öpərək sifariş etdikləri qəhvə və şirniyyatın hesabını ödəmədən kafedən ayrıla bilirlər.
Ancaq hər öpüş bu imkandan yararlanmaq üçün kifayət etmir. Kafenin qaydalarına görə, sadəcə pulsuz qəhvə əldə etmək məqsədilə edilən süni və səmimiyyətsiz öpüşlər qəbul olunmur. Kampaniyadan yalnız sevgisini və romantik münasibətini səmimi şəkildə ifadə edən cütlüklər yararlana bilər.
“Partnyorunu öp, qəhvə və şirniyyatını pulsuz əldə et” şüarı ilə diqqət çəkən bu kampaniyanın sosial şəbəkələrdə maraq doğurduğu bildirilir.
Məqalədə qeyd olunur ki, oxşar konsepsiyalar dünyanın müxtəlif ölkələrindəki kafe və restoranlarda da Sevgililər Günü kimi xüsusi tarixlərdə tətbiq edilir.
Belə kampaniyaların qarşıdakı Sevgililər Günündə də təkrarlanacağı gözlənilir. Bununla belə, Metro St James kafesində kampaniyanın konkret tarixləri və hazırda qüvvədə olub-olmaması barədə məlumat verilməyib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ