Onlayn ictimai-siyasi qəzet
Nəsimi Rayon Məhkəməsində "MedAura" klinikasında rinoplastika əməliyyatı zamanı 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevaya hökm elan olunub.
Məhkəmənin hökmünə əsasən, hər iki təqsirləndirilən şəxs 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da qismən təmin edib. Bildirilib ki, təqsirləndirilən şəxslərin istintaq dövründə ödədikləri məbləğ nəzərə alınıb. Nəticədə Yaqub Əsədidən əlavə 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutularaq zərərçəkmişə ödənilməsi qərara alınıb.
Xatırladaq ki, hadisə ötən il aprelin 30-da Bakıda yerləşən "MedAura" klinikasında baş verib. Rinoplastika – burun estetikası əməliyyatı etdirmək üçün klinikaya müraciət edən 34 yaşlı Nigar Budaqlı əməliyyat zamanı komaya düşüb.
İstintaq materiallarına görə, tibbi müdaxilə zamanı baş verən ciddi pozuntular nəticəsində qadın ağır sağlamlıq problemi ilə üzləşib və hazırda yataq xəstəsidir.
Hadisədən sonra zərərçəkmişin anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib. Aparılan araşdırmaların nəticəsində estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva cinayət məsuliyyətinə cəlb olunublar.
Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi – səhlənkarlığın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması maddəsi ilə ittiham irəli sürülmüşdü. İstintaq dövründə hər iki həkimin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
E.Məmmədəliyev,
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ