Onlayn ictimai-siyasi qəzet
44 günlük Vətən müharibəsində Cəbrayıl istiqamətində həlak olan erməni hərbçi Albert Hovhannisyanın İrəvandakı qraffitisi silinib.
Musavat.com xəbər verir ki, söhbət artilleriyaçı Albert Hovhannisyanın İrəvandakı “Qələbə” parkının girişinin yaxınlığında divara çəkilmiş portretindən gedir.
Erməni mediasının məlumatına görə, qraffitinin silinməsi müzakirələrə səbəb olub. İrəvan meriyası isə görüntünün qəsdən silinmədiyini, bunun ərazinin abadlaşdırılması və təmizlənməsi işləri zamanı baş verdiyini açıqlayıb.
Hadisədən sonra Albert Hovhannisyanın atası Artak Hovhannisyanla məsələ müzakirə edilib. İrəvan merinin mətbuat katibi Cülyetta Azaryanın sözlərinə görə, görüş zamanı hərbçinin xatirəsinin hansı formada qorunub saxlanılması ilə bağlı konseptual yanaşmalar nəzərdən keçirilib.
Meriya Albert Hovhannisyanın xatirəsinin saxlanılması üçün “ən yaxşı həll yolunun” tapılacağını bildirib.
Albert Hovhannisyan 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olub. Onun artilleriya qurğusunun yanında çəkilmiş fotosu həmin dövrdə Ermənistan mediasında geniş yayılmışdı.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ