Onlayn ictimai-siyasi qəzet
Fevralın 24-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri-Elnur Məmmədov və Robert Abisoğomonyan arasında BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüş reallaşdı. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda bu görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların məntiqi davamı kimi qiymətləndirilir.
Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirdi ki, Cenevrədə BMT İnsan Hüquqları Şurasının sessiyası çərçivəsində baş tutan bu görüş, formal olaraq “çoxtərəfli platforma” kontekstində təqdim edilsə də, mahiyyət etibarilə Bakı ilə İrəvan arasında siyasi dialoqun texniki səviyyədə davam etdirilməsi kimi qiymətləndirilə bilər: "Nazir müavinlərinin iştirakı təsadüfi deyil. Bu səviyyə həm mövqelərin sərt ritorikadan kənar, daha praktik müstəvidə müzakirəsinə imkan yaradır, həm də liderlər və xarici işlər nazirləri səviyyəsində aparılan təmasların “işçi mexanizmini” formalaşdırır. İnsan hüquqları gündəliyinin seçilməsi isə tərəflərin beynəlxalq hüquq, humanitar məsələlər və post-münaqişə reallıqları fonunda öz arqumentlərini qlobal auditoriyaya çatdırmaq istəyi ilə bağlıdır.
Etimad quruculuğu tədbirlərinin müzakirəsi xüsusi diqqət çəkir. Bu anlayış adətən humanitar jestlər, saxlanılan şəxslərlə bağlı məsələlər, məlumat mübadiləsi, sərhəd insidentlərinin azaldılması mexanizmləri və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı əhatə edir. Əgər bu istiqamətdə konkret addımlar atılarsa, bu, sülh müqaviləsi üzrə danışıqlara əlavə impuls verə bilər. Lakin real nəticə üçün siyasi iradənin yalnız bəyanat səviyyəsində deyil, praktik addımlar şəklində ortaya qoyulması vacibdir. Cenevrə görüşü daha çox prosesin davam etdiyini göstərən siqnal xarakteri daşıyır; əsas məsələ isə bu siqnalın real siyasi nəticəyə çevrilib-çevrilməyəcəyidir".
Cavanşir Abbaslı
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ