Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbir keçirilib.
Musavat.com xəbər verir ki, tədbir Mərkəzin eyni mövzu üzrə təşkil etdiyi məqalə müsabiqəsinin yekun mərhələsi çərçivəsində baş tutub.
BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidovun moderatorluğu ilə keçirilən tədbirin əsas məqsədləri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların müzakirəsi, Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyinin təhlili, gənc tədqiqatçıların elmi-analitik fəaliyyətinin təşviqi olub.
Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəz tərəfindən mütəmadi olaraq təşkil edilən məqalə müsabiqələrinin əhəmiyyətindən danışıb. O, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını və Azərbaycanın bu prosesdə lider rolunu oynadığını vurğulayıb.
“Azərbaycan hazırkı sülh gündəliyinin müəllifidir. Ölkəmizin Ermənistandan gözləntiləri və haqlı tələbləri dəyişməyib. Qərb mediasında Azərbaycanın Ermənistanda Konstitusiya dəyişikliyi və referendum məsələlərinə daha yumşaq yanaşmalı olduğu ilə bağlı çağırışlar səslənsə də, bu narrativlər sülh gündəliyinə xidmət etmir. Azərbaycanın milli maraqlarına əsaslanan sülh gündəliyi həm regional sabitliyə, həm də ümumi təhlükəsizliyə töhfə verir.
Uzunmüddətli perspektivdə Ermənistanda fərqli siyasi qüvvələrin hakimiyyətə gəlməsi mümkündür. Bu baxımdan, Konstitusiya dəyişikliyi məsələsinə Ermənistan xalqının referendum yolu ilə münasibət bildirməsi vacibdir”, - deyə F.Şəfiyev əlavə edib.
BMTM-in şöbə müdiri Mətin Məmmədli müasir dövrdə elmi-analitik düşüncənin dövlətlərin xarici siyasətinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, regional təhlükəsizlik arxitekturası sürətlə dəyişir və yeni geosiyasi reallıqlar meydana çıxır:
“II Qarabağ müharibəsindən sonra sülh gündəliyinin formalaşması Azərbaycanın milli maraqlara əsaslanan düşünülmüş və ardıcıl diplomatiyası nəticəsində mümkün olub. Sülh olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Keçmişin qarşıdurma və revanşist narrativlərinə qayıdış isə sülh gündəliyinə ciddi zərbə vurur. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan həm dövlət, həm də cəmiyyət olaraq sülhə hazırdır və regionda sabitliyin möhkəmlənməsində maraqlıdır. Bununla yanaşı, ölkəmiz öz milli təhlükəsizliyinə yönələn istənilən təhdidi neytrallaşdırmaq potensialına malikdir”.
Ermənistanda keçirilmiş seçkilərin nəticələrinə toxunan Milli Məclisin deputatı Qaya Məmmədov bundan sonra atılmalı addımlara diqqət çəkib. O bildirib ki, regionda sülh gündəliyini müəyyən edən tərəf Azərbaycan olub və prosesin hazırkı mərhələyə çatması Azərbaycanın töhfələridir:
“Ermənistan cəmiyyəti referendum vasitəsilə Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Bu, siyasi-hüquqi zərurətdir. Azərbaycan tərəfindən həm siyasi-diplomatik müstəvidə, həm də sülh sazişinin imzalanmasını gözləmədən mümkün olan sahələrdə praktik əməkdaşlıq imkanlarının yaradılması istiqamətində addımlar atılıb. Müəyyən tranzit imkanları formalaşdırılıb. Bununla Azərbaycanhökuməti göstərib ki, o, təkcə siyasi bəyanatlar səviyyəsində deyil, praktik müstəvidə də sülhə hazırdır”.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Ermənistandakı parlament seçkiləri regionda gedən geosiyasi rəqabəti və müxtəlif aktorların maraqlarını açıq şəkildə nümayiş etdirdi:
“Seçkilər zamanı üç əsas aktorun maraqlarını müşahidə etdik: Rusiya, Qərb və Azərbaycan. İlk iki aktor seçki prosesinə müdaxilə göstərdi və bunu açıq şəkildə ifadə etdi. Azərbaycan isə daha təmkinli yanaşma sərgilədi. Bu da onunla bağlıdır ki, regionda sülh platformasını formalaşdıran tərəf məhz Azərbaycan olub. Prezident İlham Əliyevin irəli sürdüyü bu yanaşma sonradan Paşinyan hökumətinin siyasi gündəliyində də öz əksini tapdı. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin sülh gündəliyinə dəstək verməsi göstərir ki, regionda sabitlik və əməkdaşlıq ideyaları getdikcə daha çox qəbul olunur. Paşinyan hökuməti isə əlində olan siyasi və hüquqi mexanizmlərdən istifadə etmək üçün kifayət qədər siyasi iradə nümayiş etdirməlidir. Etimad quruculuğu baxımından beynəlxalq təcrübə də mühüm əhəmiyyət daşıyır. Məsələn, Fransa və Almaniya arasında uzunmüddətli barışıq prosesində gənclərin birgə akademik fəaliyyətləri xüsusi rol oynayıb. Oxşar yanaşmalar Azərbaycan və Ermənistan arasında da tətbiq oluna bilər”.
Tədbirin sonunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqənin nəticələrinə əsasən, Nərmin İsmayılovanın “Vaşinqton Sülh Bəyannaməsi regional sülh və əməkdaşlıq yolunda mühüm mərhələ kimi” mövzusunda araşdırması I yerə layiq görülüb. Nəzrin Qasımovanın “2020-ci il Vətən Müharibəsinin və 2023-cü il antiterror tədbirlərinin Cənubi Qafqaz üçün siyasi, iqtisadi və sosial nəticələri” mövzusunda araşdırması II yerə, Aysel Səmədovanın “Əlaqəlilik sülh strategiyası kimi: Zəngəzur Dəhlizi və Cənubi Qafqazda regional geosiyasətin transformasiyası” mövzusunda araşdırması isə III yerə layiq görülüb.
Qeyd edək ki, BMTM-in artıq ənənəyə çevrilmiş məqalə müsabiqələrinin əsas məqsədi ölkənin strateji gündəliyinə uyğun mövzular üzrə gənc tədqiqatçıların elmi hazırlıq səviyyəsinin yüksəldilməsini təşviq etmək, həmçinin akademik dairələr, ictimaiyyət nümayəndələri və media təmsilçiləri arasında interaktiv fikir mübadiləsi üçün platforma yaratmaqdır.
Nigar Həsənli
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ